Onlayn ictimai-siyasi qəzet
Kremlin sahibi Vladimir Putinlə Ağ Ev sahibi Donald Tramp arasında baş tutan telefon danışığından, eləcə də Trampla ukraynalı həmkarı Volodimir Zelenski görüşündən sonra Rusiya-Ukrayna savaşı yeni bir fazaya qədəm qoyub. Artıq müharibənin sonunu gətirəcək razılaşmalar ətrafında mərhələnin başlandığı yönündə fikirlərə rast gəlirik.
Trampın Zelenski ilə son görüşündə hətta ona Rusiyaya müəyyən güzəştlərə etmək üçün təzyiqlər göstərdiyi də gəzən xəbərlər sırasındadır.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi görüş zamanı ukraynalı həmkarı Volodimir Zelenskini Rusiyanın müharibəni dayandırmaq üçün şərtlərini qəbul etməyə çağırıb və xəbərdarlıq edib ki, bunu etməsə, Rusiya lideri Ukraynanı məhv edəcək.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, görüş zamanı Tramp dəfələrlə mübahisə edib:
"ABŞ prezidenti Ukraynadakı cəbhə xətlərinin xəritələrinə baxmaqdan imtina edib və Zelenskiyə bütün Donbası Putinə verməsini təkid edib, rus liderinin telefon danışığı zamanı söylədiyi fikirləri dəfələrlə təkrarlayıb".
Mənbə əlavə edib ki, Tramp Zelenskiyə müharibəni uduzacağını deyib və xəbərdarlıq edib ki, Putin istəsə, onları məhv edəcək.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com-a açıqlamasında Trampın başqa çıxış yolunun qalmadığını qeyd edib:
"Donald Tramp Rusiya və Ukrayna arasında sülhə nail olmaq üçün ciddi cəhd göstərir. Lakin bunun alınması mümkünsüz görünür. Çünki vəziyyət demək olar ki, dalana dirənib. Nə Putin, nə də Zelenski tələblərindən geri çəkilir. Bu durumda nəticə almaq mümkün deyil. Tramp çıxış yolu kimi tərəflərə təzyiq etməyi görür. Görünən budur ki, daha çox təzyiq altında qalan da Ukrayna tərəfidir, Zelenskidir. ABŞ Zelenskiyə basqılar etməklə, psixoloji təzyiqlə onu Putinin tələblərinə razı salmağa çalışır.
Hesab etmirəm ki, bu addım çıxış yoludur və nəticə verəcək. Rusiya və Ukrayna arasında sülhə nail olmaq üçün tərəflərin bir-birinə qarşı olan maksimalist tələblərdən çəkilməsi, hazırkı durumla razılaşması və barışması lazımdır. Yalnız bu halda müvəqqəti sülh və atəşkəs əldə etmək olar. Uzunmüddətli sülh üçün isə daha çox güzəşt edilməsi, Rusiyanın işğal etdiyi ərazilərdən çıxması lazımdır".
Cavanşir ABBASLI
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ