Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, iyulun 21-də saat 16 radələrində Sumqayıt şəhərinin ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib. Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.
Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşibmiş. Hazırda ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.
Ümumiyyətlə, isti keçən yay ayları səbəbi ilə bir çox insan günvurma ilə bağlı xəstəxanalara müraciət edir. Kimisi günvurmadan ilkin tibbi müdaxilə ilə qurtulur, kimisi isə yan xəstəliklərinin olması səbəbindən həyatını itirir.
Tanınmış pediatr Vaqif Qarayev Musavat.com-a bildirib ki, isti havada uşaqları birbaşa günəş altında saxlamaq təhlükəlidir. Onun sözlərinə görə, son günlər havaların kəskin istiləşməsi uşaq sağlamlığı ilə bağlı narahatlıq doğurur.
"Valideynlər unutmamalıdır ki, saat 10:00-dan 17:00-a qədər günəş altında olmaq xüsusən, uşaqlar üçün təhlükəlidir. Bu, dünyada qəbul olunmuş bir tibbi standartdır. Amma bizdə əksinə, uşaqları həmin saatlarda günəşin altına çıxarırlar. Talassemiya xəstəliyi olan uşaqlarda isə oksigen daşıma problemi var, ona görə onların vəziyyəti tez ağırlaşa bilər. Valideyn özü bilməlidir ki, belə havada çölə çıxmaq icazəsiz olmaz. Bu uşaqlar həkim nəzarətində olmalı, hər addım düşünülməlidir".
Həkim qeyd edib ki, günvurma zamanı əsas simptomlar baş ağrısı, halsızlıq, ürəkbulanma, qusma və bəzən hətta huşun itməsi ola bilər:
"Uşaqda bu əlamətlər varsa, dərhal kölgəyə keçirilməli, paltarı soyundurulmalı, boyun, qoltuqaltı və alın nahiyəsinə soyuq kompres qoyulmalıdır. İçməyə isə sadəcə su verilməlidir. Rəngli, qazlı içkilər qəbul etmək olmaz. Əgər uşaq təkrarən qusursa və huşsuzlaşırsa, dərhal həkim çağırılmalıdır”.
V. Qarayev dəri yanmasından da danışıb: ”Sadəcə dəri qızarıbsa, soyuq kompres və aptekdən əldə olunan yanıq əleyhinə kremlər kifayət edir. Suluqlar yaranıbsa, bu artıq ikinci dərəcəli yanıqdır və heç vaxt deşilməməlidir. Belə hallarda həkim müdaxiləsi vacibdir”.
Pediatrın sözlərinə görə, uşaqları hər şeydən məhrum etmək doğru deyil, amma sağlamlığa risk yaradacaq mühitə aparmaq daha pis nəticə verə bilər:
“Çox təəssüf ki, insanlar sosial şəbəkədə şəkil paylaşmaq naminə uşaqları günün altında saatlarla saxlayırlar. Şəkillərdə çətir, kölgə, papaq heç nə görünmür. Bu cür məsuliyyətsizlik uşağın sağlamlığına baha başa gələ bilər. Uşaq günəşdən zəhərlənir, yanıqlar olur, ağır fəsadlar yaranır. Biz həkimlər illərdir bu haqda deyirik. İndi də yenidən valideynlərə deyirəm ki, bu istidə uşaqları qorumadan çölə çıxarmayın”.
Sultan Məmmədli
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ