Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə saxta hesablar vasitəsilə universitetlərdə kəsirlərin düzəldilməsi və hətta qəbul imtahanında balların artırılması kimi çağırışlar artıb
“Qəbul imtahanında az bal toplamaqdan qorxursansa, bizə müraciət et, balını artıraq”.
Qəbul imtahanları dönəmində sosial şəbəkələrdə tez-tez belə elanlara rast gəlmək mümkündür.
Bir qrup şəxs az bal toplamış abituriyentlərin ballarını artıracaqları vədi ilə onların valideynlərini inandırmağa çalışırlar. İddialara görə, həmin şəxslər bu işi yüksək məbləğ müqabilində görürlər. İmtahan nəticələrinə sistemli şəkildə müdaxilə etmək Azərbaycanda faktiki olaraq mümkün deyil. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları, buraxılış, magistratura və doktorantura imtahanları mərkəzləşdirilmiş, rəqəmsallaşdırılmış və ciddi təhlükəsizlik rejimi ilə təşkil olunur. 2024-cü ilin məlumatlarına görə, DİM imtahanlarda cavab kartlarının optik oxuyucu sistemlə avtomatik tanınmasını həyata keçirir. Bu proses insan faktorunu minimuma endirdiyindən, nəticələrin dəyişdirilməsi və ya “bal artırılması” texniki olaraq kənardan müdaxilə ilə mümkün deyil. DİM öz rəsmi açıqlamalarında bu tip elanların saxta və hüquqazidd olduğunu, imtahan nəticələrinin yalnız sistem üzərindən, optik oxuma və proqram təminatına əsasən hesablandığını dəfələrlə bəyan edib. Mərkəz bildirir ki, heç bir DİM əməkdaşı və ya üçüncü tərəf imtahan nəticəsinə təsir edə bilməz. Eyni zamanda belə elanlar yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilir və onların müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Bu tip elanlarla mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil. Valideynlərə və abituriyentlərə məlumatlandırma yönümlü maarifləndirici tədbirlər təşkil olunmalı, DİM bu kimi hallarla bağlı mütəmadi ictimai açıqlamalar verməlidir. Eyni zamanda sosial şəbəkə platformaları ilə əməkdaşlıq qurularaq bu cür elanlar dərhal silinməli və hüquqi tədbir görülməlidir. İmtahan verən abituriyentlər və valideynləri bu dövrdə həssas olurlar, amma bu qədər xəbərdarlıqlara baxmayaraq həm belə elanlara inanırlar. Hətta falçı, cadugərlərə də müraciət edirlər.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Bizim.media-ya açıqlamasında bildirib ki, abituriyentlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip “təhrikedici” təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Onun sözlərinə görə, abituriyentlər yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və kimsə həmin bala müdaxilə edə bilməz: “Son vaxtlar Instagram, TikTok və xüsusilə Telegram-da saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kəsirlərin düzəldilməsi, hər hansı imtahan ballarının artırılması, və s. qeyri-real çağırışlar etməklə dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur. Həmin şəxslər hətta başqa saxta hesablar vasitəsilə öz postlarının altında guya onlara kömək göstərildiyini yazırlar. İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməlidir. İstifadəçilər konkret aldadılma faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidir".
Rövşən Nəcəfov
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, valideynlər övladlarının yüksək bal toplamasını böyük uğur kimi dəyərləndirirlər: “Valideynlər düşünürlər ki, övladları yüksək bal toplayıb ali məktəbə qəbul olsalar, gələcəkdə yaxşı həyat yaşayacaqlar. Abituriyentləri diplom mübarizəsinə təhrik edirlər. Bu, yaxın keçmişdən qalan stereotipdir. Təhsil diplom deyil, hansısa sahəni öyrənməkdir və özünü o sahədə görməkdir. Peşə xarakterə bağlıdır. Yüksək bal göstəricisi gələcəyi təmin etmir. Bu, sadəcə olaraq, ali məktəblərə qəbul üçün rəqabət növüdür. Hər peşənin öz sahibi var və ya hər kəsin sahibi olacağı bir peşə var. Hadisəyə yanaşma dəyişilməlidir. Ali məktəbə qəbula bu qədər məna yükləndikcə abituriyentlərdə intihar düşüncəsi formalaşır. Məna yüklədiyimiz bütün anlayışlar fəlakətə çevrilir. Valideynlərin niyyətlərinin xoş olduğu məlumdur, amma addımları əksidir. Valideynlər övladlarını həvəsləri olduğu sahələrə istiqamət versələr, daha yaxşı nəticələr əldə edəcəklər. Falçı və digər dırnaqarası peşə sahiblərinin vədləri gələcək qura bilməz. Deyək ki, falçı bunu bacardı, nə dəyişəcək? Həqiqətənmi, övladları üçün yaratdıqları saxta uğur hekayəsi onu xoşbəxt etmiş olacaq? Bu sualların reallığı yoxdur. Valideynlər övladlarına öz gələcəyi kimi baxmasınlar. Onlara şəxsiyyət kimi yanaşsınlar. Elmi əsası olmayan hansısa sahə və ya təklif cahillikdir. İnsanların xoş niyyətlərindən istifadə etməkdir. Başqalarının zəifliklərini maddi gücə çevirməkdir. Valideynlər övladlarının imtahanda müsbət və ya yüksək nəticə göstərməsini istəyirlərsə, stress faktorunu azaltmalıdırlar. İmtahan nəticələrindən asılı olmayaraq övladlarına sevgilərini azaltmamalıdırlar. İmtahan ərəfəsində gənclərdə stress, təşviş, depressiya və digər bənzər psixoloji narahatlıqlar varsa, psixoloqa müraciət etsinlər, falçıya yox. Şəxsin düşüncə xəritəsi hazırlanmalıdır ki, gələcəyə baxışı onda motivasiya yaratmış olsun. Gələcəyə baxışı olmayan insanı gələcəyə aparmaq olmaz”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ