İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısı qandallanan iki ölkənin sərhədindəki Qax...

Barəsində 4 aylıq həbs qərarı verilən Musa Şəkiliyevin 15 ildən artıq rəhbərlik etdiyi rayonun tarixi, gəlirli biznes sahələri, zavodlar və daha nələr...

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib. "Unikal" xəbər verir ki, bu barədə qərar Səbayel Rayon Məhkəməsində keçirilən prosesdə verilib. Sabiq icra başçısı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Musa Şəkiliyev ötən gün DTX-nin əməliyyatı zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

İyunun 21-də Prezident İlham Əliyevin sərəncamına əsasən o, Qax rayon icra başçısı vəzifəsindən azad edilib.

İki dövlətlə sərhəd olan kiçik rayon

Musavat.com bildirir ki, Qax rayonu 1930-cu ildə təşkil olunsa da, 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilib.

Amma cəmi 1 il sonra 1964-cü ildə yenidən ayrıca rayon statusu alıb.

Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir.

Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan – skif, sak tayfalarının izlərinə Qax rayonunun ərazisində rast gəlinir. Müasir Qaxın ərazisi Qafqaz Albaniyasının əyaləti idi. Bundan sonra bölgə Gürcüstanın mədəni və siyasi təsiri daxilində ayrıca Kaxeti krallığı oldu. Orta əsrlərdə bölgəyə əsasən Gürcüstan və Şirvan çarlığı nəzarət edirdi. Qafqaz Albaniyasının mövcud olduğu dövrdə xristianlığın bütün bölgəyə yayılması ilə Qax rayonunda bəzi xristian kilsələri tikilmişdir.

Eramızın VIII əsrində Qax ərəblərin hakimiyyəti altına düşmüşdür. XI əsrdə Böyük Səlcuq imperiyasının tərkibinə daxil edilmişdir. Qax sonralar Atabəylər və Şirvanşahlar dövlətlərinin tərkibində olmuşdur. 1562-ci ildə Səfəvi şahı I Təhmasibin əmri ilə Qaxda İlisu sultanlığının əsası qoyuldu. 18-ci əsrdə İlisu sultanlığı o qədər gücləndi ki, Osmanlı imperatoru öz hökmdarı Əli Sultan bəyə ən yüksək Paşa titulu verdi və onu Şəki Bəylərbəyi kimi tanıdı. 1803-cü ildə İlisu sultanlığı Rusiya imperiyasına birləşdirildi. Sultanlığın hökmdarı Daniyal 1844-cü ildə Rusiya hökuməti ilə aralarında yaranan fikir ayrılıqlarına görə xalqı rus hökmranlığına qarşı üsyana ruhlandırdı. Sultan Daniyal İlisu kəndi yaxınlığında məğlub oldu, lakin milli azadlıq hərəkatının rəhbəri İmam Şamillə birlikdə ruslara qarşı mübarizəni davam etdirdi.

Ruslar İlisunu yandırıb, ərazisini isə mahallara bölərək Car-Balakənə birləşdirdilər və onu çar Rusiyasının koloniyasına çevirdilər.

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etməsi ilə Qax Azərbaycanın tərkibində saxlanıldı. Qax 1860-1917-ci illərdə Tiflis quberniyasının Zaqatala qəzasının tərkibində olub. 1917-1918-ci illərdə Zaqafqaziya Demokratik Federativ Respublikasının və 1918-1921-ci illərdə Gürcüstan Demokratik Respublikasının tərkibində olmuşdur. 1930-cu ildə Sovet hakimiyyəti illərində Qax Azərbaycan SSR-in bir rayonu kimi yaradılmışdır. 1955-ci ildə Qax kəndi şəhər tipli qəsəbə statusu almışdır. Bu ad ilk dəfə V əsr hadisələri ilə əlaqədar gürcü mənbələrində xatırlanır.

Qax adına başqa xalqların toponimiyasında da rast gəlinir: Dağıstanın Qunib dairəsində Qax kəndi, Avar dairəsində Qax kəndi, Buynaksk dairəsində Qaxısaray xarabalığı, Qaxmataş dağı, Kürə dairəsində Qaxtsuq kəndi Qars vilayətinin Ərdahan dairəsində Qaxıcvari dağı və s.Qax adını eyniadlı şərqi gürcü tayfasının adı ilə bağlayanlar da var. Mənbələrə görə, Albaniyada Alazan (Qanıx) çayının şərqində kax adlı tayfalar yaşamışlar. Xarəzmşah Cəlaləddinin Gürcüstana hucumu zamanı (XIII əsr) gürcü qoşunları sırasında kaxların adı qeyd olunub. Faktlar göstərir ki, qaxlar Balakən-Şəki zonasında yaşamış qədim alban tayfalarından biri olmuşdur. Güman ki, qaxlar III-IV əsrlərdə xristianlığı, VIII-IX əsrlərdə isə islam dinini qəbul etmişlər. Başqa bir nəzərə görə isə Qax İran dillərində “qala” mənasını bildirir.

Etnik müxtəliflikli multikultural bölgə-balı ilə...

Qax rayonunun əhalisi 57 min nəfər civarındadır. Əhalinin əksəriyyəti azərbaycanlılardan ibarətdir. Bununla yanaşı, bölgədə ingiloylar (gürcü mənşəli müsəlmanlar), saxurlar və digər azsaylı xalqlar da yaşayır. Bu etnik müxtəliflik Qaxı multikultural bölgəyə çevirir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, heyvandarlıq və turizmdir. Qaxın iqtisadiyyatı əsasən kənd təsərrüfatına söykənir. Burada buğda, qarğıdalı, fındıq, üzüm və alma yetişdirilir. Bölgənin subtropik iqlimi meyvəçilik üçün əlverişli şərait yaradır. Arıçılıq və bal istehsalı Qaxın iqtisadiyyatında mühüm sahələrdən biridir. Rayonun balı yüksək keyfiyyəti ilə seçilir.

Son illərdə kənd təsərrüfatı məhsullarının emalı sahəsi də inkişaf edir. Qaxda qida sənayesi müəssisələri, konserv zavodları fəaliyyət göstərir. Bu müəssisələr kənd təsərrüfatı məhsullarını emal edərək yerli bazarlarla yanaşı, ölkənin digər bölgələrinə də satışa çıxarır.

Turizm sektorunun inkişafı da rayonun iqtisadiyyatına böyük töhfə verir. Bölgənin dağlıq relyefi, meşələri, şəlalələri, çayları və qədim abidələri turistlər üçün cəlbedicidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR