Onlayn ictimai-siyasi qəzet
Rusiyada adam öldürdükdən sonra gizli yolla Ukraynaya qaçan, bir müddət də orada yaşadıqdan sonra Azərbaycana qayıdan şəxsin cinayətinin üstü 10 il sonra açılıb.
Musavat.com xəbər verir ki, 35 yaşlı Yaşar Həsənov 24 yaşında işləmək üçün Rusiyanın Tula vilayətində yaşayan həmyerlilərinin yanına gedib.
Orada olarkən o, dostları vasitəsi ilə Vicay Cəbrayıllı adlı şəxslə tanış olub. Yaşar dostları ilə söhbətində Vicay adlı şəxsdən xoşunun gəlmədiyini, problemli adam olduğunu deyib. Lakin ortaq dostlarına görə Vicayla məclislərdə tez-tez görüşüblər. Vicay orada taksi sürücüsü kimi çalışırmış.
Vicayla Yaşar arasındakı mübahisə üçüncü azərbaycanlı- Abdula görə baş verir. Vicay Yaşara deyib ki, Abdul onun arxasınca xoşagəlməz sözlər danışır. Yaşar Abdulla məsələni aydınlaşdıran zaman Vicayın yalan danışdığını öyrənir. Buna görə də aralarında mübahisə yaranır. Əvvəlcə Vicay Yaşarı döyür. Növbəti görüş zamanı Yaşar qisas məqsədi ilə Vicayı bıçaqlayaraq qətlə yetirir.
Hadisədən sonra qaçaq yolla Ukraynaya gedən Yaşar orada sosial şəbəkədə tanış olduğu xanımla yaşayır. Yaşar 2014-cü ildə Azərbaycana gəlmək qərarı verir. Maraqlıdır ki, bu müddət ərzində onun barəsində həbs qərarı olmur. 2021-ci ilə qədər problemlə üzləşməyən Yaşar Azərbaycanda narkotik istifadəçisi kimi tutulur. 4 il cəza alan Yaşar həbsxanada olan zaman onun barəsində beynəlxalq axtarış elan edildiyi məlum olur. Rusiya hüquq-mühafizə orqanları onun barəsində olan cinayət işini Azərbaycan hüquq-mühafizə orqanlarına təqdim edir. Yaşar törətdiyi qətlə görə 2025-ci ildə Azərbaycanda hakim önünə çıxarılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar 9 il 6 ay azadlıqdan məhrum edilib.
Yaşar əməlindən peşiman olduğunu desə də mərhumun atası onu bağışlamayıb. Hüquqi varis kimi tanınan ata Yaşara daha ağır cəza verilməsini istəyib.
İ.Muradov
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ