Onlayn ictimai-siyasi qəzet
“Bu gün Əbu-Dabidə keçirilən görüş sülh prosesinə təkan verəcək. Sülh prosesi tam dayanmasa da, müəyyən durğunluq var idi”.
Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a açıqlamasında bildirib.
M.Məmmədli vurğulayıb ki, görüşdə sülh prosesinin olduqca vacib elementləri ilə bağlı danışıqların intensiv davam etdirilməsi barədə razılıq əldə olunub:
“Bugünkü görüş yaxın gələcəkdə hər iki ölkənin konkret məsələlər - sülh müqaviləsi layihəsi, kommunikasiyaların açılması, delimitasiya prosesi və s. istiqamətlərdə müəyyən razılıq əldə etməsi üçün zəmin formalaşdırır.
BƏƏ məlum olduğu kimi, bölgədə xüsusi maraqları olan dövlət deyil. Düşünürəm ki, növbəti görüş də regionda və sülh prosesində xüsusi maraqları olmayan, neytral dövlətdə keçirilə bilər”.
Mətin Məmmədli görüşlərin ikitərəfli formatda davam etdiriləcəyi qənaətindədir:
“2023-cü ilin payız aylarından etibarən Azərbaycanın danışıqların ikitərəfli formatda davam etdirilməsi ilə bağlı mövqeyi dəyişməzdir. İkinci Qarabağ müharibəsindən sonra başlanan danışıqlar prosesində müxtəlif tərəflərin vasitəçiliyi ilə keçirilən görüşlərdə effektiv nəticə əldə edə bilmədiyimizi müşahidə etdik. Bunun əsas səbəbi ondan ibarət idi ki, tərəflər sülh prosesindən daha çox, öz maraqlarını həyata keçirməyə çalışırdılar. Bu da sülh prosesinə mənfi təsir göstərirdi. Bunu nəzərə alaraq, Azərbaycanın da mövqeyi ondan ibarət idi ki, ikitərəfli formatda danışıqlar mümkündür. Məhz ikitərəfli formatda aparılan danışıqlar nəticəsində ciddi dinamika müşahidə olunmağa başladı: sülh müqaviləsi layihəsi razılaşdırıldı, eyni zamanda sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişə nail olduq.
Bir sözlə, ikitərəfli format ən uğurlu formatdır. Ermənistan da bunu qəbul edib. Odur ki, danışıqlar bu formatda davam etdirilməlidir”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün nəticələrinə dair məlumatında bildirilib ki, Azərbaycan və Ermənistan liderləri dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.
“İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunub.
Nigar HƏSƏNLİ,
Musavat.com
11 Iyul 2025
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ