Onlayn ictimai-siyasi qəzet
ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını göstərən yeni kəşfiyyat məlumatı əldə edib.
Musavat.com xəbər verir ki, məlumatı CNN Amerika rəsmilərinə istinadən yayıb.
Mənbələr bildiriblər ki, "İsrailin İranın nüvə obyektinə zərbə endirməsi ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb”: “Tramp tərəfindən müzakirə edilən və İranın bütün uranını əlindən çıxarmayan ABŞ-İran sazişinin perspektivi zərbə ehtimalını artırır”.
Telekanalın qeyd etdiyinə görə, ələ keçirilən İsrail rabitə məlumatları və İsrail hərbi hərəkətlərinin müşahidələri zərbənin hazırlandığını göstərir.
Bu arada rəsmilər bildiriblər ki, İsrail liderlərinin mümkün zərbə ilə bağlı yekun qərar verib-vermədiyi hələ aydın deyil.
Eyni zamanda telekanalın Amerika mənbələrindən biri xəbər verib ki, İsrail liderləri zərbə endirmək qərarına gələrsə, ABŞ yardım göstərməyə hazır olmaq üçün kəşfiyyat məlumatlarının toplanması işini gücləndirir.
Öz növbəsində, digər həmsöhbət qeyd edib ki, Tehran hansısa böyük təxribata əl atmasa, ABŞ çətin ki, İsrailə İranın nüvə obyektlərinə zərbə endirməkdə kömək etsin. Onun sözlərinə görə, İsrail Amerikanın köməyi olmadan İranın nüvə proqramını məhv edə bilməz.
İsrailli mənbə CNN-ə bildirib ki, əgər ABŞ İranla İsrailin qəbul etmədiyi “pis razılaşma”ya gedərsə, İsrail təkbaşına hərbi əməliyyatlar keçirməyə hazır olacaq.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ