Onlayn ictimai-siyasi qəzet
“Əgər artıq özünüzdə qrip əlamətlərini hiss etmisinizsə (məsələn, burun axması, boğaz ağrısı, temperatur və ya əzələ ağrıları), bu halda peyvənd vurdurmaq məsləhət görülmür. Çünki peyvənd xəstəliyin qarşısını almaq üçündür, artıq yoluxma baş verdikdə peyvənd xəstəliyi sağaltmır və bədən lazımi immun cavabı verməyə bilər”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, qrip peyvəndi 6 aydan yuxarı olan sağlam insanlar üçün ümumiyyətlə tövsiyə olunur: “Xüsusilə yaşlı şəxslər, xroniki xəstəliyi olanlar (astma, şəkərli diabet, ürək-damar, böyrək və ağciyər xəstəlikləri kimi), hamilə qadınlar, səhiyyə işçiləri, uşaqlarla və immun sistemi zəif olanlarla sıx təmasda olan insanlar peyvənddən daha çox fayda görür. Bəzi hallarda peyvəndə müvəqqəti və ya daimi əks göstərişlər ola bilər. Əgər hal-hazırda orta və ya ağır dərəcədə xəstəlik varsa, məsələn, yüksək hərarət və ya kəskin respirator infeksiya müşahidə edilirsə, peyvənd xəstəlik tam sağalandan sonra vurulmalıdır. Əvvəlki peyvəndə qarşı ciddi allergik reaksiya (anafilaksiya) olmuş şəxslərə də peyvənd vurulmur. Yumurta allergiyası olanlarda bəzi vaksin növlərinə xüsusi diqqət lazımdır, amma bir çox yeni vaksinlər yumurtasız hazırlanır və bu halda həkimlə məsləhətləşmək vacibdir. Altı aydan kiçik körpələrə qrip peyvəndi vurulmur. İmmunitet sistemi zəif olan şəxslərə isə bəzi canlı vaksin növləri uyğun olmaya bilər”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qrip mövsümündən əvvəl, payız aylarında peyvənd olunmaq ən məqsədəuyğundur:
“Peyvənddən sonra immunitetin yaranması təxminən iki həftə çəkir. Buna görə də xəstəliyə yoluxmadan öncə vaxtında peyvənd olunmaq vacibdir”.
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ