İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyə qalxan əllər və səssiz göz yaşı - REPORTAJ

Ziyarət, dua, nəzir... xalqın ruhani dayağına çevrilən məkan

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncədə yerləşən İmamzadə türbəsi yalnız memarlıq abidəsi deyil – bu müqəddəs məkan həm də insanların inamla sığındığı, dua etdiyi, ümid bağladığı bir ünvan kimi yaşayır.

Musavat.com-un əməkdaşı xalqın bu ocağa axın etdiyi günlərdən birində türbəni ziyarət edib.

Hələ uzaqdan türbənin göyə ucalan mavi günbəzi görünür. İçəriyə doğru addım atanda ilk diqqət çəkən – sükut və təmkin içində dua edən insanlar, pilləkənlərdə nəzir qoyan qadınlar və nəzir qutularına pul salan yaşlı kişilərdir. Buranın başqa bir dünyası var – şəhərin səsindən, tələsik həyatından fərqli bir mühit...

Türbənin girişində ayaqqabılarını çıxarıb içəri daxil olan ziyarətçilər orada dua edir, bəziləri öz arzusunu pıçıldayır, kimisi göz yaşlarını gizlədə bilmir. “Bura gələndə içim sakitləşir”, – deyə 47 yaşlı Xədicə xanım bizə yaxınlaşıb deyir: “Oğlumun səhhətində problem var idi, burada dua etmişdim. O gündən bəri hər həftə bura gəlib seyidlərin məzarı başında bir şam da olsa yandırıram”.

Məscid ərazisində nəzir-niyaz verənlərin sayı da az deyil. Kimi şam yandırır, kimi qurban niyyəti ilə gəlir, kimisi isə sadəcə ürəyindən keçəni Allaha çatdırmaq üçün türbənin divarlarına baş qoyur. Bəziləri əl açıb dua edir, kimisi Quran oxuyur. Gənclər, yaşlılar, uşaqlı ailələr – hər kəsin bu məkanla bir bağları var.

İmamzadənin xidmətçilərindən biri – illərdir burada çalışan Hacı deyir: “Bu yer təkcə Gəncə üçün yox, bütün Azərbaycan üçün mühüm ziyarətgahdır. Hətta İrandan, Gürcüstandan, Rusiyadan da ziyarətə gələnlər olur. Buranın havası da, halı da fərqlidir”.

İmamzadənin həyətində kiçik satış yeri fəaliyyət göstərir. Burada Quran kitabları, təsbeh, dini suvenirlər satılır. Ətrafda insanlara çay təklif edən könüllülər var, bəziləri isə könüllü şəkildə təmizlik işlərinə kömək edir.

Ziyarətgah təkcə dua, nəzir yeri deyil – həm də insanların bir-biri ilə tanış olduğu, dərdlərini paylaşdığı, bəzən isə toy, ad günü kimi sevincli hadisələrə niyyət etdiyi yerdir.

Günortaya doğru türbədə qələbəlik artır. Dualar səmaya yüksəlir, şamlar yanır, diləklər pıçıldanır... Gəncə İmamzadə türbəsi bu anlarda sadəcə bir ibadətgah deyil – xalqın ruhani güc mərkəzinə çevrilir.

Şahanə Rəhimli,
Musavat.com,
Fotolar müəllifindir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR