İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mən təqsirsizəm..." demək həbs üçün əsasa çevrilir - Təhlükəli presedent

Azərbaycanda bəzi məhkəmə qərarları hüquqi məntiqdən çox psixoloji presedentə əsaslanır: "Əgər sən günahsız olduğunu deyirsənsə, həbsdə qalmağa davam et!" – yanaşması bir çox təqsirləndirilən şəxslərin taleyinə hökm kəsilir.

Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün bütün qanuni əsaslar mövcuddur. Zərərçəkmiş şəxsin özü belə etiraz etmir. Tərəflər arasında barışıq da var. Amma hakim vəsatəti təmin etmir. Səbəb? Təqsirləndirilən şəxs özünü təqsirli bilmir.

Bəs bu qərar hüquqa nə dərəcədə uyğundur? Hüquqi dövlətlərdə insanın "mən təqsirli deyiləm" deməsi onu cəzalandırmaq üçün əsas ola bilərmi?

Əsla yox! – deyə, hüquqşünaslar cavab verir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində qətimkan tədbirinin tətbiqi yalnız aşağıdakı hallarla əsaslandırıla bilər:

Şəxsin istintaqdan və məhkəmədən yayınma təhlükəsi;

Yeni cinayət törətmək ehtimalı;

Sübutların saxtalaşdırılması və ya yox edilməsi riski;

İctimai qaydaya təhlükə.

Təqsiri boynuna almaması – bu siyahıda yoxdur.

Əksinə, eyni Məcəllənin 21-ci maddəsində deyilir:

"Hər kəs onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilməyincə günahsız sayılır".

Barışıq var, şikayət yoxdur, amma həbs davam edir...

Əgər barışıq əldə olunubsa, zərərçəkmişin şikayəti yoxdursa, təqsirləndirilən şəxs istintaqdan yayınmırsa, o zaman bu insanın aylarla həbsdə qalması nə ilə əsaslandırılır?

NATİQ.jpeg (75 KB)

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov bu vəziyyəti belə izah edir:

"Qanunda belə yanaşma yoxdur. Hətta Afrika ölkələrinin məhkəmələrində belə "təqsiri boynuna al, evə buraxım" yanaşması yoxdur. Bu artıq hüquqi deyil, psixoloji təzyiq alətidir. Belə qərarlar azadlıq hüququnun açıq şəkildə pozulması deməkdir".

Prezident İlham Əliyev 2019-cu ildə imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanla açıq şəkildə bildirirdi:

"Cinayət prosesi zamanı şəxsin azadlıq hüququnun pozulmaması, alternativ qətimkan tədbirlərinin geniş tətbiqi təmin olunmalıdır".

Lakin bir çox hüquqşünaslar hesab edir ki, həmin fərman əksər hallarda yerli məhkəmələr üçün yalnız formal xarakter daşıyır.

Natiq Ələsgərov deyir ki, hüquq ictimaiyyəti Prezidentin iradəsinə inanır:

"Amma yerlərdəki məhkəmə sisteminin bu iradəyə adekvat davrandığını demək çox çətindir".

Ədalətsizlik ilkin mərhələdə başlayırsa, son hökm obyektiv ola bilərmi?

Bu sual artıq hüquq sahəsinin deyil, həm də ictimai ədalətin obyektivliyini ölçən meyardır.

Əgər təqsir sübut olunmamış şəxs ilkin mərhələdə psixoloji təzyiqlə, həbsdə saxlanmaqla etiraf etməyə məcbur edilirsə, o halda yekun məhkəmə qərarının obyektivliyinə necə inanmaq olar?

Bu sualın cavabı açıq qalır…

Elşən Məmmədəliyev
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR