Onlayn ictimai-siyasi qəzet
Polşada prezident seçkilərində qalib gələn Karol Navrotski ilə bağlı İsrail mediasında tənqidi fikirlər səsləndirilib.
Musavat.com xəbər verir ki, "The Times of Israel" nəşri Navrotskini “Holokostun revizionisti” adlandırıb və onun keçmiş fəaliyyətini mübahisəli hesab edib.
Qəzet yazır ki, sağçı tarixçi kimi tanınan Navrotski Polşanın Holokostdakı rolunu yenidən dəyərləndirməyə çalışan millətçi təşəbbüsə rəhbərlik edib. Onu dəstəkləyən “Hüquq və Ədalət” partiyası isə Polşanın nasistlərə qarşı müqavimətini və xalqın qurban olduğunu vurğulayan tarix narrativlərini irəli sürür, eyni zamanda polyak antisemitizmi və yəhudilərin qətli ilə bağlı araşdırmaları gözdən salmağa çalışır.
Qeyd olunur ki, 2018-ci ildə Polşada qəbul edilən bir qanun Polşanı və polyak xalqını nasist cinayətlərində ittiham etməyi qadağan edib. Baxmayaraq ki, bu qanun sonradan cinayət kateqoriyasından çıxarılaraq inzibati pozuntu səviyyəsinə endirilib, tənqidçilər bunun tarixi araşdırmalara ciddi maneə yaratdığını bildirirlər.
Navrotski hazırda Polşanın Milli Yaddaş İnstitutuna rəhbərlik edir. "The Times of Israel" yazır ki, bu qurum Holokostla bağlı milli vətənpərvər narrativləri önə çəkməsi ilə tanınır və Navrotski prezidentlik kampaniyasında bu mövqeyi daha da gücləndirib.
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ