İnsanlara hürriyət, millətlərə istiqlal!

İran necə oldu ki, uduzmadı?

Konspirasiya nəzəriyyəsi kimi də görünə bilər, məntiq isə onu deyir ki, İran hakimiyyətini də, dövlətini də bu bəladan indilikdə Xameneinin varlığı saxladı – onu zərərsizləşdirmək, bəlkə də görəvindən uzaqlaşdırıb ev dustağı etmək üçün axtarsalar da, tapa bilmədilər…

Azərbaycan İsraildən min kilometrlərlə uzaqda yerləşir, İran isə “qulağımızın dibindədir”. İsraillə İran arasında da məsafə böyükdür. Ən yaxın nöqtələri gərək ki, 1200–1400 kilometrdir. Tehrandan Tel-Əvivə qədər olan məsafə isə təxminən 2000 kilometrdir. Bizə şükür, bu 12 gündə iki ölkə arasında raketləri sayan üç ölkə də vardı – İraq, İordaniya və Suriya. Raketlər həm də onların başları üzərindən uçub İsrailə və ya əksinə, İrana gedirdi…

Bombalar bizim sərhədə yaxın ölkədə partlasa da, bu, bizim savaş deyildi. Ölkəmizdə kimlərsə savaşan tərəflərin birinə dost, kimlərsə isə əksinə, düşmən kimi baxırdı. Bəziləri İranın sonunun olacağını, molla rejiminin çökəcəyini, başqa bir tərəf isə “İsrailin əlinin boşda qalacağını” deyirdi. Amma bu, futbol deyil ki, Messi və ya Ronaldoya görə komandaya stavka edəsən. Dövlətlərin gücləri bəllidir, İsrailin İrandan silah-sursat sarıdan bir boy üstün olduğunu kim bilmir ki? O da bəlli idi ki, İsrail çətinə düşsəydi, ABŞ yanında olacaqdı, necə ki, elə də oldu. Amma müsəlman toplumu da Allahın möcüzəvi gücünə inanır, ona görə günahsız müsəlmanlara etdiyi zülmə görə İsrailin başına göydən daş yağacağına hələ də inananlar var. Buna İlahi ədalət də deyirlər… 

esas foto.jpg (135 KB)

Ukrayna savaşı yenicə başlayanda da Azərbaycan cəmiyyətində bu cür mübahisələr vardı. Məsələn, bəndəniz güman edirdi ki, Rusiya tez bir zamanda Kiyevi nəzarətinə götürə bilər. Ukraynanın bu savaşda Krımı azad edəcəyini, hətta Rusiya əsgərini çıxdığı yerə, yəni 1991-ci il sərhədinə qədər qovacaqlarını israr edənlər də çox idi. Belə görünür ki, Qarabağı azad etdikdən sonra biz də toplum olaraq “başqa müharibələr üzərində mərc etməyə” həvəslənmişik. Pisi odur ki, özgələrin müharibələrinə görə özümüzü “ruspərəst”, “irançı”, hətta “banderaçı”, “sionist” kimi adlarla da “bəzəyirik”. 

esas-foto.jpg (105 KB)

İndi hələ kövrək də olsa, İsrail–İran arasında atəşkəs elan olunduqdan sonra da “kim qalib gəldi, kim uduzdu” sualı aktuallaşıb. Bunu qısaca aydınlaşdırmağa çalışaq. Bu 12 gündə baş verənlər məhz İran rejiminin çökdürülməsinə hesablanmış əməliyyat idi. İçəridə aylarla MOSSAD agentlərinin təlimatlandırılaraq yerləşdirilməsi, strateji postlarda oturan generalların bir saatda öldürülməsinin arxası da gəlməli idi. Zənnimcə, əsas Xameneinin zərərsizləşdirilməsi planı vardı. Son anda nə oldusa, içəridən o plan baş tutmadı. Mühafizəkar və qəddar SEPAH-ın əsas hədəfdə olması, onun başındakıların, kəşfiyyat rəisinin aradan götürülməsi də göstərirdi ki, hakimiyyət daxilində qiyam olmalıydı – bax, o baş tutmadı. 

esas-is.jpg (260 KB)

Bunu bu günlərdə də yazmışdım ki, Xameneinin aradan götürülməsinə guya Trampın razılıq verməməsi iddiası inandırıcı deyil, əksinə, onun saxlandığı yeri sonadək də tapa bilmədilər. Artıq “daxildə çevriliş əməliyyatı” pozulduqdan sonra Tramp da, Netanyahu da bu dəfə İranın ruhani liderini öldürmək üçün axtarırdılar. Son iki gündə Tramp da, Netanyahu da bir ağızdan deyirdi: “Biz İranda hakimiyyəti dəyişmək istəyirik.” İndi isə Tramp deyir ki, hakimiyyət dəyişsəydi, fəlakət olacaqdı. Netanyahu da “bizim belə niyyətimiz yox idi” dedi. 

Screenshot_2.png (322 KB)

Konspirasiya nəzəriyyəsi kimi də görünə bilər, məntiq isə onu deyir ki, İran hakimiyyətini də, dövlətini də bu bəladan indilikdə qoca Xameneinin varlığı saxladı. Bu baxımdan xalları hesablasaq, ABŞ da, İsrail də əsas məqsədlərinə çata bilmədilər. Yəni İranda rejim dəyişikliyinin baş tutmaması İsrailin “xallarından birini apardı”.

İranın da əsas “qələbə arqumenti” budur. Etiraf edirlər ki, ölkənin zərəri çoxdur, amma qələbəni onlar qazanıblar. Onlar da rejimin saxlanmasına görə bu cür düşünməkdə, aktivlərinə xal yazmaqda haqsız deyillər. İranın atom silahından əvvəlki təhlükəli bombası molla rejimidir.

İsrail bundan əvvəlki raket atışmalarında İranın hava hücumundan müdafiə qabiliyyətinə yönəlik xeyli suallar yaratmışdı. Bu dəfə suallar daha da artdı. İran İsrailin hava zərbələri qarşısında aciz qaldı. İsrailin də Dəmir Qübbəsinin boşluqlar verdiyi haqda deyilənlər yeni deyil. İsrail balaca hava sərhədini çoxdan “Dəmir günbəz”lə qorumur. Onu xaricə satırlar. Özləri isə həm ABŞ-ın “Patriot”unu, həm də Amerika ilə birgə istehsal etdikləri daha effektli (adını internetdə axtarmağa həvəs olmadı) müdafiə sistemindən istifadə edirlər. Rinqdə zərbələrin Mayk Taysondan cəld qarşısını alan boksçu olmayıb, amma o da arada başına dəyən zərbələri buraxırdı. İndi İsrail hava zərbəsindən nə imkandırsa, qorundu, itkiləri var, dağıntılar çoxdur. Amma havadan zərbələrdə İsrail İranı “bir neçə xal qabaqladı”. 

AA1ufUB6.png (512 KB)

Nəhayət, dəstək. Bu artıq bizim bildiyimiz azarkeşlik deyil. Avropa Birliyi birmənalı İsraili dəstəklədi. “7-lik ölkələri” də yığışıb ayrıca bəyanat verdilər. Amerika İsrailə dəstək olsun deyə, İranın başına bir neçə tonluq bomba da atdı. İranın lehinə isə deyəsən, Yəmənin başıpozuq husiləri qalxdı, İsrail tərəfə nə isə atdılar. İki il əvvələdək İsrail nəinki 12 gün, 12 saat belə İranın başına raket ata bilməzdi. Tehranın bölgədəki proksi gücləri “Hizbullah” və HƏMAS orduları İsrailə güc göstərəcəkdilər. İsrail onların nəfəsini kəsdi, bir güllə də ata bilmədilər İsrailə. Bu da İsrailin aktivinə yazılan daha bir xaldır. 

scale_1200 (2).jpg (263 KB)

…Biz uşaq idik, ərəblərlə israillilər daşlaşırdılar. On illər keçib, özümüzün başımıza çox daşlar dəyib, iki Vətən müharibəsi görmüşük. Fələstin torpaqlarında İsrail adlı dövlətin yaradılmasının 77 ili tamam oldu. Fələstinlilərə isə bu haqq tanınmayıb, halbuki onlar da o torpağın əzəli sakinləridir. İsrail 77 il ərzində yerində saymayıb, elmi, tibb, müdafiə sənayesi sahəsində ağlagəlməz səviyyədə inkişaf edib. Üstəlik, “ərəblərin əhatəsindəyəm” deyib, qeyri-rəsmi atom silahına da sahibdirlər. İsrailin qonşu ərəbləri isə fövqəladə heç nə edə bilməyiblər – nə sərhədində olan dövlətlər, nə içindəki Fələstin… Bu təkcə İsrail işğalı ilə bağlı olmaz, burada əlbəttə ki, səbəblər çoxdur. Bu toplumun geriliyi də regionda İsrailin aktivinə daima yazılacaq bir xaldır. 

16259936.jpg (143 KB)

Müsəlmanlar üçün Qüds – Əl-Əqsa məscidinin yerləşdiyi ilk qibləmiz, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, çarmıxa çəkildiyi və zühur etdiyi məkan, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsmək istədiyi yerdir. Məkkə, Mədinə, Qüdsdən sonra ən çox ehtiram göstərilən yerlər İrandakı Nəcəf və Kərbəladır…

Yaxın Şərqdə dava illərdir danışıqlarla, masa söhbətləri ilə alınmır, alınası iş də deyil, amma səngiyə, bir müddət dinc fazaya keçə bilər. İndi yəqin ki, o fasilə başlayacaq. Biz də bir az dincələk…

 

Nazim Sabiroğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR