İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəvvarələr Meydanında qanunsuz “paparatsilər” qalmaqalı – tanınmış memarın şikayətinə DİN-dən cavab gəldi

Bakının mərkəzində — Fəvvarələr Meydanında yeni qalmaqal yaşanıb.

Musavat.com bildirir ki, tanınmış memar, professor Elçin Əliyev sosial şəbəkə hesabında yazaraq qeyd edib ki, Fəvvarələr Meydanında, bir qrup fotoqraf yoldan keçən vətəndaşların icazəsi olmadan şəkillərini çəkir və sonra bu fotoları onlara “məcburi şəkildə” satmağa çalışır.

Memarın sözlərinə görə, bu fəaliyyət artıq təkcə narahatlıq doğurmur, həm də ciddi hüquqi və etik suallar yaradır.

"Bu gün gənc qızlar zorla təqdim olunan xidmətdən imtina edərək fotoların silinməsini tələb edəndə, orada yaranan səs-küylü qarşıdurmanın şahidi oldum," — deyə memar yazır.

O əlavə edib ki, təxminən iki ay əvvəl bu barədə aidiyyəti orqanlara məlumat versə də, görünür, bu qanunsuz fəaliyyətin arxasında yerli məmurlardan kiminləsə razılaşdırılmış əlaqə mövcuddur:

“Fotoqraflar əvvəl yalnız gecələr, kiçik qruplar halında meydana çıxırdılarsa, indi isə gündüzlər belə, polisin gözü qarşısında hərəkət edirlər”.

Əliyev qeyd edib ki, bu vəziyyət vətəndaşların şəxsi məkanına və hüquqlarına açıq-aşkar müdaxilədir: “Şəxsən mən istəməzdim ki, mənim və yaxınlarımın şəkilləri kimininsə şəxsi kolleksiyasında, ya da kommersiya məqsədilə istifadə edilsin”.

Elçin Əliyevin bu şikayətinə rəsmi reaksiya da gecikməyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan məlumatla bağlı artıq araşdırmalara başlanılıb, tədbir görüləcək.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

20 May 2025

BÜTÜN XƏBƏRLƏR