Onlayn ictimai-siyasi qəzet
Son günlərdə Yaxın Şərqdəki gərginlik daha da dərinləşib. İsrailin İran ərazisində yerləşən bir neçə strateji hədəfə – o cümlədən nüvə və hərbi obyektlərə həyata keçirdiyi hava hücumları regionda vəziyyəti xeyli gərginləşdirib. Hücumlar əsasən İranın nüvə infrastrukturu ilə əlaqələndirilən obyektlərə yönəlib. Beynəlxalq ictimaiyyət bu hücumları ciddi narahatlıqla qarşılayıb. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) baş verənlərlə bağlı rəsmi mövqe ortaya qoyub və regionda radiasiya çirklənməsi riskləri barədə də xəbərdarlıq edilib.
İsrailin hücumlarının əsasən Natanz, Fordo və İsfahan yaxınlığında yerləşən obyektlərə yönəldiyi bildirilir. Hədəflər arasında uranın zənginləşdirilməsi mərkəzləri, raket istehsal və sınaq kompleksləri, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi strateji qərargahları olub.
İsrail KİV-ləri və rəsmi şəxsləri bu hücumların İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıdığını bildirirlər.
Beynəlxalq Atom Enerjisi Agentliyi hadisələrlə bağlı rəsmi bəyanat yayıb. Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, nüvə obyektlərinə hərbi hücumlar beynəlxalq hüquq baxımından son dərəcə təhlükəlidir və qəbuledilməzdir:
“Atom enerjisindən sülh məqsədilə istifadə edilən obyektlərə hücum beynəlxalq konvensiyalara ziddir. İranın bəzi nüvə obyektlərinin zədələndiyinə dair məlumatlar bizi ciddi narahat edir. BAEA müstəqil şəkildə araşdırma aparmaq və obyektlərin vəziyyətini yerində qiymətləndirmək imkanına malik olmalıdır”.
Qrossi, həmçinin qeyd edib ki, bu kimi hücumlar təkcə regional deyil, eyni zamanda qlobal təhlükəsizliyi təhdid edir. Hücumların nəticəsi olaraq bəzi uran zənginləşdirmə obyektlərinin zədələndiyi, hətta radiasiya sızıntısı riski yarandığı bildirilir. İran tərəfi bu məlumatları təkzib etsə də, bəzi beynəlxalq nəşrlər Fordo və Natanz yaxınlığında yerləşən obyektlərdən birində qismən radiasiya çirklənməsi aşkarlanması barədə iddialar irəli sürüblər.
İranın Atom Enerjisi Təşkilatı isə bildirib ki, hücum nəticəsində nüvə materiallarının saxlandığı obyektlərdə ciddi sızma qeydə alınmayıb. Bununla belə, bəzi obyektlərin enerji və soyutma sistemlərinin zədələndiyi etiraf edilib. Bu da istənilən an qəza riskini artırır.
Ekologiya və ətraf mühit mütəxəssisləri isə bildirirlər ki, bu tip hücumlar nəticəsində radiasiyanın nəinki hücum edilən ərazidə, həm də ətraf bölgələrdə (o cümlədən qonşu ölkələrdə) təsir göstərə bilmə ehtimalı var. Bu isə həm humanitar, həm də ekoloji fəlakətə yol aça bilər.
Bəs belə halların Azərbaycana təsiri nə dərəcədədir? Kimyəvi çirklənmələr və sızıntılar ölkəmiz üçün risk yaradırmı?
Nüvə fiziki Yalçın İslamzadə Musavat.com-a açıqlamasında bildirib ki, İranın nüvə obyektləri, uranın zənginləşdirildiyi mərkəzlər səhra şəraitində yerləşir, çaya və yeraltı su qaynaqlarına yaxın deyil:
“Orada zənginləşdirilən uranın miqdarı o qədər də çox deyil ki, sızıntının Azərbaycana hər hansısa bir ciddi təhlükəsi olsun. Əgər bir nüvə obyekti vurulursa, əlbəttə, orada sızıntı və partlayışlar olacaq. Yaponiyada Fukusimada, Ukraynada Çernobılda olan risklər ona görə təhlükəli idi ki, ABŞ-də Three Mile Islandda olan risklər ona görə təhlükəli idi ki, sızıntı hava və su dövranına qarışmışdı. İranda isə ikinci Çernobıl faciəsinin yaşanacağı hələ gözlənilmir. Çernobılda nüvə reaktoru var idi, İranda isə zənginləşdirilmiş urandır və miqdarı da o qədər çox deyil. Obyektin vurulması nəticəsində materialın təbii dövriyyəyə qarışması ehtimalı azdır. Bu baxımdan Azərbaycan üçün hazırkı məqamda təhlükəsi yoxdur.
Doğrudur, radiasiya sızıntısının qarşısını anında almaq mümkün olmur. Bu tədricən baş verən proses olur və uzun müddət təsiri qalır”.
Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev deyir ki, Natanz nüvə obyektində baş verən sızıntılar Azərbaycana təsir etməyəcək:
"Çünki oradan bura məsafə 1000 km-dir və sızmalar lokal xarakterli təsirə malikdir. Maksiumum orada çalışanlara təsir edə bilər. Həmçinin güclü sızma baş verməyib, çünki obyekt 80-90 metr dərinlikdədir.
Qorxu o zaman olar ki, bizim sərhədlərimizə yaxın uran zənginləşdirmə obyekti olsun və o, vurulsun. Bizə belə obyektlərin olduğu bəlli deyil, cəmi 17 obyektin varlığından xəbərimiz var. Onlar isə 1000 km uzaqlıqda yerləşir. Təsəvvür edin ki, Çernobıl faciəsi baş verən zaman 135 km aralıda yerləşən Kiyev şəhərində əhali köçmədi.
Buşehr nüvə elektrik stansiyasında iki reaktor var. Biri artıq işə başlayıb, digərini isə artıq tikirlər. Fəaliyyət göstərən reaktor 1000 meqavatdır. O partlasa ciddi fəalkətlər baş verər. Lakin unutmayaq ki, nə İsrail, nə də başqa dövlət dinc məqsədlə, elektrik enerjisi istehsal etmək üçün istifadə edilən AES-i heç vaxt vurmazlar. Rus əsgərləri Zaparojye AES-in binasını, təlim mərkəzini vursalar da, amma reaktoru vurmadılar. İsrail də, İran da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvləridirlər. Heç vaxt bunu etməzlər. Ona görə də insanlarımız təlaşlanmasınlar”.
Şahanə Rəhimli
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ