Onlayn ictimai-siyasi qəzet
Lap əvvəlcə deyim ki, siyasətdə səmimiyyətdən - filandan daha çox başqa meyarlardan danışırlar. Siyasətə tətbiqən səmimiyyətdən çox “hesablaşmaq” sözü daha uğurlu səslənir: real siyasətçi, bəli, hansısa siyasi avantürist, “yüyəni” başqa siyasi mərkəzlərin əlində olan (bunlara yaxşı halda “təsir agentləri” deyirlər) marionet siyasətçi yox, sözün müsbət mənasında reallıqları görən siyasətçi emosiyalarından yuxarıda dayanaraq münasibətlər qurur və qərarlar qəbul edir.
Əlbəttə, bu, siyasət adamının həmişə reallıqların müti əsiri olması anlamına da gəlmir. Yox, o, bəzən ölkəsi və milləti üçün daha cəlbedici və məqbul dividendlər də əldə etməyə çalışır, amma hətta bunu da realist kimi, bəli, siyasi avantürist kimi yox, məhz real siyasətçi kimi reallıqlar çərçivəsində etməyə cəhd edir.
Bunları ona görə deyirik ki, tez-tez belə söhbətlər eşidirsən ki, bəs Paşinyan səmimidirmi, onun səmimiyyətinə inanmaq olarmı? Bir daha deyirik ki, siyasət adamları əksər hallarda bu cür hisslərdən uzaqda durmağa çalışırlar, hətta daha çox siyasətçi ən yaxşı halda özünün yaxın ərtafı ilə səmimi ola bilir.
Söhbət Paşinyandan gedirsə, İkinci Qarabağ savaşından əvvəlki, Xankəndidə yallı gedən bir siyasət adamını da görmüşük. Amma o, ya İkinci Qarabağ savaşına qədər özünün hisslərini vətəndaşlarına, xüsusən də separatçılara deyə bilmədiyindən (o vaxt onlar “qalib” idilər, bütün Dağlıq Qarabağ onların nəzarətində idi), yaxud ikinci savaş onun üçün “soyuq duş” olduğundan və ya İkinci Qarabağ savaşı onun özünü, elə bütün erməniləri də avantürst erməni millətçilərinin girovluğundan qurtardığından bu adam neçə ildir xalqına tamam başqa hisslər aşılamağa cəhd edir: onları revanşizmə çağırmır, Azərbaycana və türklərə qarşı növbəti müharibəyə səsləmir, əksinə, imkan düşdükcə, onlara deyir ki, xalq olaraq miflərlə yox, reallıqlarla yaşamalıyıq, qonşu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməliyik, onlardan Ermənistana qarşı hansısa təhlükə gözləməməliyik!..
Şəxsən mənim fikrimcə, Paşinyan əvvəlcədən də belə fərqli fikirlərdə olub, sadəcə, erməni avantürüst-millətçilərinin, separatçıların üstün mövqelərə malik olduğu vaxt o, bunları desəydi, ona ən yaxşı halda dəli kimi baxar və qolundan tutub bayıra atardılar.
Baxın, adam deyir ki, biz heç nə itirməmişik, əksinə, Ermənistan Respublikasını qazanmışıq, çünki Dağlıq Qarabağ avantürasının ən əsas missiyası bu idi ki, Ermənistan müstəqil olmasın!..
İnanın, o, ilk erməni lideridir ki, bu sözləri deyir. On illərlə təxminən eyni sözləri bizim siyasət adamları, hətta qonşu Gürcüstanın prezidenti, hazırda həbsdə olan M.Saakaşvili də BMT-nin tribunasından deyirdi.
Bəli, onda söylənilirdi ki, ay ermənilər, Kreml Qarabağı nə sizə verəndir, nə də azərbaycanlılara, Dağlıq Qarabağ Moskvaya ona görə lazımdır ki, Bakını və İrəvanı bildiyi kimi idarə etsin, onların heç birini müstəqil olmağa qoymasın!..
Amma ermənilərin avantürst liderləri bunun fərqində deyildilər, Kreml nə çalırdı, onu da oynayırdılar.
Nə yaxşı ki, Azərbaycan və Türkiyə prezidentləri, bizim şanlı Azərbaycan Ordumuz Kremlin də, avantürist erməni “siyasətçi”lərinin də bu ssenarisini onların əlindən aldı! Təsadüfi deyil, indi təkcə erməni avantüristləri yox, Kreml də özünün Qafqazdakı ən əsas “rıçaqlar”ından birini itirdiyinə görə möhkəmcə dilxordurlar...
Odur, bir daha deyirik ki, “Siyasətdə səmimiyyət olur, yoxsa olmur? Filanskəsin səmimiyyətinə inanaq, ya inamayaq?” kimi fəlsəfi-estetik - etik suallar üzərində baş sındırmaq gərəksiz məşğuliyyətdir. Biz daim yeni-yeni reallıqlar yaratmalıyıq, Bakı da, qardaş Ankara da daim daha güclü olmağın yollarını axtamalıdırlar ki, bizimlə hesablaşsınlar - hətta bizi sevməyənlər, bizimlə səmimi olmayanlar da.
Həm də insafən demək lazımdır ki, Paşinyan tək özü yox, komanda üzvləri də cəhd edir. O gün baxıram, xarici işlər naziri A.Mirzoyan deyir ki, hamını, xüsusən də region dövlətlərini özümüzə düşmən edə bilmirik.
İmkan düşdükcə Ermənistan parlamentinin sədri A.Simonyan da nəsə etməyə və deməyə çalışır. Hamısı da bilirsinizmi niyə? Onlar bizim güc sahibi, regionda əsas faktor olduğumuzu görürlər.
Bəli, məhz buna görə daha hansısa bir “səmimiyyət”ə görə yox, bizimlə, qardaş Ankara ilə əməkdaşlığa can atır və ləng şəkildə olsa da anlamağa başlayırlar ki, Moskvanın qoltuğunun altından çıxmağın, əsl müstəqil dövlət olmağın yolu yalnız bundan keçir.
Əlbəttə, Levon Ter-Petrosyandan Serj Sərkisyana qədər bütün erməni “liderlər”lə dialoq qurmağa cəhd olunmuşdu, onların hamısı ən müxtəlif vaxtlarda Türkiyədə səfərlərdə - tədbirlərdə olmuşdular.
Amma bu psevdo-liderlərin heç biri Kremlin cızdığı (həm də özlərinin türklərə qarşı heyvani nifrətləri ucbatından!) dairədən kənara çıxmadı.
Ötən həftə Paşinyan da ikinci dəfə Türkiyəyə yollandı. Deyəsən, bu dəfə də ciddi bir nəticə olmadı, hərçənd müəyyən gözləntilər vardı.
Olsun. Bu, siyasətdir, hər şey elə də asan alınmır. Əsas odur ki, cidd-cəhdlər davam etsin. Bu gün olmaz, sabah olar! Vacibi budur, biz daha da güclü olaq. Ermənilər anlasın ki, bizimlə əməkdaşlıq etməkdən savayı yol görünmür - bəli, bizimlə hesablaşmalı olsunlar...
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ