İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa narkotik bəlası ilə bağlı çağırış etdi

Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. 

Musavat.com xəbər verir ki, spiker əvvəlcə Vatikana və İspaniyaya səfərləri ilə bağlı deputatları məlumatlandırdı.

Daha sonra cari məsələlərlə bağlı çıxışlar başladı. Komitə sədri Fazil Mustafa ən ciddi problemlərdən birinə diqqət çəkdi. Bildirdi ki, bu günlərdə Yasamal rayonu ərazisində vətəndaşların ictimailəşdirdiyi kadrlar əsasında narkotik ilə məşğul olan şəxslər ifşa olundu.

Deputat qeyd etdi ki, vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanda yalnız hüquq mühafizə orqanlarının səyləri ilə narkomaniya ilə effektiv mübarizə aparmaq çətin olacaq. “Mən hansısa narkotik istifadəçisinin həbsinin də tərəfdarı deyiləm, onlar müalicə olunmalıdır”, deyən F.Mustafa belə şəxslərin həbsinin həbsxanadakı digər məhbusların da zərərli vərdişlərə mübtəla olmasına səbəb ola biləcəyini vurğuladı.

Qeyd etdi ki, narkotik satışının çökdürülməsi üçün bütün vətəndaşlar səfərbər olunmalıdır. Millət vəkilinin sözlərinə görə, ilk növbədə məktəblərin ətrafında ola biləcək satış mexanizmlərini ifşa etmək lazımdır. “Doğrudan da ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniya ilə bağlıdır”, F.Mustafa əlavə etdi.

Spiker Sahibə Qafarova deputatın fikirlərini təqdir edərək, bu məsələ ilə bağlı sosial şəbəkələrdə fəal olmağı zəruri saydı.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR