İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məkkəlilərdən artıq ərəb olmağ”ıın nəticəsi– İran Misir yoluyla getsəydi...

Ərəb-yəhudi münaqişəsinin kökünü aramaq üçün eramızdan öncəki minilliklərə getmək lazımdır. Bu isə yüz kitablıq söhbətdir. Çünki əsrlərlə yan-yana, içə-içə yaşayan bu iki xalq min illərdir münaqişə içindədirlər. Bir-birinə hücumlar, qətliamlar, deportasiyalar, əsarət, zülm-zillət – arada hər şey var.

İlk başda bu, yaşayış uğrunda mübarizə olub. Onlar hələ eyni bütə sitayiş, eyni Yaradana ibadət etdikləri vaxtlardan qırğında olublar. Sonradan düşmənçilik dini səciyyə də alıb.

Ancaq 1948-ci ildə Fələstində İsrail dövlətinin qurulması, yəhudilərin 2 min ildən sonra böyük icmalar halında bölgəyə qayıtmasıyla ərəb-yəhudi savaşı yeni bir fazaya daxil olub və hələ də o fazadadır.
II dünya müharibəsində genosidə məruz qalan yəhudi xalqının sonrakı mövcudluğunun təmin edilməsi üçün milli dövlətə malik olmaları zərurətə çevriləndə yəhudilərin məskunlaşma məkanı kimi əsasən iki yer nəzərdə tutulub – biri Krım, o biri Fələstin.

Krım variantı alınmayıb. Stalinin rəhbərlik etdiyi sovet dövləti yəhudiləri aldadıb, buna etiraz edən yəhudi liderlərə qarşı sui-qəsd və repressiya tədbirləri həyata keçirib. Sovet rəhbərliyi yəhudilər üçün “dünyanın qurtaracağında” – Uzaq Şərqdə, Yaponiyaya yaxın bir yerdə paytaxtı Birobidjan şəhəri olmaqla Yəhudi Muxtar Vilayətinin yaradılmasını nəzərə alaraq onlara ikinci dəfə muxtariyyat (və ya müstəqil dövlət) statusu verməkdən vaz keçiblər.

Hazırda Birobidjanda və muxtar vilayətdə yaşayan yəhudilərin sayı 0,5 faiz civarındadır.

1947-48-ci illərdə Fələstində yəhudi dövləti yaradılarkən bölgədəki ərəb dövlətləri buna ciddi etiraz ediblər. Onlar Fələstin ərazisinin yəhudi və ərəb icmaları arasında qeyri-bərabər bölündüyünü əsas götürərək bölünmə planını qəti şəkildə rədd ediblər. Silahlı qarşıdurma başlayıb.

teyyar.JPG (87 KB)

                                İsraillə savaşda vurulmuş Misir təyyarəsi

İsrail bu münaqişədə Ərəb Liqası ölkələrinə - Misir, Suriya, İordaniya, İraq, Livan, Səudiyyə Ərəbistanı və Yəmənə qarşı vuruşub. Yəhudilər hücuma keçərək Fələstinin ərəb kəndlərini tutmağa başlayıblar. Döyüşlər mülki əhaliyə qarşı qarşılıqlı hücumlarla müşayiət olunub, nəticədə ərəb kənd və şəhərlərinin bir çox sakinləri öz evlərini tərk ediblər və artıq geriyə qayıda bilməyiblər.

May ayında ərəb ölkələri müdaxiləyə başlayıb, lakin əməliyyatlarda ahəngdarlıq olmadığından uğur qazana bilməyiblər. 1949-cu ildə bəzi ərəb ölkələri İsraillə ayrı-ayrılıqda sülh müqavilələri imzalayıblar. Başqa sözlə, onlar fələstinli soydaşlarının arxasından çəkiliblər, onları meydanda tərk buraxıblar. Nəticədə BMT tərəfindən dövlət qurmaq hüququ almış Fələstin xalqı, necə deyərlər, “Əli aşından da olub, Vəli aşından da”. Müharibə nəticəsində Fələstinə ayrılan ərazilərin yarıdan çoxu İsrail tərəfindən işğal edilib.

Həmin müharibədə İsrail 6000, ərəb ölkələri isə 5000-15000 adam itirib. Müharibənin ən böyük zərbəsi Fələstin ərəblərinə dəyib - 500 mindən bir milyona qədər insan qırğın qorxusundan evlərini tərk edib. Fələstin xalqının tarixşünaslığında və yaddaşında bu hadisə ərəbcə “fəlakət” mənasını verən Nəkbə kimi tanınır. Buna cavab olaraq ərəb ölkələri on minlərlə yəhudini öz sərhədlərindən qovub.

O zamanlar ərəb ölkələri indiki kimi varll, imkanlı olmayıblar. Üstəlik, hamısı öz müstəqilliklərini Böyük Britaniya və Fransadan yenicə qazanmış halda olublar, London və Parisin nüfuz dairəsində qalmaqda davam ediblər. Ona görə də onların ABŞ-dən hərtərəfli dəstək alan mütəşəkkil və əzmkar İsrail dövlətinin qarşısında zəif qalması anlaşılandır.

Eyni durum ötən əsrin 60-cı illərinin ikinci yarısında, “6 günlük müharibə”də də yaşanıb. İsrail bu dəfə də birləşmiş ərəb dövlətlərini – Misiri, Suriyanı, İordaniyanı məğlub edib. 1973-cü ildə Suriya, Misir, İraq və İordaniya yenidən İsraili darmadağın etmək üçün cəhd ediblər. Bu dəfə də alınmayıb. İsrail əks-hücuma keçib və Sinayı işğal edərək Süveyşə doğru irəliləyib.

Nəhayət, ərəb dövlətləri anlayıblar ki, İsrailə bata bilməyəcəklər. Ona görə də onlar, şübhəsiz ki, ABŞ-nin “tövsiyəsi” ilə İsraillə münasibətlərini normallaşdırmağa başlayıblar. İlk olaraq Misir İsraillə separat sülh danışıqları aparıb və 1978-ci ildə Kemp-Deviddə (ABŞ) sülh sazişi imzalayıb.

kaartanv.JPG (66 KB)

            Ənvər Sadat (Misir), Ceyms Karter (ABŞ) və Münahem Begin (İsrail)

Buna görə Misir prezidenti Ənvər Sadat və İsrailin baş naziri Menahem Begin Nobel sülh mükafatı alıblar. Ancaq bu mükafat Misir prezidentinə həyatı bahasına başa gəlib, 1981-ci ilin payızında İslamçı terror qrupları “Əl-Qəmaə əl-İslamiyyə” və “İslami Cihad” İsraillə yaxınlaşmasına görə ondan qisas alıb, hərbi paradda Ənvər Sadatı qətlə yetiriblər.

1979-cu ildən sonra isə ərəb dövlətlərinin İsraillə mübarizəsi İranda hakimiyyətə gəlmiş teokratik rejimin mübarizəsinin yanında kölgədə qaldı. O vaxtdan başlayaraq, İran rəhbərləri hər fürsətdə İsraili Yer üzündən siləcəklərini bəyan edir, İsrailə qarşı döyüşən Fələstin mücahidlərini hər vasitə ilə dəstəkləyirdilər. İranın xarici siyasətində İsraillə mübarizə 45 ildən çoxdur ki, leytmotivdir.

Son 5-6 ildə ərəb dövlətləri İsrailə qarşı xeyli yumşalıblar. Birləşmiş Ərəb Əmirlikləri 2020-ci ildə İsraillə diplomatik münasibətlərin qurulduğunu elan edib. 2021-ci ilin iyul ayında BƏƏ İsraildə rəsmi olaraq səfirlik açıb və İsraillə tam diplomatik əlaqələr saxlayan üçüncü ərəb ölkəsi olub. Əgər Qəzzada baş verən qanlı qırğınlar olmasaydı, digər ərəb dövlətləri də indiyədək İsraili tanıyacaq, diplomatik münasibətlər quracaqdılar. Ancaq İsrail-HƏMAS savaşı sabitləşmə prosesinə ciddi zərbə vurdu.

Ərəb dövlətlərinin İsraillə sülhə can atdığı, ən azı hər dəfə yeni bir bəhanə ilə onun üzərinə hücuma keçmədiyi bir dövrdə İranın anti-İsrail ritorikasının gündən-günə sərtləşməsi əvvəl-axır qanlı müharibəyə səbəb olmalıydı. Elə də oldu.

Siyasətşünaslıqda “Roma Papasından artıq katolik olmaq” kimi bir ifadə var. İranın siyasəti məhz “məkkəlilərdən artıq ərəb olmaq”dır. Halbuki Tehran bu xüsusda daha praqmatik siyasət yeritməli, yalançı “ümmət pasibanlığı” xəttindən imtina etməliydi.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR