Onlayn ictimai-siyasi qəzet
“Qrip - uşaqlar arasında xüsusilə sürətlə yayıla və ciddi fəsadlara səbəb ola bilən xəstəliklərdən biridir. Onların immun sistemi tam formalaşmadığı üçün həm yoluxma riski, həm də xəstəliyin ağır keçməsi ehtimalı daha yüksək olur”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı və müxtəlif ölkələrin səhiyyə qurumları mövsümi qrip peyvəndlərinin uşaqlara vurulmasını xüsusi olaraq tövsiyə edirlər:
“Sanofi Pasteur” şirkətinin istehsal etdiyi peyvənd 6 aydan yuxarı uşaqlarda təhlükəsiz şəkildə tətbiq olunur və geniş klinik tədqiqatlardan keçib. Araşdırmalar göstərir ki, bu peyvənd uşaqlarda güclü immun cavabı yaradır, qripə yoluxma riskini azaldır və xəstəliyin daha yüngül formada keçməsinə kömək edir.
Uşaqlara tətbiq edilən qrip peyvəndi yüksək qoruma səviyyəsini təmin edir, hər il yenilənən tərkibi sayəsində həmin mövsümdə dövriyyədə olan viruslara qarşı daha effektiv müdafiə yaradır. Məktəb və bağça mühitində uşaqlar arasında yayılmanın qarşısını almaqla yanaşı, ailə üzvlərini və digər insanları da qoruyur. Eyni zamanda, peyvənd olunmuş uşaqlarda pnevmoniya, yüksək hərarət və xəstəxanaya yerləşdirmə kimi ağırlaşmaların riski əhəmiyyətli dərəcədə azalır. Bu, həm uşaqların sağlamlığını, həm də valideynlərin rahatlığını təmin edir, tez-tez həkimə müraciət və dərman istifadəsi ehtiyacını azaldır”.
Nazirliyin mütəxəssis-eksperti bildirib ki, “Sanofi Pasteur” peyvəndləri uzun illərdir uşaqlarda tətbiq edilir və təhlükəsizlik baxımından beynəlxalq səviyyədə təsdiqlənib:
“Yan təsirlər çox nadir hallarda müşahidə olunur, əsasən yüngül xarakter daşıyır və qısa müddətdə öz-özünə keçir. Bu, uşağın immun sisteminin vaksinlə işləməyə başladığını göstərir. Valideynlər övladlarını peyvənd etdirməklə, həm onları qripdən, həm də xəstəliyin yaratdığı ağır nəticələrdən qoruyur və eyni zamanda cəmiyyətin ümumi sağlamlığının güclənməsinə töhfə vermiş olurlar”.
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ