Onlayn ictimai-siyasi qəzet
İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr regionda yeni münaqişə dalğasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırıb. Lakin aparıcı beynəlxalq ekspertlər bildirirlər ki, İsrailin əsas hədəfi sayılan Fordo nüvə kompleksi hələlik təhlükəsizlik baxımından əlçatmazdır.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın Bradford Universitetinin sülh və təhlükəsizlik məsələləri üzrə fəxri professoru Pol Rocersə görə, İsrailin İranın Fordo kompleksinə ciddi ziyan vurmaq imkanı "son dərəcə aşağıdır".
Onun fikrincə, bu obyektə zərbə endirmək üçün xüsusi "bunker buster" tipli bombalara ehtiyac var ki, belə silah yalnız ABŞ-ın hərbi arsenalında mövcuddur və indiyə qədər İsrailə təqdim edilməyib. Söhbət GBU-57A/B tipli kütləvi nüfuzedici bombadan gedir. Təxminən 13 ton ağırlığında olan bu silah yerin 60 metrdən artıq dərinliyinə nüfuz edib, möhkəmləndirilmiş hədəfləri məhv edə bilir. Bu bomba hələlik yalnız ABŞ-ın gizli B-2 Spirit bombardmançı təyyarələri vasitəsilə istifadə olunur və heç bir zaman real döyüşdə tətbiq edilməyib. Ekspertlər bildirirlər ki, bu silah Fordo kimi yerin 80 metr dərinliyində yerləşən, dağ massivləri ilə əhatə olunan obyektlərin sıradan çıxarılması üçün nəzərdə tutulub. İranın bu obyektləri həm də Rusiya istehsalı olan müasir yer-hava raket sistemləri ilə qorunur. İsrail isə bu günə qədər belə fövqəlnüfuz gücünə malik silaha sahib deyil. Professor Pol Rocers vurğulayıb ki, ABŞ olmadan İsrail bu cür əməliyyatı təkbaşına həyata keçirə bilməz: "ABŞ Fordoya zərbə üçün bu silahı İsrailə verməyəcək. İndiyə qədər belə bir razılıq əldə edilməyib və yaxın perspektivdə də bu ehtimal zəifdir".
Xatırladaq ki, Fordo nüvə kompleksi 2006-cı ildən inşa edilib və 2009-cu ildə İran bu obyektin mövcudluğunu rəsmən təsdiqləyib. 2023-cü ilin mart ayında Beynəlxalq Atom Enerjisi Agentliyi burada 83,7 faiz zənginləşdirilmiş uran hissəcikləri aşkar edib ki, bu da nüvə silahı istehsalı üçün lazım olan səviyyəyə olduqca yaxındır. İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə dəfə bəyan edib ki, İranın nüvə obyektləri Yaxın Şərq və birbaşa İsrail üçün real təhlükə yaradır və Fordo obyektinin məhv edilməsi prioritet hədəfdir. Ölkənin ABŞ-dakı səfiri Yeshil Leiter isə Fox News telekanalına açıqlamasında bildirib ki, "bütün əməliyyat Fordonun sıradan çıxarılması ilə başa çatmalıdır".
Lakin professor Rocers qeyd edir ki, Fordo kimi kompleksə zərbə endirmək üçün ABŞ-ın iştirakı və birbaşa hərbi müdaxiləsi vacibdir: "Bu əməliyyat təkcə B-2 bombardmançıları ilə həyata keçirilə bilməz. İsrailin hava qüvvələri belə dərin obyektləri vura biləcək imkanlardan məhrumdur. Əgər ABŞ özü bu əməliyyatda iştirak etməzsə, bu plan reallıqdan uzaq qalacaq".
ABŞ prezidenti Donald Tramp administrasiyası isə indiyədək İsrailə bu tip bombaların verilməsi və ya regionda belə bir əməliyyatın keçirilməsi ilə bağlı razılıq açıqlamayıb. Ekspertlərə görə, bu qərar təkcə İsrailin istəyi ilə deyil, həm də Vaşinqtonun regional strateji maraqları və beynəlxalq münasibətləri nəzərə almaqla verilə bilər.
İran tərəfi isə öz növbəsində bildirib ki, ölkənin nüvə proqramı yalnız dinc məqsədlər üçün nəzərdə tutulub və nüvə silahı hazırlanması məqsədilə istifadə edilmir. Bununla belə, Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatları bu bəyanatların doğruluğu ilə bağlı beynəlxalq şübhələri artırıb. Beləliklə, Yaxın Şərqdə yeni müharibə ocağı ABŞ-ın bu məsələdə İsrailə açıq dəstək verib-verməyəcəyindən asılıdır. Bu əsnada Fordo kompleksinin taleyinin necə olacağı yaxın həftələrdə aydınlaşacaq əsas məsələlərdən biri kimi qalır.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ