İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsil krediti alanlar geri ödəyə bilmir - səbəblər

Mütəxəssisin fikrincə, kredit sistemi gəlirə əsaslanan qaydada yenidən tənzimlənməlidir

“Təhsil krediti ilə oxuyan məzunların 65 faizinin geri ödəməsi başlayıb. 35 faiz şəxsin geri ödəmə dövrü başlasa da, ödənişlərdə gecikmələr var”.

Bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov deyib.

Onun sözlərinə görə, təhsil krediti ilə oxuyan məzunların 5890 nəfəri, yəni 44.16 faizi işləyir. 7447 nəfəri, başqa sözlə, 55.84 faizi işsizdir. İşsizlərin arasında 2023/2024-cü və 2024\2025-ci tədris ilinin məzunları da var və onların 2 il güzəşt dövrü davam edir.

Niyə krediti geri ödəyə bilmirlər, məvacib azlığı, yoxsa?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, kredit borcunun qaytarılması prosesində sosial təminat mexanizmləri yetərli deyil: “Təhsil krediti sistemi hər bir gəncin sosial vəziyyətindən asılı olmayaraq ali və orta ixtisas təhsili almaq imkanlarını genişləndirmək məqsədi daşıyır. Bu, sosial ədalətin təminində və insan kapitalının inkişafında mühüm addımdır. Lakin hazırda məzunların əhəmiyyətli hissəsinin təhsil kreditlərini geri qaytara bilməməsi həm iqtisadi, həm də struktur problemləri üzə çıxarır. Təhlil göstərir ki, əsas səbəblər əmək bazarının məzunların ixtisaslarına uyğun gəlməməsi, məvaciblərin azlığı və gəlirə əsaslanmayan ödəniş mexanizminin tətbiqidir. Təhsil krediti alan gənclərin çoxu təhsili bitirdikdən sonra əmək bazarında öz ixtisasına uyğun iş tapa bilmir və ya tapdığı işin aylıq maaşı borcu ödəməyə imkan vermir. Dövlət Statistika Komitəsinin 2024-cü il hesabatına əsasən, ali təhsil müəssisələrini bitirən gənclərin orta aylıq gəliri 720 manat civarındadır. Halbuki kredit ödənişləri ayda 150-200 manat aralığında dəyişir ki, bu da gəlirin dörddə birinə bərabərdir. Bu vəziyyət kreditin qaytarılmasını çətinləşdirir və sosial gərginlik yaradır.

Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər Təhsil Tələbə Krediti Fondunun yaradılması, aşağı faizli kreditlərin tətbiqi, 2 illik güzəşt dövrünün müəyyən edilməsi, sosial və standart kredit modellərinin hazırlanması çox mühüm və mütərəqqi addımlardır. Bu, təhsilin maliyyə əlçatanlığını artırmaqla yanaşı, tələbələrin təhsildən kənarda qalmasının qarşısını alır. Müsbət hal odur ki, kredit alma prosesi elektronlaşdırılıb, şəffaf meyarlarla həyata keçirilir və təhsilin maliyyələşdirilməsində dövlətin sosial məsuliyyətini artırır. Amma bu mexanizmin davamlı olması üçün yalnız kreditin verilməsi yox, onun real iqtisadi şəraitə uyğun şəkildə geri qaytarılması sistemi də mükəmməlləşdirilməlidir".

Təklif edirəm ki, Təhsil Fondu yaradılsın” - Kamran Əsədov | Modern.az

Kamran Əsədov

Kamran Əsədov bildirib ki, inkişaf etmiş ölkələrdə təhsil kreditləri gəlirə əsaslanan mexanizmlə tənzimlənir: “Böyük Britaniyada məzun yalnız illik gəliri 27 000 funtu keçəndə ödənişə başlayır. Avstraliyada bu hədd 50 000 dollar, Kanadada isə 25 000 dollar civarındadır. ABŞ-də "İncome-Driven Repayment Plan" sistemi tətbiq olunur və məzun gəlirinin 10-15 faizindən çoxunu ödəməyə məcbur edilmir. Bu modellərin əsas məqsədi gəncin əmək bazarına tam daxil olmadan borc yükü altına düşməməsini təmin etməkdir. Azərbaycanda isə bu mexanizm gəlirə əsaslanmır, kreditin ödənişi sabit cədvəl üzrə tənzimlənir. Bu, sosial baxımdan ədalətsiz nəticə doğurur.

Mənfi tərəflərdən biri odur ki, kredit sistemi təhsilə çıxışı təmin etsə də, məzunların iqtisadi müstəqilliyi təmin olunmadığı üçün bu proses yarımçıq qalır. İqtisadi baxımdan zəif ailələrdən gələn gənclər borcu ödəməkdə çətinlik çəkdikləri üçün yeni təhsil imkanlarına da yönələ bilmirlər. Bu, bir növ sosial dövriyyəsizlik yaradır. Amma eyni zamanda qeyd etmək lazımdır ki, bu mexanizm ölkədə təhsilin sosial yönümlü maliyyələşmə modelinin formalaşmasına təkan verib. Elm və Təhsil Nazirliyinin bu sahədə apardığı işlər, xüsusən özəl sektorla əməkdaşlıq və karyera dəstəyi tədbirləri, gələcəkdə məzunların işlə təminat səviyyəsini artırmaq baxımından çox vacibdir".

Mütəxəssisin fikrincə, bu prosesin uğurlu olması üçün kredit sistemi gəlirə əsaslanan qaydada yenidən tənzimlənməlidir: “Kreditin qaytarılması yalnız məzunun sabit gəliri olduqda aktivləşdirilməli, işsiz və ya azgəlirli gənclər üçün əlavə güzəştlər tətbiq olunmalıdır. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə universitetlərdə karyera mərkəzlərinin fəaliyyəti gücləndirilməli, işəgötürənlərlə əlaqələr sistematikləşdirilməlidir. Əgər bu istiqamətlərdə mexanizmlər təkmilləşdirilsə, təhsil krediti mexanizmi yalnız təhsil almaq üçün deyil, həm də sosial rifah və məşğulluq siyasətinin effektiv alətinə çevriləcək.

Hesab edirəm ki, təhsil krediti sistemi Azərbaycanda sosial təhsil siyasətinin ən mühüm yeniliklərindən biridir. Elm və Təhsil Nazirliyinin bu sahədə atdığı addımlar təhsilə bərabər çıxışı təmin etmək baxımından təqdirəlayiqdir. Lakin bu sistemin tam işlək olması üçün iqtisadi reallıqlara uyğunlaşdırılmış, gəlirə əsaslanan ödəniş mexanizmi tətbiq edilməli və gənclərin əmək bazarına inteqrasiyası gücləndirilməlidir. Əgər bu dəyişikliklər həyata keçirilsə, təhsil krediti modeli həm sosial, həm iqtisadi, həm də təhsil baxımından ölkənin inkişaf strategiyasının dayanıqlı elementi olacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR