Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-23-ü tarixlərində Küveyt, Qətər və Omana rəsmi səfər edib. Onun səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından önəmli olduğu kimi, regional və qlobal yöndən də faydalı sayılır. Çünki səfər çərçivəsində regional hadisələrlə yanaşı, beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ərdoğanın üçgünlük Körfəz səfəri zamanı, həmçinin ikitərəfli münasibətlərin möhkəmlənməsi məqsədilə bir sıra sənədlər də imzalanıb.
Küveytdə Rəcəb Tayyib Ərdoğan və ölkənin əmiri Məşal əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə dörd sənəd imzalanıb. Rəsmi Ankara həmişə Küveytin ərazi bütövlüyü və suverenliyini müdafiə edib.
1991-ci ildə İraqın ovaxtkı prezidenti Səddam Hüseynin Küveyti işğalını Türkiyə tənqid etmiş, sonra ABŞ-nin başçılığı altında koalisiyanı dəstəkləyərək ölkənin sərhədlərini və təhlükəsizliyini təhdid edən vəziyyətə qarşı çıxmışdı. Rəsmi Ankara işğaldan sonra İraqa qarşı beynəlxalq sanksiyalara əməl edərək BMT qərarları ilə dəstəklənən koalisiya qüvvələrini logistik və hərbi dəstəklə təmin etmişdi.
Türkiyə ilə Küveyt arasında 2024-cü ilin may ayında qarşılıqlı ticarətin beş milyard dollara qədər artırılması barədə razılıq əldə olunmuşdu. Beş il öncə tərəflər arasında ticarət dövriyyəsinin həcmi 711 milyon dollar olub.
Qətərdə Türkiyə Prezidenti və Əmir Şeyx Təmim bin Haməd Al Saninin hüzurunda müxtəlif sahələr üzrə 12 əməkdaşlıq müqaviləsi və Yüksək Strateji Komitənin 9-cu Toplantısının Ortaq Bəyanatı imzalanıb.
Lüsail Sarayındakı təkbətək görüşdən sonra Prezident Ərdoğan və Qətər Əmiri Şeyx Al Saninin sədrliyi ilə Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısı olub.
Türkiyə və Qətər liderləri təkbətək görüşdə ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Onlar iki ölkə arasında hərbi əməkdaşlıq, müdafiə sənayesi, enerji, ticarət və sərmayələr başda olmaqla bir çox sahədə mükəmməl səviyyədə gedən əlaqələri daha da inkişaf etdirməyi hədəflədiklərini vurğulayıblar.
Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qətər strateji tərəfdaşlığının, regional və qlobal sabitliyə ciddi töhfə verdiyini, Qəzzada əldə edilən atəşkəsin fələstinlilərə nəfəs aldırdığını, başqa tərəfdən İsrail-Fələstin münaqişəsində ikidövlətli formulun yeganə həll yolu təşkil etdiyini, bu məqsədə yönəlmiş səylərin davam edəcəyini bildirib.
Türkiyə və Qətərin ikitərəfli və regional məsələlərə oxşar baxışı mövcuddur. Beş il öncə onlar arasında ticarət dövriyyəsi 1,91 milyard dollar təşkil etsə də, ötən il bu rəqəmin bir milyard dollardan artıq olduğu bildirilib. Ölkələrin sıx iqtisadi və ticarət münasibəti davam edir. Qətərdən Türkiyəyə əsasən neft, plastik və məhsulları, qarşı tərəfdən isə dəmir, polad və elektron qurğuları ixrac olunur.
Təxminən bir il öncə Prezident Rəcəb Tayyib Ərdoğan və Oman Sultanı Heysem bin Tarıkın iştirakı ilə iki ölkə arasında Ankarada 10 sazişi imzalanmışdı.
Türkiyə liderinin budəfəki səfəri çərçivəsində həmin sənədlərin inkişaf etdiriləcəyi, ikitərəfli, regional və qlobal təhlükəsizliyi əhatə edən məsələlərin də müzakirə olunduğu bildirilir. Tərəflər ticarət dövriyyəsinin həcmini beş milyard dollar səviyyəsinə qaldırmağı hədəfləyirlər.
Ərdoğan hələ ötən il Omanda türk podratçı şirkətlərin 2024-cü ilədək yeddi milyard dollar dəyərində layihələr reallaşdırdıqlarını bildirmişdi.
Türkiyənin regional təhlükəsizlik və bölgə dövlətlərinin ərazi bütövlüyü, suverenliyi məsələlərinə münasibət Küveyt, Qətər və Omanla oxşardır. Rəsmi Ankaranın Suriya və İraqın ərazi bütövlüyünü daim müdafiə etməsi, İŞİD terror qruplaşmasına qarşı mübarizəni yada salmaq kifayət edər.
Qəzza zolağına tətbiq edilən blokadanı yarmaq üçün "Mavi Mərmərə" humanitar yürüşü isə Türkiyənin bütövlükdə Fələstin məsələsinə münasibətinə aid bir nümunə sayıla bilər.
HƏMAS-İsrail müharibəsində də rəsmi Ankara ərəb dünyası, o cümlədən Qətər, Küveyt və Omanla bir mövqedən çıxış etmişdi.
Türkiyənin ərəb dövlətləri ilə bu istiqamətdə birgə səyi nəticəsində Yaxın Şərqdə sülhün yaranacağına ümidlər artıb.
Oktyabrın 13-də Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin paytaxtı Qahirədə keçirilən toplantıda bu ölkələrin iştirakı da tərəflərin HƏMAS-a və regiona münasibətlərinin göstəricisidir. Qəzza zolağında atəşkəs, sülhə dair ABŞ, Misir, Qətərlə yanaşı, Türkiyənin də imzaladığı niyyət sənədini xatırlatmaq yerinə düşər. Bu, Türkiyənin qlobal miqyasda regionda sabitliyə və təhlükəsizliyə təminatçı dövlətlərdən biri olaraq çıxış etdiyini göstərir.
Bu baxımdan, Türkiyənin gələcəkdə regionun taleyüklü məsələləri üzrə ərəb dövlətləri ilə əməkdaşlığı daha da artıracağı istisna edilmir.
Qəzza zolağı ilə bağlı həllini gözləyən vacib problemlərdən biri, heç şübhəsiz, HƏMAS qruplaşmasının silahsızlaşdırılmasıdır. Türkiyə bu istiqamətdə də müxtəlif səviyyəli danışıqlar aparır. Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və hərəkatın Siyasi Bürosunun üzvləri ilə Qətərin paytaxtı Dohada görüşüblər. Onların müzakirə etdikləri məsələyə dair açıqlama yayılmayıb. Bununla belə, ehtimal etmək olar ki, Qəzzanın gələcəyi əsas müzakirə mövzularından olub.
Donald Trampın Qəzza planına əsasən, bölgəyə sülhməramlıların yerləşdirilməsi də nəzərdə tutulub. Bununla belə, ölkələrin əsas narahatlıqlarından biri sabitləşdirici qüvvələrin HƏMAS ilə toqquşması ehtimaldır. Ona görə də bəzi dövlətlər hərbçilərinin Qəzzadakı şəhərlərin mərkəzlərində yerləşdirilməsini istəmirlər.
ABŞ zolaqdakı beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi planının hazırlanmasına başlayıb. "The National" qəzeti bildirib ki, onların tərkibinə Misir, Azərbaycan, Türkiyə və İndoneziyadan azı dörd min hərbi qulluqçu daxil olacaq. Onların ağır silahları olmayacaq, səlahiyyətləri sülhməramlı qüvvələrə yaxın olacaq.
Beynəlxalq kontingentin səhra hospitallarının açılması və kritik infrastrukturun bərpası üçün məsuliyyət daşıyacağı, həmçinin 3 min yerli könüllü ilə birlikdə dağıntılar altından həlak olmuş fələstinlilərin cəsədlərinin çıxarılması üzrə axtarış-xilasetmə əməliyyatlarına nəzarət edəcəyi gözlənilir.
İsrailin Baş naziri Benyemin Netanyahu Qəzzaya "Türkiyə təhlükəsizlik heyətinin göndərilməsini qəbul edib-etməyəcəyi" sualına dolayı şəkildə qarşı olduğu cavabını verib: "Bu mövzuda güclü fikirlərim var. Bunların nə olduğunu təxmin etmək istərsinizmi? Bəli, bilirsiniz".
Ancaq real addımlar atılacağı halda müəyyən şərtlər daxilində İsrailin Türkiyə qüvvələrinin Qəzzada sabitləşdirici fəaliyyət göstərəcəyinə razılıq verəcəyi ehtimalı çoxdur.
Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Livan, Suriya, eləcə də İraqda iki və üç il müddətinə qalacağına dair parlamentin qəbul etdiyi qərarı təsdiqləyib. Bu, Türkiyənin regional məsələlərdə aparıcı qüvvələrdən, habelə bu dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorumasında fəal iştirakçılardan olduğunu bir daha təsdiqləyir.
HƏMAS-ın tərk-silah edilməsi, Qəzza zolağında sabitliyin yaradılması, Fələstinin "iki millət, iki dövlət" prinsipi əsasında tanınması və s. təkcə regional məsələ deyil. Bu, həm də qlobal səviyyəli bir problemdir. Çünki bu, beynəlxalq ziddiyyətlərin toqquşduğu bir nöqtədə 78 illik münaqişədir. Türkiyə ərəb dövlətləri ilə əməkdaşlıq etməklə bu qlobal problemin həllində fəallıq göstərir.
Odur ki, Ərdoğanın Küveyt, Qətər və Omana səfəri regional və qlobal baxımdan önəmlidir. Bu, yeni Fələstinin qurulması üçün atılan mühüm addımlardan da sayıla bilər. Bir zaman terrorçu kimi tanınanlar, hazırda sivil dövlət quruculuğunun fəallarındandır. Odur ki, gələcəkdə Fələstində, HƏMAS-da da inqilabi dəyişikliklərin baş verəcəyi istisna edilmir.
Sədrəddin İsmayılov,
Report.az
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ