Onlayn ictimai-siyasi qəzet
Bu gün Qroznıda Vladimir Putin adına yeni rayonun ilkin açılışı keçirilib. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, açılış mərasimində Çeçenistan rəhbəri Ramzan Kadırov və Rusiya baş nazirinin müavini Aleksandr Novak iştirak ediblər.
Kadırov 30 çoxmənzilli binadan ibarət olacaq rayondan danışıb: "Bu gün biz ilk növbədə binaları açır və 330 min kvadratmetrdən çox yaşayış sahəsini istifadəyə veririk. Bu, geniş küçələri və rahat həyətləri olan müasir yaşayış məhəlləsidir. Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xadji Kadırov Qroznını çox sevirdi və onu gözəl görmək arzusunda idi. Və bu gün onun komandası bu arzuları həyata keçirir."
Verilən məlumata görə, gələcəkdə yeni məhəllədə altı məktəb, doqquz uşaq bağçası, dörd idman kompleksi, iki mədəniyyət evi, üç dini bina, ictimai yerlər və bütün lazımi kommunal xidmətlərə malik digər sosial obyektlər tikiləcək, 9 hektarlıq yaşıllıq parkı salınacaq. Bütün rayon 300 hektar ərazini tutur və 150.000 sakinin yerləşməsi üçün nəzərdə tutulub.
Novak isə bildirib ki, rayonun Putinin şərəfinə adlandırılması çox rəmzidir: “O, 2004-cü ildə Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Xadji Kadırovla birlikdə hərbi hadisələrdən sonra Çeçenistan Respublikasının paytaxtını bərpa etmək qərarına gələn şəxsdir. Bu tapşırıq ardıcıl olaraq həyata keçirilir".
Kadırovun sözlərinə görə, o, Putini 2027-ci ildə bütün kompleksin açılışına dəvət etmək niyyətindədir: "Biz onu dəvət etməkdən məmnunuq və səbirsizliklə gözləyirik. 2027-ci ildə rayon tam açılanda biz onu dəvət edəcəyik və ümid edirik ki, gələcək”.
Maraqlıdır ki, açılış mərasimi axşam saatlarında, qaranlıq düşəndən sonra keçirilib.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ