Onlayn ictimai-siyasi qəzet
“Bəziləri elə düşünürdü ki, zaman keçdikcə, xüsusən də son iki ildə (antiterror əməliyyatından sonra - red.) cəmiyyət Qarabağın itirilməsi ilə barışacaq. Digərləri isə bunun əksinin olacağı fikrini müdafiə edirdilər. Çünki cəmiyyət ağır travmalar keçirəndə zaman ötdükcə o, tədricən sağalmağa və özünə inamını bərpa etməyə başlayır”.
“Yeni Müsavat” xəbər verir ki, bu haqda Ermənistandakı radikal-revanşist və faşist “Ayakve” hərəkatının bəyanatında deyilir.
Bəyanatda həmçinin iddia olunur: “Lakin dövri sorğular cəmiyyətdə Qarabağın itirilməsinin müvəqqəti olduğuna, Ermənistanın daha da güclənəcəyinə və Qarabağı geri alacağına inamın get-gedə artdığını üzə çıxarıb. Əvvəlcə 80%, sonra 82%, ardınca 85%, bu ilin iyul ayına olan məlumata görə isə respondentlərin 91%-i bu fikirdədir”.
Bu arada baş nazir Nikol Paşinyan ötən həftəsonu öz soydaşlarını bir daha “real Ermənistan”la kifayətlənməyə çağırıb: “Ermənistanın gələcəyini beynəlxalq səviyyədə tanınmış sərhədləri, 29 743 kvadrat kilometr ərazisi olan dinc, demokratik və hüquqi dövlət kimi təsəvvür edirəm. Xəyali vətən axtarışını dayandırmalıyıq, çünki Ermənistan Respublikası bizim xəyallarımızın, arzularımızın vətənidir. Başqa vətən axtarmağa ehtiyac yoxdur. Vətən arzusunda olanda onu itiririk və artıq arzumuza çatdığımızı anlayanda sakitləşib, diqqətimizi tapşırığa yönəldirik”.
Ermənistanda belə sorğular (91%) nə dərəcədə etibarlıdır və gerçək ictimai ovqatı əks etdirirmi? İstənilən halda növbəti parlament seçkilərində bu suala aydınlıq gələcək: erməni cəmiyyəti “dəmir yumruq” üçün, yoxsa böyük sülh üçün darıxır? Nəhayət, Paşinyan hökuməti Bakı ilə sülh müqaviləsinə mane olan revanşistləri ictimai dəstəkdən məhrum edə biləcəkmi?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, bu cür “rəy sorğuları” Ermənistanda revanşist dairələrin özlərinə təsəlli verməkdən başqa bir şey deyil: “Zaman keçdikcə Ermənistanda Qarabağın nə vaxtsa qaytarılacağına inananların guya sayca çoxalması barədə deyilən fikirlər absurddur. Əksinə, müşahidələr göstərir ki, Paşinyanın "Qarabağ problemi Ermənistanın dövlət kimi inkişafının qarşısını almaq və onu boğmaq üçün düşünülmüş bir plan idi" tezisi erməni cəmiyyətinə get-gedə daha çox sirayət etməkdədir. Ermənistan cəmiyyəti getdikcə daha çox anlayır ki, həqiqətən 30 ildə Azərbaycan torpaqlarının işğalda saxlanması, əsassız torpaq iddiaları Ermənistan dövlətini məhv olmaq təhlükəsinə gətirib çıxarmaqdan başqa heç bir nəticə vermədi". Onun sözlərinə görə, erməni cəmiyyəti dövlətin qarşısında açılmış yeni imkanları görməyə başlayır: “Anlayır ki, bu yeni imkanlar məhz Azərbaycana aid olan keçmiş Dağlıq Qarabağın Azərbayacan tərəfindən azad edilməsi ilə açılıb. Ona görə də Ermənistanda hansısa bir təşkilatın sorğu keçirərək Ermənistan cəmiyyətinin düşüncələri ilə bağlı yaydığı rəqəmlər saxta görüntüdür. Məqsəd həm də Ermənistan cəmiyyətini yenidən ruhlandırmaq, işğalçılığa, müharibəyə həvəsləndirmək və bu dalğanın üstündə hakimiyyətə qayıtmaqdır. Əslində bu cür "sorğular" hakimiyyəti yenidən qamarlamaq üçün revanşist dairələrin çox ucuz gedişlərindən biridir".
Siyasi şərhçi qeyd etdi ki, bu cür sorğuların siyasətdə hansı texnologiyalardan xəbər verdiyini yaxşı bilirik: “Belə "sorğuları" keçirən mərkəzlər getdikcə Ermənistan siyasətində öz mövqelərini itirmək xofunun təsiri altındadırlar. Onlar mövqelərini itirdikcə, belə mənasız siyasi texnologiyalara daha çox əl atacaqlar. Hətta görəcəksiniz ki, bir müddətdən sonra Ermənistan əhalisinin guya 100 faiz hamısının Qarabağın qaytarılması uğrunda guya mübarizəyə başlamaq tərəfdarı olduğu barədə qondarma “rəy sorğusu” paylaşacaqlar. Paşinyan xalqı uçuruma doğru aparmağa cəhd edən qondarma təşkilatlar la bağlı sərt tədbirlərə əl atmalıdır".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ