Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, İsrail İranla 14 gün planlaşdırdığı müharibəni 12 günə başa vurduğunu bildirir. Ümumiyyətlə, müharibə iştirakçılarından hər biri qələbə qazandığını bildirir. Bu baxımdan İsrail-İran müharibəsinin gedişi və bitməsi ilə bağlı suallar var ki, hər iki tərəf qələbə iddiası ilə çıxış edir, bəs real mənzərə necədir? Bu müharibədə əslində kim nə qazandı, kim nə itirdi? İranın İsrailə qarşı cavab zərbələri nə dərəcədə simvolik idi və bu zərbələr real hərbi balansda hansı dəyişiklikləri yaratdı?
Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu mövzuya bu cür şərh verib:
"İsrail və ABŞ hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmək imkanlarını yox etdiklərini, İran isə İsrailə və ABŞ-a layiqli cavab verdiyini bildirir. Halbuki, İsrail və ABŞ-ın raket zərbələrinə və verilən itkilərə İranın cavabı adekvat olmadı. Doğrudur, İran raketləri İsrailin haqqında çox danışılan “dəmir dəbilqə” hava müdafiə sistemini yardı, şəhərlərə zərbələr dəydi. Ancaq İsrail nə qədər iranlı generalı və hərbçini öldürdü, İran nə qədərini? ABŞ İranın nüvə mərkəzlərinə dağıdıcı zərbələr vurdu, İran isə Qasım Süleymani olayında olduğu kimi ABŞ-ı xəbərdar edərək əvvəlcədən boşaldılan hərbi bazasına raketlər atdı, onların da əksər hissəsi havada vuruldu. ABŞ Prezidenti Donald Trampın buna görə İrana minnətdar olması Tehranın aşağılanması anlamına gəlir. Buna baxmayaraq, İrandakı rejim müharibənin nəticələrini cəmiyyətə qələbə kimi təqdim etməyə çalışacaq. Halbuki, İran vətəndaşlarının beyinlərində sualların sayı artıb.
İsrail Pandoranın qutusunu açıb. “İsrail-İran müharibəsi heç zaman olmaz” hekayəsi qüvvəsini itirib. Müharibə bitdi, ancaq İsrail və ABŞ İranı nəzarətdə saxlayacaqlar. Tel-Əviv və Vaşinqton İranın yenidən uranı zənginləşdirməsindən şübhələnərlərsə, qonşu ölkəyə yenidən zərbələr endirəcəklər.
İsrail üçün müharibənin bir günü yüz milyonlarla dollara başa gəlirdi. 12 günlük müharibənin hesabı bir neçə milyardı keçib. İsrail xərclərini bərpa edəcək, ABŞ da həmişəki kimi müttəfiqinə yardım əlini uzadacaq. Bəs İran itkilərini necə bərpa edəcək – əsas sual budur. İrana bombalanan mərkəzləri bərpa etmək üçün heç bir ölkə, hətta tərəfdaşları olan Rusiya və Çin havayı pul verməyəcəklər. İran sanksiyalar altındadır. İranın yeganə alternativi satdığı neftin pulunu bərpaya yönəltməkdir. Ancaq bu halda İran vətəndaşlarının sosial problemlərinin həlli arxa plana keçəcək, bu isə insanların haqlı narazılığına səbəb olacaq. Onsuz da müharibəyə qədər də İran iqtisadiyyatı ağır günlərini yaşayırdı, indi isə bu ölkəyə daha çox maliyyə resursları tələb olunacaq".
Politoloq qeyd edir ki, ABŞ və İsrail birinci məqsədlərinə çatdıqlarını bəyan ediblər, yəni İranın uranı zənginləşdirmək mərkəzləri yararsız hala düşüb, ancaq ikinci məqsədlərinə, yəni rejim dəyişikliyinə nail olmadılar:
"Bunun üçün daha uzun müddət lazımdır. İrandakı rejim öz varlığını qorumaq istəyirsə, daxili və xarici siyasətini ciddi şəkildə korrektə etməlidir. Buna ümid azdır. Çünki İranda islahatların genişlənməsi rejimin dəyişməsi anlamına gəlir. Mühafizəkarlar buna getməzlər".
Xalidə Gəray
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ