Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 1 milyard 605 milyon 020 min ABŞ dolları dəyərində 85 257 ədəd avtomobil idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,5% və 28,6% çoxdur. 9 ayda Azərbaycana 263 milyon 999 min ABŞ dolları dəyərində 12 555 hibrid avtomobil idxal edilib. Bu isə illik müvafiq olaraq 2,8% azalma və 17,2% artım deməkdir. Bu dövr ərzində ölkəyə gətirilən “plug-in” hibrid avtomobillərinin dəyəri 3,5 dəfə artaraq, 604 milyon 619 min ABŞ dolları, sayı isə 6,4 dəfə artaraq, 31 873 ədəd təşkil edib.
Hesabat dövründə Azərbaycana 48 milyon 210 min ABŞ dolları dəyərində 1 559 tam elektrikli avtomobil idxal edilib. Bu da illik müvafiq olaraq 45,6% və 30,6% azdır. Ümumiyyətlə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana idxal olunan elektromobillərin sayında və ümumi dəyərində ciddi azalma baş verib. Hesabat dövründə ölkəyə cəmi 929 ədəd elektromobil gətirilib. Dünyada elektromobillərin və hibrid avtomobillərin maya dəyəri durmadan aşağı düşür.
Çünki bu avtomobillər ciddi konstruksiyaya, mühərrikə malik deyil-bir akkumulyatordur, bir də elektrik mühərriki. Ona görə də maya dəyəri getdikcə optimalllaşdırılır. Maya dəyəri aşağı düşdükcə təbii ki, bu avtomobillərin satış qiyməti də ucuzlaşır. Təsadüfi deyil ki, son 6 ayda ölkəmizə idxal edilən elektrik və hibrid avtomobillərin qiyməti 30 faiz aşağı düşüb. Bu ucuzlaşma bir qədər də davam edəcək və benzin, o cümlədən dizellə işləyən avtomobillərin populyarlığını xeyli zəiflədəcək.
Qeyd edək ki, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatır.

Adil Nəbiyev
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat”a bildirdi ki, bundan sonra elektrik və hibrid avtomobillər ucuzlaşacaq. Onun sözlərinə görə, bunun əsas səbəbi bu avtomobillərin gözləntiləri doğrultmamasıdır: “Azərbaycanda elektrik və hibrid avtomobilləri uzunmüddətli idarəetmə üçün yararlı deyil. Orta statistik nəticələrə əsasən, ölkəmizdə avtomobillərin əksəriyyəti ən az 18 il istifadə olunur. Bizdə tez-tez avtomobil alqı-satqısı edən insanların sayı azdır. Hələ ki, ən çox tələb olunan daxiliyanma mühərriki ilə çalışan avtomobillərdir. Qış mövsümündə elektrikli avtomobillə uzun məsafə qət etmək çətinləşir. Batareyalar zəiflədikcə uzun məsafə qət edə bilmir. Enerji doldurma məntəqələrində çox zaman itirilir ki, bu da iş adamlarına sərf etmir. Elektrik və hibrid avtomobilləri müqayisə etsək, hibrid üstünlük təşkil edir çünki həm benzinlə işləyir, həm də elektriklə, yolda qalmaq ehtimalı yoxdur. Adətən dünyada da tendensiya belədir-yeni çıxan məhsula hər kəs maraq göstərir, əldə edir, amma gözləntilər hər zaman özünü doğrultmur”.
Ekspertin fikrincə, yanvarın 1-dən sonra həm köhnə, həm də yeni avtomobillərin qiyməti dəyişəcək: “Dünyanın, demək olar ki, bütün ölkələrində bununla bağlı ehtimallar müşahidə olunur. Elektrikli avtomobili ikinci avtomobil kimi istifadə etmək olar. Ölkəmizdə Çin istehsalı avtomobillərə daha çox xanımlar üstünlük verir. Hesab edirəm ki, uzunmüddətli, daha etibarlı avtomobil daxili yanma mühərriki ilə işləyən avtomobillərdir. O ki qaldı idxalın aşağı düşməsinə, qiymət də daha aşağı olmalıdır. 2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda hibrid və ”plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunacaq. Bundan sonra qiymətlər fərqli olacaq. Qiymətlərin daha aşağı olacağını düşünmürəm çünki 2025-ci ildə çox sayda Çin istehsalı avtomobillərin idxalı və ucuz satılması bazara ciddi ziyan vurdu. 2026-cı ildə bu məsələ tənzimlənəcək və qiymətlərdə artım müşahidə olunacaq".
Modern.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov isə bildirib ki, qeyd olunan güzəştlərin ləğvi əslində arzuolunan deyil, çünki bu güzəştlərin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın avtomobil parkını yeniləmək, ekoloji cəhətdən daha təhlükəsiz və müasir texnologiyalara əsaslanan, ətraf mühitə az zərər vuran avtomobillərin ölkəyə gətirilməsinə stimul vermək idi".
Nəqliyyat eksperti eyni zamanda nəzərə çatdırıb ki, əvvəlki illərlə müqayisədə bu il xüsusilə Çin istehsalı olan avtomobillərə maraq daha da artıb. Onun fikrincə, bu baxımdan güzəştlərin ləğvi müəyyən olunmuş strateji hədəflərin yarımçıq qalması ilə nəticələnə bilər: “Vurğulamaq vacibdir ki, güzəştlərin ləğv olunmasının birbaşa iqtisadi nəticələri də olacaq. Belə ki, idxal rüsumları və vergilər yenidən tətbiq olunarsa, bu, avtomobillərin idxal dəyərinin artmasına səbəb olacaq. Bu isə istər yeni, istərsə də ikinci əl avtomobillərin satış qiymətinə birbaşa təsir edəcək. Avtomobilin hansı ölkədən, hansı üsulla gətirilməsinin önəmi olmayacaq, güzəşt ləğv olunursa, qiymət artacaq. Nəticədə daxili bazarda avtomobillərin əlçatanlığı azalmaqla yanaşı, satış qiymətləri də artacaq”, - deyə Ə.Hüseynov qeyd edib.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ