Onlayn ictimai-siyasi qəzet
İrəvan Şanxay Əməkdaşlıq Təşkilatına(ŞƏT) tamhüquqlu üzv olmaq arzusunu ifadə edib. Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.Nazirlik bəyan edib ki, ölkə ŞƏT-in fundamental prinsiplərini bölüşür. Bu, ərazi bütövlüyü, güc tətbiq edilməməsi və sərhədlərin toxunulmazlığına aiddir.
Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Ermənistanın ŞƏT-ə üzv olmaq niyyətini alqışlayıb. O deyib ki, bu niyyət o deməkdir ki, İrəvan yola Rusiya ilə davam etdməkdə qərarlıdır. “Əgər Ermənistan qərar veribsə ki, Rusiya ilə getməyə davam etmək daha rahatdır, bu da bizim üçün də prioritetdir və Ermənistan daxilində anti-Rusiya hərəkətlərini təşviq etməyə yönəlmiş hərəkətlər daha olmayacaq", - Vodolatski bildirib.
O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və komandası son vaxtlar Avropa yolunu və dəyərlərini seçərək Rusiyadan uzaqlaşmağa çalışır. Vodolatski xatırladıb ki, eyni zamanda Rusiya ŞƏT-də aparıcı rollardan birini oynayır. "Ola bilsin ki, son bir neçə gündə Ermənistan rəhbərliyinin fikir və hərəkətlərində dəyişikliklər olub və onlar ərizə vermək qərarına gəliblər və ŞƏT-ə üzv olmaq istədiklərini bəyan ediblər", - deputat izah edib.
Başqa mənbələr isə Ermənistan ŞƏT-ə üzv olmaq arzusunu Çinlə yaxınlaşmaq istəyi ilə izah edirlər. Belə ki, ötən ay xarici işlər naziri Ararat Mirzoyan çinli həmkarının dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.
Səfər zamanı ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq və regional məsələlərlə bağlı geniş spektrli məsələlər müzakirə edilib. İkitərəfli münasibətlər kontekstində həmsöhbətlər müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi sayəsində əldə olunan mühüm nəticələri məmnunluqla qeyd ediblər. Yüksək səviyyəli siyasi dialoq, iqtisadiyyat, infrastruktur layihələri və humanitar əməkdaşlığı əhatə edən strateji tərəfdaşlığın qurulması da daxil olmaqla daha geniş və əhatəli gündəliyin birgə formalaşdırılması üçün siyasi iradənin mövcudluğunu vurğulayıblar.
Ermənistan və Çin diplomatiya rəhbərləri qarşıdan gələn yüksək səviyyəli təmaslar, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə toxunublar. Məhz həmin səfər zamanı A.Mirzoyan ŞƏT-ə üzvlüklə bağlı Ermənistanın mövqeyini çatdırıb.
Xatırladaq ki, Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, İran və Belarus ŞƏT-in üzvləridir. Müşahidəçi dövlətlər Əfqanıstan və Monqolustandır. Dialoq üzrə tərəfdaşlar Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lankadır.
Məlumdur ki, Azərbaycan Çinlə əlaqələri fəal şəkildə inkişaf etdirir, ona görə də İrəvanın ayaqlaşmağa çalışması başadüşüləndir.
Qeyd edək ki, iyulun 14-15-də Tianjin şəhərində ŞƏT-in xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Musavat.com
06 Iyul 2025
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ