İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün həlledici həftə - gözlər Alyaskada

Trampla Putinin görüşündən sonra atəşkəs gözləntisi var, ancaq hansı qiymətə?

ABŞ lideri Donald Tramp Ukraynada müharibəni dayandırmaq üçün bu həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini mümkün sayıb. Görüş yeri kimi Alyaskanın adı çəkilir. Tramp həmçinin Zelenskinin də görüşə qatılacağını anons edib.

Bu ərəfədə Ağ Ev başçısı həm Kiyevə ərazi güzəştləri, həm də Ukraynanın bəzi hissələrinin Rusiyaya verilməsini təklif edib. Sitat: “Siz 3 il yarım ərzində döyüşən rusların, ukraynalıların öldüyü bir əraziyə baxırsınız. Buna görə də biz buna baxırıq, amma həqiqətən istədiyimiz bir ərazini geri almaq və onu dəyişdirməkdir. Bu, mürəkkəbdir. Bu, o qədər də sadə deyil. Bu, çox mürəkkəbdir. Amma biz hər iki tərəfin qarşılıqlı faydası üçün ərazi dəyişikliyi təklif edəcəyik”.

Söhbət Donetsk və Luqanskın yerdə qalan ərazilərindən  Ukrayna ordusunun, rusların isə Xerson və Zaporojyedən çıxmasından gedir.

“Çox güman ki, atəşkəs razılaşması çərçivəsində Ukrayna və Rusiya ərazi mübadiləsi aparmalı olacaq”.

Bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

Bundan əlavə, Uitaker Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin Alyaskada keçiriləcək görüşünə qatılıb-qatılmaması ilə bağlı sualı cavablandırarkən bunun mümkün olduğunu deyib.

Lakin Ukrayna prezidenti Volodimir Zelenseki Rusiya ilə atəşkəs anlaşması üçün ölkə ərazisinin bazarlıq predmeti olmasına razılıq verməyəciyini bildirib. Onu bu məsələdə Avropa liderləri (Britaniya, Almaniya, İtaliya, Fransa) də dəstəkləyib.

ABŞ-dakı Müharibənin Tədqiqi İnstitutu (ISW) isə xəbərdarlıq edib ki, Donbasın təslim edilməsi Rusiyaya yenidən Xarkova hücum etmək üçün şərait yaradacaq. Analitiklərin qənaətinə görə, Donbasın itirilməsi rus qoşunlarına illərlə döyüşmədən mövcud müdafiə xəttini yarmaq, Xarkov vilayətinin sərhədlərinə çatmaq və İzyum istiqamətindən Xarkova hücuma keçmək imkanı verəcək. ISW bildirir ki, Rusiya, Ukrayna üçün ciddi nəzarət mexanizmləri və təhlükəsizlik zəmanətləri nəzərdə tutulmadığı halda, demək olar ki, istənilən atəşkəsi pozacaq.

Ancaq bu fonda məlumat yayılıb ki, Rusiya Donetsk və Luqansk ərazilərindən Ukrayna qüvvələrinin tam çıxarılması müqabilində Zaporojye və Xerson bölgələrindən imtina etməyəcək. Bu barədə “The Washington Post”a danışıqların gedişi ilə tanış olan anonim mənbə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfinin Zaporojye və Xerson bölgələrində hücumları dayandırmaq təklifi ABŞ prezidenti xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən yanlış anlaşılıb. O, guya bu təklifi qoşunların geri çəkilməsi ilə bağlı olduğunu düşünüb.

Almaniyanın WELT nəşri isə yazıb ki, Rusiya mümkün sülh danışıqları çərçivəsində Dneprin şərqindəki Ukrayna ərazilərinin tamamilə “demilitarizasiyasını” tələb edə bilər. Bildirilir ki, bu, Ukrayna raketlərinin Moskvaya çata bilməməsi üçün Rusiyaya lazımdır.

Ekspertlərə görə, münaqişənin həlli prosesi tərəflər arasındakı fundamental fikir ayrılıqları səbəbindən aylarla, bəlkə də illərlə uzana bilər. Müəlliflər həmçinin vurğulayır ki, belə bir ssenarinin həyata keçirilməsi Ukraynanı faktiki olaraq əsas ərazilərdə hərbi əməliyyatlar aparmaq imkanından məhrum edəcək. Bəs atəşkəs baş tutacaqmı və hansı şərtlərlə? Qarabağla bağlı presedentin (Bişkek protokolu) təkrarlanması mümkünmü, yoxsa müharibə hələ davam edəcək?  

Qabil Hüseynli səhhətindən danışdı: Yoldaşım müalicə edir

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli deyir ki, hazırkı mərhələdə ABŞ üçün əsas məqsəd müharibəni dayandırmaq təşəbbüsünü öz adına yazmaq və həm daxili, həm də beynəlxalq arenada təşəbbüsü ələ almaqdır: “Lakin bu təşəbbüsün içində Ukrayna suverenliyi prinsipinə zidd şərtlərin olması artıq Avropa paytaxtlarında ciddi narahatlıq yaradır. Burada Vaşinqtonla Berlin-Paris-London xətti arasında taktiki fikir ayrılığı aydın görünür. Avropa Ukraynanı bazarlıq obyekti kimi görmək istəmir. Tramp və Uitakerin təklif etdiyi Donetsk-Luqansk əvəzində Zaporojye-Xerson” formulu kağız üzərində cazibədar görünə bilər. Amma Donbasın itirilməsi Rusiyaya yeni hücum koridorları açır, Xarkov istiqamətində strateji üstünlük yaradır. Yəni bu, yalnız ərazi itkisi deyil, həm də Ukraynanın müdafiə konsepsiyasının çökməsi deməkdir".

Politoloq qeyd edib ki, Rusiya hərbi-siyasi mədəniyyətinə baxsaq, imza atılmış atəşkəs heç vaxt son söz olmayıb: “2014-cü il Minsk razılaşmaları imzalandı. Bu səbəbdən zəmanətsiz razılaşma, əslində, Moskvanın nəfəs dərməsi üçün operativ pauza funksiyası daşıya bilər. Bu gün görünən odur ki, Rusiya kompromis niyyəti yoxdur. Kreml Zaporojye və Xersondan çıxmağı qəti istəmir. Əksinə, Dneprin şərq sahilinin tam demilitarizasiyası kimi yeni tələb irəli sürməklə öz mövqeyini sərtləşdirir. Bu, faktiki olaraq Ukraynanın hərbi imkanlarını radikal şəkildə məhdudlaşdırmaq cəhdidir. Əgər bu tələb qəbul edilərsə, Kiyev Dneprin şərqində yalnız simvolik suverenlik saxlayacaq”.

Politoloq qeyd edib ki, 1994-cü ildə imzalanan Bişkek protokolu Qarabağda atəşkəsi təmin etsə də, bu, əslində münaqişəni dondurmaqdan başqa bir şey olmadı, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmadı: “26 il sonra müharibə yenidən başladı. Ukrayna üçün belə bir ”dondurma" ssenarisi,  xüsusilə Donbasın verilməsi ilə Rusiyanın gələcək hücumları üçün zəmin yaradacaq. Fərq ondadır ki, Qarabağ münaqişəsi regional xarakter daşıyırdı, Ukrayna müharibəsi isə qlobal güclərin qarşıdurma meydanıdır. Burada hər atəşkəs sənədi böyük geosiyasi blokların razılığı ilə yaşaya bilər və bu bloklardan biri tərəflərdən birinin düşmənidir. Hazırda Ukrayna müqavimət kursunu Avropa dəstəkləyir deyə Zelenski güzəştləri qəbul etmir. Ona görə də münaqişənin həllində Qərbin Ukraynaya dəstəyinin tempi kritik amil olacaq".

Politoloq deyib ki, Ukraynaya faktiki diktə edilən şərtlər, faktiki zorakı sülh daxili siyasi böhrana gətirib çıxara bilər: “Alyaska danışıqlarında atəşkəs sözü çox səslənə bilər. Amma bu sülh hansı qiymətə olacaq? Əgər qiymət Ukraynanın suverenliyi və strateji müdafiə imkanları olacaqsa, bu, sülh deyil, yeni müharibənin təməlidir. Avqustun 15-də Alyaskada keçiriləcək Tramp-Putin görüşü sülh sammiti adlandırılsa da, əslində bu, qlobal güclərin öz maraqlarını hesabladığı bazarlıq görüşü olacaq. Ukraynanın gələcəyi barədə qərarlar masada müzakirə olunsa da, Kiyevin maraqları ikinci planda qalır. Burada heç kim ukraynalının gələcəyini düşünmür. Trampın yer mübadiləsi təklifi beynəlxalq hüququ aradan qaldırır. Bu presedent qəbul olunsa, sabah güclü dövlətlər zəifi zorlayıb torpağını alacaq, sonra baş verənlərin adına diplomatiya deyəcəklər. Avropa liderləri əvvəl atəşkəs, sonra masa təklifini irəli sürərkən anlayırlar ki, baş verənlər təkcə Ukrayna üçün yox, bütün qitə üçün təhlükədir. İstənilən halda, Ukraynanın iştirakı olmadan imzalanan sənəd kağız parçasıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR