Onlayn ictimai-siyasi qəzet
EUMA-nın geri çağırılması həm hüquqi zərurət, həm də siyasi məsuliyyətdir
Ermənistan Azərbaycanla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanan bəyannamə çərçivəsində, sülh sazişinin VII maddəsinin icrasına dair konkret öhdəlik götürüb. Bu öhdəlik yekun sülh sazişi imzalanana qədər tam icra olunmalıdır. Məsələ ondadır ki, sözügedən maddədə tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməsi, eyni zamanda delimitasiya və demarkasiya prosesi başa çatana qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin qorunması məqsədilə yalnız qarşılıqlı razılaşdırılmış tədbirlərin həyata keçirilməsi açıq şəkildə göstərilir.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin VII maddəsini şərh edərkən bildirib. Deputat Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının (EUMA) mövcudluğuna diqqət çəkib:
“EUMA, rəsmi sənədlərdə Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası (European Union Mission in Armenia) kimi təqdim olunur və Avropa İttifaqı Şurasının 23 yanvar 2023-cü il tarixli qərarı ilə yaradılıb. Missiyanın əsas vəzifəsi, müvafiq sazişdə iddia olunduğu kimi, guya “Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfini izləmək, risklərin azaldılmasına və sabitliyə töhfə verməkdən ibarət olub”. Lakin faktiki fəaliyyət Ermənistanın siyasi maraqlarına dəstək verməklə, bölgədə balansın pozulmasını hədəfləyən addımlar atmaqla müşayiət olunub. Bu mənada sülh sazişinin VII maddəsi Ermənistan üçün xüsusi öhdəlik yaradır. Çünki bu maddə hər hansı üçüncü qüvvənin, o cümlədən EUMA-nın sərhəd bölgələrində yerləşməsini istisna edir. Ermənistanın həmin missiyanın mövcudluğunu saxlamaq niyyəti isə imzalanmış bəyannamənin ruhuna və mətninə ziddir. Xatırladaq ki, Avropa İttifaqı Şurası 2025-ci ilin fevralında missiyanın fəaliyyət müddətini uzadaraq 2027-ci ilin fevralına qədər qalması barədə qərar qəbul edib. Lakin Ermənistan 8 avqust 2025-ci il tarixli bəyannamə ilə missiyanı vaxtından əvvəl geri çağırmaq öhdəliyini götürüb. Bu, siyasi cəhətdən iki vacib nəticəni ortaya qoyur. Birincisi, Ermənistan beynəlxalq öhdəliklərini yalnız Avropa İttifaqı ilə deyil, ABŞ Prezidentinin bilavasitə iştirakı ilə qəbul edib və bu, məsələni təkcə regional yox, həm də qlobal siyasi gündəmin mövzusu edir. Sülh sazişinin VII maddəsi tərəflərin qarşılıqlı olaraq, sərhədə üçüncü tərəfin hər hansı qüvvəsini yerləşdirməməsini nəzərdə tutur, həmçinin delimitasiya-demarkasiya tamamlanana qədər qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirlərinin həyata keçirilməsini tələb edir. Vaşinqton görüşündən sonra Avropa İttifaqı da əldə olunan razılaşmanı və sazişin paraflanmasını alqışlayıb. Bu isə Aİ-nin, dolayısıyla missiyanın fəaliyyətinə vaxtından əvvəl son qoyulması ilə bağlı Ermənistan hökumətinin siyasi baxımdan normal yanaşacağını təsdiqləyir. Hüquqi baxımdan isə Aİ-nin Ermənistan hökumətinin öz ərazisi ilə bağlı hər hansı bir suveren qərarına etiraz etmək səlahiyyəti yoxdur. Qeyd edim ki, Avropa İttifaqı missiyasının statusu haqqında sazişin 19-cu maddəsində bildirilir ki, missiyanın fəaliyyətinə tərəflərin yazılı razılaşması ilə dəyişiklik etmək və ya missiyanın fəaliyyətinə xitam vermək mümkündür. Bu, vaxtından əvvəl xitam üçün açıq hüquqi mexanizmdir”.
E.Mirzəbəyli missiyanın fəaliyyətinə xitam verilməsi proseduruna aydınlıq gətirib: “Bunun üçün Ermənistan hökumət səviyyəsində, sazişin VII maddəsinin icrası çərçivəsində missiyanın mövcudluğu ilə bağlı vaxtından əvvəl xitam verilməsi ilə bağlı qərar qəbul etməli, bununla bağlı Aİ-yə rəsmi müraciət ünvanlamalı və missiyanın statusu haqqında sazişin 19.4-cü maddəsinə istinadla, yazılı şəkildə missiyanın fəaliyyətinə xitam verilməsi qərarını xitam tarixi də qeyd olunmaqla Aİ-yə təqdim etməlidir. Bundan sonra isə Aİ Şurası missiyanın fəaliyyətinə erkən xitam verilməsi ilə bağlı qərar qəbul etməlidir. Sülh sazişinin VII maddəsi sərhəd boyu üçüncü tərəf mövcudluğunu istisna etdiyi üçün, missiyanın vaxtından əvvəl geri çağırılması həm siyasi öhdəlik, həm də hüquqi zərurətdir. Beləliklə, Ermənistan üçün seçim açıqdır. İrəvan ya Avropa İttifaqı ilə əldə edilmiş razılaşmanı əsas gətirərək missiyanın mövcudluğunu qoruyub saxlamalı, bununla da sülh prosesini və beynəlxalq etimadı sarsıtmalı, ya da 8 avqust bəyannaməsində götürdüyü öhdəliyə əməl edərək missiyanı vaxtından əvvəl geri çağırmalıdır. Bu seçim Ermənistanın sülh prosesinə nə dərəcədə sadiq olduğunu və beynəlxalq öhdəliklərinə hansı səviyyədə hörmətlə yanaşdığını göstərən əsas amil kimi qəbul olunacaq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ