Onlayn ictimai-siyasi qəzet
Sverdlovsk vilayətindən olan anarxist Aleksey Rojkov hərbi komissarlığı yandırdığına və müharibəni pisləyən müsahibə verdiyinə görə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, o, 2023-cü ildə Qırğızıstandan ekstradisiya edilib.
Rojkov Yekaterinburq yaxınlığında yerləşən Berezovski şəhərinin sakinidir. 2022-ci ilin martında o, yerli hərbi komissarlığın binasına üç ədəd “Molotov kokteyli” atıb. Yanğın tez bir zamanda söndürülüb və ciddi dağıntı olmayıb. Rojkovun özü izah edib ki, o, bu hərəkəti Ukraynadakı müharibəyə etiraz olaraq edib.
Əvvəlcə o, istintaq təcridxanasına göndərilsə də, sonradan zaminə buraxılıb. 2022-ci ilin payızında, səfərbərlik başlayandan sonra, bu cür hərəkətlər terror aktı kimi təsnif olunmağa başlayanda, Rojkov Rusiyanı tərk edərək Qırğızıstana gedib.
2023-cü ilin mayında o, Bişkekdə saxlanılaraq Rusiyaya deportasiya edilib. Rojkovun sözlərinə görə, gəldikdən sonra onu vəhşicəsinə döyüblər, elektroşokla işgəncə veriblər və zorakılıqla hədələyiblər.
Həbsxanaya qayıtdıqdan sonra o, Rusiya siyasətini “Xodorkovski LIVE” kanalına verdiyi müsahibədə tənqid etdiyi üçün yeni ittihamlara məruz qalıb.
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ