İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada baş nazirindən “artsax” sarsaqlığı

Mark Karni katolikos I Aramla hərbi caniləri və Qarabağa qayıdışı müzakirə edib - ermənidən çox yaxa cıranlar...

Kanadanın paytaxtı Ottavada Böyük Kilikiya Evinin Katolikosu I Aram Kanadanın baş naziri Mark Karni ilə görüşüb. “Yeni Müsavat” erməni mediasına istinadla xəbər verir ki, müzakirələr zamanı bir sıra məsələlərə toxunulub: Ermənistanın suverenliyi, “artsax” ermənilərinin qayıtmaq hüququ", “artsax”da nəsli kəsilməkdə olan erməni mədəni irsinin qorunması", “Bakıda qeyri-qanuni girov saxlanılan erməni əsirlərin azad edilməsi”, həmçinin Yaxın Şərqdə sülhün bərqərar olması perspektivləri.

Kanada o ölkədir ki, 44 günlük müharibə zamanı da ermənipərəst mövqeyi ilə seçilib. Hətta “Bayraktar” PUA-larının cihazlarının verilməsinə qadağa qoymuşdu. Həmçinin müxtəlif dövrlərdə Kanada parlamentində anti-Azərbaycan layihələr irəli sürülüb. Bundan əlavə, Avropa İttifaqının Ermənistanla sərhəddə yerləşən “casus şəbəkəsi”nə Kanada da qoşulub. Hərçənd bu ölkənin Avropa qitəsinə aidiyyəti yoxdur.

Bununla belə kanadalı baş nazir dinc oturmur və Katolikosu I Aramla görüşdə “artsax” və Bakıda mühakimə edilən erməni hərbi caniləri müzakirə edir. Halbuki ermənilərin Qarabağa qayıdışı məsələsi qapanıb və buna Paşinyanın özü də “möhür” vurub. Erməni separatçılara gəlincə, onların girov adlandırılması artıq bir siyasi kampaniyaya çevrilib. 

Yada salaq ki, Ermənistanı “su yolu”na döndərən Kanadanın xarici işlər naziri Melani Coli anti-Azərbaycan isteriyasının başında durub. O, riyakarcasına Azərbaycandan tələb edib ki, Qarabağdan könüllü çıxan insanların qayıtmasına şərait yaratsın. Hətta bir neçə il əvvəl Kanada Senatında Qarabağdakı keçmiş qondarma rejimin müstəqilliyinin tanınması barədə təşəbbüs olmuşdu, sonra rədd edildi. 

Kanada Azərbaycandan niyə əl çəkmir?

sona1.jpg (35 KB)

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, Kanada özünün müstəqilliyi uğrunda savaş aparsa, daha yaxşı olardı: “35 illik münaqişə dövründə Kanada heç bir zaman problemin həllində önəmli rola malik olmayıb. Kanada heç Cənubi Qafqazda regional güc statusunda da boy göstərmir. Bu baxımdan, Kanadanın baş nazirinin ”artsax" sarsaqlamasına fikir vermək lazım deyil. Qarabağ münaqişəsi bitib, yekun sülh sazişinin imzalanmasına az qalıb. Erməni kilsəsi də artıq aparıcı təsir qüvvəsinə malik moderatorluğu itirməkdədir. I Aramın Kanada baş naziri ilə söhbətdə bu mövzuları qaldırması Kremlin ssenarisidir və Paşinyana zərbə vurmağa hesablanıb".

Ekspert qeyd etdi ki, Kanada Britaniya dominionudur, ABŞ artıq onu əyalətinə çevirmək üçün hərəkətə keçib: “Görünən odur ki, I Aram Ermənistandakı ”voskanapartçı"lara və radikal-millətçi kəsimə dəstək vermək, onlarda ruh yüksəkliyini qaldırmaq üçün belə bir addım atıb. Hələ bu ilin avqustunda Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Arusyak Julhakyan demişdi ki, “Ermənistan və bizim partiyanın Qarabağ sakinlərinin (Azərbaycanın bu bölgəsindən könüllü getmiş erməniləri nəzərdə tutur) kollektiv şəkildə geri qaytarılması ilə bağlı gündəliyi yoxdur”. Bu həm də Ermənistan dövlətinin mövqeyidir. Birincisi, ermənilər Qarabağdan könüllü şəkildə gediblər. İkincisi, Qarabağa ermənilərin qayıdışı gündəmdə deyil, amma istənilən vaxt öz ata-baba yurdlarından zorla qovulan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı gündəmə gətirilə bilər". Onun fikrincə, üçüncüsü, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır: “Yəni erməni kilsəsi Ermənistanı növbəti savaşa sürükləmək istəmirsə, o zaman səsini kəsməli və keşişlər də siyasətlə yox, ibadətlə məşğul olmalıdırlar”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, Kanadanın dünyada gedən proseslərə ciddi təsir etmək imkanları olmasa da, zaman-zaman qalmaqallı bəyanatlar səsləndirib, addımlar atıb: “Böyük Britaniya kralının təbəələri olmalarına baxmayaraq bir çox məsələlərdə fərqli və qərəzli baxışlarının şahidi olmuşuq. Əslində, Kanadada bu proses hazırda hakimiyyətdə olan Liberal Partiyasının hakimiyyətə gəlişindən sonra qabarıq göründü. Bundan öncəki baş nazir Castin Trüdonun istər Türkiyəyə münasibətdə, istərsə də bizim apardığımız 44 günlük müharibə gedişatında mövqeyində qərəzli olduğu açıq-aydın görünürdü. O zaman da deyilirdi ki, həm Trüdo, həm də partiyası bir çox məqamlarda erməni diasporası, böyük iş adamlarının təsiri və maliyyə dəstəyi altında olub. Tramp ikinci dəfə prezident seçiləndən dərhal sonra Kanadanı ABŞ ştatları içinə qatılmalı olduğunu və Trüdonun da qubernator ola biləcəyini dedi. Sonra Trüdo istefa verməyə məcbur qaldı. Hazırkı baş nazir Mark Karni də Trüdonun partiyasındandır”. 

Partiya rəsmisi hesab edir ki, ondan gözləntilər var idi: “Onun vəzifəyə gəlişinin ilk aylarında belə təəssürat yaranmışdı ki, Türkiyəyə, Azərbaycan-Ermənistan münasibətlərinə Trüdonun apardığı siyasətlə müqayisədə daha yumşaq siyasət göstərəcək. Amma sonradan belə olmadığı göründü. Görünür ki, partiyası və hökuməti içində bu siyasətə təsir edən qüvvələr yenə də fəallaşmağa cəhd edirlər. Amma istənilən halda, Mark Karninin kimlərlə, harada, neçə dəfə görüşməsindən asılı olmayaraq Azərbaycan-Ermənistan məsələsi onun təsir imkanlarından çox uzaqdadır. Hətta demək olar ki, bu imkanlar ümumiyyətlə yoxdur. Demək istəyirəm ki, bütün bunlara baxmayaraq müzakirələr Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətsizlik kimi qəbul edirəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR