Onlayn ictimai-siyasi qəzet
Parisdəki hava limanlarından birində gərgin anlar yaşanıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda bir qrup gəncin sərnişin oturacaqları ətrafında bir-birinə hücum etdiyi, şillə və yumruqlarla əlbəyaxa davaya girişdiyi görünür.
Hadisə ərazidə olan digər sərnişinlər arasında qorxu və təlaş yaradıb.
Videonu paylaşanlar iddia edirlər ki, qarşıdurma Polşa, Mərakeş və Albaniya vətəndaşları arasında baş verib. Mübahisənin səbəbi isə hələ dəqiqləşdirilməyib. Bəzi mənbələr hadisənin arxasında millətlərarası gərginlik və anti-mühacir əhval-ruhiyyənin dayandığını bildirirlər.
Qeyd edək ki, bu olay Polşada baş vermiş digər bir insidentin ardınca baş verir. Belə ki, Varşavada təhsil alan azərbaycanlı tələbə İbrahim Talışinski və onun türkiyəli dostu 10–15 nəfərlik irqçi qrupun hücumuna məruz qalıblar. Bibər qazı ilə edilən hücum nəticəsində gənclər gözlərini aça bilməyib, nəfəs almaqda çətinlik çəkiblər. Təcili yardım hadisə yerinə gəlsə də, zərərçəkənləri xəstəxanaya aparmayıb.
İbrahim Talışinski dəfələrlə Azərbaycan səfirliyinə zəng etdiyini, lakin cavab ala bilmədiyini deyib. Onun sözlərinə görə, gözündəki zədə nəticəsində görmə qabiliyyətinin 7 faizini itirib. Əksinə, türkiyəli dostu öz ölkəsinin səfirliyindən dərhal reaksiya alıb.
Son baş verənlər Avropada – xüsusən də Polşada – irqçilik və mühacir düşmənçiliyinin təhlükəli həddə çatdığını göstərir. Azərbaycanlı tələbələrin hədəfə alınması və diplomatik orqanların susqunluğu isə ciddi suallar doğurur.
Hadisə anının görüntüləri Musavat.com-un arxivinə daxil olub və onu təqdim edirik.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ