İnsanlara hürriyət, millətlərə istiqlal!

Mavrlara qısqanclıq

Söz vaxtına çəkər, keçən ilin yayında dostlardan kimsə mənə FİFA reytinq siyahısından bir hissənin fotosunu yollamışdı. Orada şanlı milli futbol komandamız 111-ci yerdə idi. Bizdən sonra Mavritaniya gəlirdi.

Əgər Mavritaniyanın mavrlar yaşayan ölkə, Otellonun vətəni olduğunu, Afrikada bir ərazi olduğunu bilirsinizsə, qəti yanılmırsınız. Əlavə olaraq Mavritaniyanın 1 milyon kvadrat-kilometrdən çox sahəsinin 60 faizinin səhra, yerdə qalan 40 faizinin də elə təxminən yarımsəhra olduğunu yazmalıyam. Bu boyda ərazidə cəmi-cümü 4 milyon nə qədərsə camaat qalır (“yaşayır” yazmaq bir az çətindir), hərçənd mənim kimi basırıq sevməyən adamlar üçün ideal yerdir, hər kvadrat-kilometrdə 3 adam güc-bəla ilə taparsan.

İnsan haqlarına-zada münasibətdə də tipik müsəlman dövlətidir, başınızı ağrıtmaq istəmirəm. Bəs niyə Mavritaniya ilin-günün bu vaxtı yadıma düşdü? Tragikomik səbəbdən: istədim bilim qonşumuz siyahıda indi haradadır. Açdım FİFA reytinqini, gördüm hazırda Mavritaniya 110-cudur, Azərbaycan isə 119-cu. Yəni ötən 1 il ərzində futbol başbilənlərimizin sayəsində Mavritaniyadan da 9 pillə geri düşmüşük.

Vallah, halal olsun. Bunu heç kim bacarmazdı. Mavrların komandasını nəzərdə tuturam, ağlınıza başqa şey gəlməsin. Təsəvvür elə, Mavritaniyada paytaxt Nuakşot şəhərində cəmi 1 stadion tapmaq mümkündür, onu da Google peyk xəritəsində yekəldib baxanda görürsən otları çoxdan Günəş yandırıb. Yəni camaat o qumun, daş-kəsəyin içində, təpəsi istidən deşilə-deşilə bizimkilərdən yaxşı oynayır. Bu yerdə elə Şekspirin həmin əsərindən, Yaqonun dilindən sitat gətirməliyik: “Geyinin xalatı, hörmətli ata, Sizi talayıblar siz yata-yata”.

Öz milli şairimiz demişkən, “bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən” əziz oxucularımızdan Ruslan bəydən bir mesaj gəldi. (Deyəsən, milli futbolu ondan çox fikirləşən yoxdur, böyük ehtimalla Mavritaniya ilə yanaşı olduğumuz keçənilki siyahını da mənə o yollamışdı). İndi isə bəy İmişlinin yerli futbol komandasına qoyulan baş məşqçi haqda xəbəri yana-yana mənə göndərib, yazır ki, Xorxe Kaskilya adlı bu məşqçi son 9 ildə heç bir komandada 6 aydan artıq çalışa bilməyibdir: “Görəsən, bu həqiqətən Tərlan Əhmədov, Kamal Quliyevdən yaxşı məşqçidir, ya bunu karyerasından göründüyü kimi, 6 ay işlətməyə gətiriblər?”

Zarafat üçün qeyd edim ki, İmişli də təxminən Mavritaniya kimi yerdir və orada camaat hələ futbol da oynayırsa, buna şükür etməliyik. Bəlkə elə İmişli futbolçuları hesabına FİFA-da qabağa gedəcəyik. Seyidlərin cəddi köməyimiz olsun. (Apreldə “Dünya çempionatı-2026" üçün seçmə mərhələsinin püşkü atılanda və Azərbaycan Fransa ilə eyni qrupa düşəndə komandanın yarımmüdafiəçisi Emin Mahmudov elə bu cür söyləmişdi: "Fransa ilə oyunda bizə Allah kömək etməlidir". Tarixi təcrübəni nəzərə alan müdrik insandır).

Ancaq Xorxe müəllimi basa-basa gətirmək, doğrudan, kimə lazımdır, anlaşılmır. Bu adamın 2023-cü ildə işlədiyi axırıncı məşqçilik Portuqaliyanın 3-cü liqasında “Trofense” adlı klub üçün olubdur. Hətta orada da 4 aydan sonra qovublar. Həmin liqanın səviyyəsi haqda hər hansı fikir bildirmək istəmirəm, yalnız bir faktı bildirim ki, oradakı klublardan biri “Fatma” adlanır.

Xariciyə pul verirlər, özümüzünkülərə qıymırlar. Həmin xariciləri sonra qova da bilmirlər, böyük kompensasiyalar səbəbindən. Milçək şirəyə daraşan kimi, dünyada nə qədər işə yaramaz, tüfeyli, dələduz varsa axışır biz tərəfə. Bunu təkcə obrazlı ifadə kimi yazmıram. İmişlidə şəkər zavodu var idi, axırı necə oldu, bilmirəm. Ümidvaram hələ zavodu şirinçay eləyib içməyiblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR