Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Fransaya sığınmış AXCP Rəyasət Heyətinin üzvü, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı yazıçı Kəramət Böyükçölə qarşı kəskin ittihamlarla dolu geniş yazı paylaşıb.
Fuad Qəhrəmanlı yazısında Kəramət Böyükçölün Əli Kərimliyə yönəlik tənqidlərini “qərəzli və sifarişli” adlandıraraq bildirib: “Əli Kərimlini tənqid etmək olarmı? Bəli, əsaslandırılmış arqumentlərə söykənən tənqidə bizim etirazımız yoxdur. Amma illərlə repressiyalara, təzyiqlərə baxmayaraq, hələ də mübarizə aparan bir lideri, bir ‘müqavimət adasını’ qoruyan siyasətçini məqsədsiz və arqumentsiz hücumlarla hədəf almaq, sadəcə, ədalətsizlikdir.”
AXCP funksioneri vurğulayıb ki, Əli Kərimlinin liderliyi sayəsində Azərbaycanda real müxalifət hələ də mövcuddur: “Repressiyanın qılıncının dalı da, qabağı da kəsdiyi bir şəraitdə hələ də təslim olmayan, mübarizə aparan müxalifət varsa, bu, Əli Kərimlinin liderlik keyfiyyətlərinin nəticəsidir. Belə bir şəraitdə onu tənqid edənlər arqumentsiz görünür və qərəzlərini gizlədə bilmirlər.”
Qəhrəmanlı daha sonra Kəramət Böyükçölü “hakimiyyətin Əli Kərimliyə qarşı yaratdığı yandaşlıq mühitinə xidmət etməkdə” ittiham edib: “Əgər bu gün Əli Kərimlinin interneti kəsilib, qərargahı partladılıb, tərəfdarları həbsdədirsə, amma sən şəhərin mərkəzində avtobusda oturub kitab sata bilirsənsə, bu, sadəcə ‘hakimiyyətin fərqli münasibətidir’. Həmin münasibət də qarşılıqsız deyil.”
Fuad Qəhrəmanlı yazısını “ədəbiyyatın xarakter işi olduğunu” vurğulayaraq bitirib: “Yazıçılıq təkcə mətn yazmaq deyil, həm də xarakter məsələsidir. Əgər yazıçı hakimiyyətin əlində müxalifətə qarşı alətə çevrilirsə, bu, ədəbiyyat deyil.”
Musavat.com xəbər verir ki, yazıçı Kəramət Böyükçöl Fuad Qəhrəmanlının bu ittihamlarına sərt və açıq dildə cavab verib. O, Fuad Qəhrəmanlını “yalan danışmaqda və öz keçmişini unutmaqda” ittiham edib: “Fuad Qəhrəmanlı mənim haqqımda bir yazı yazıb. Daha doğrusu, yazı deyil. Yenə şlanqını alıb əlinə, başlayıb öz feysbuk profilini sulamağa. Dediklərinin mahiyyəti də bundan ibarətdir ki, Kəramət hökumətin sifarişi ilə Əli Kərimlini tənqid edir.”
Kəramət bildirib ki, Əli Kərimlini heç vaxt tənqid etməyib, amma bunu etmə haqqına malikdir: “Mən Əli Kərimlini heç vaxt tənqid etməmişəm. Bir-iki dəfə replika atmışam, vəssalam. Amma tənqid eləyə də bilərəm. Əli Kərimli göydən-zaddan düşməyib ki, ona söz demək olmasın.”
O, daha sonra Fuad Qəhrəmanlının şəxsi həyatına və keçmişinə işarə edib: “Fuad, mən səni hələ 15 il bundan qabaqdan tanıyıram. Keçmiş həyat yoldaşın Zümrüd Yağmur Kəmaləddin Heydərovun maliyyələşdirdiyi saytda işləyirdi. Sən də hər səhər bahalı maşınla Zümrüd xanımı gətirib düşürürdün, sonra gedirdin Əli Kərimlinin yanına hakimiyyətlə mübarizə aparmağa.”
Kəramət daha da irəli gedərək Fuad Qəhrəmanlının 2020-ci ildə yayılan səs yazısına istinad edib: “O səs yazısında deyirdin ki, ‘mənim hakimiyyətin içində Naxçıvan klanı ilə əlaqələrim var, mən özüm gələcəm hakimiyyətə’. Bax, məhz sənin kimi adamlara görə AXCP-ni Ramiz Mehdiyevlə əlaqələndirirlər.”
Yazıçı həmçinin Qəhrəmanlının mühacirətini ironiya ilə tənqid edib: “Əgər AXCP-nin hakimiyyət perspektivi varsa, niyə Fransaya mühacirətə getmisən? Oturmusan orda, yazırsan ki, bu gün-sabah AXCP hakimiyyətə gəlir. Camaatı şlanqına sarımısan?”
Kəramət Böyükçöl tənqidlərə emosional tonla nöqtə qoyub: “İt zülmü ilə kitab sata-sata özümə balaca bir avtobus almışam. Gözləyirəm ki, biri gəlib 15 manat verib kitab alsın. Siz isə utanmadan danışırsınız ki, hakimiyyət Kəramətə avtobus alıb. Mən ilahi ədalətə inanıram. Əxlaqdan uzaq olan adamlar siyasətdə heç vaxt uğur qazanmayacaq.”
Bu qarşılıqlı ittihamlar sosial şəbəkələrdə geniş rezonans doğurub. İstifadəçilər iki cəbhəyə bölünüb, şərhlərdə bir-birinə tənqidlər, təhqirlər yağdırırlar.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ