İnsanlara hürriyət, millətlərə istiqlal!

Ohanyan Ermənistanda villaya görə yox, Azərbaycanda törətdiyi hərbi cinayətlərə görə mühakimə olunmalıdır!

Ermənistan İstintaq Komitəsi ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan keçmiş ekologiya naziri Artsvik Minasyan və daha dörd yüksək vəzifəli şəxs barəsində cinayət işinin ilkin istintaqını tamamladığını elan edib.

Musavat.com xəbər verir ki, onlar korrupsiya, dövlət torpaqlarının mənimsənilməsi və saxta sənədlərlə tikinti icazələri almaqda ittiham olunurlar.

Məlum olub ki, Ohanyan hələ 2010–2015-ci illərdə dövlət torpaqlarını öz ailəsi üçün ələ keçirib, “Sevan Milli Parkı”nın qorunan ərazisində villalar inşa etdirib, tikinti işlərini Müdafiə Nazirliyinin podratçıları və zabitləri vasitəsilə həyata keçirib, hərbi polisin vəsaiti hesabına mühafizə təşkil edib və saxta sənədlərlə prosesi qanuniləşdirməyə çalışıb. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən milyonlarla dram vəsaiti mənimsəməkdə və sui-istifadə ilə dövlət strukturlarını zəiflətməkdə günahlandırılırlar.

Amma məsələ villa deyil – məsələ Qarabağda qanla yazılmış cinayətlərdir!

Azərbaycan cəmiyyəti və ictimaiyyəti üçün bu cür ittihamlar və “korrupsiya dosyesi” sadəcə görüntüdür. Seyran Ohanyan təkcə bir villaya görə yox, Qarabağda minlərlə azərbaycanlının qanına bais olmuş, hərbi cinayətlər törətmiş bir simadır.

Xatırladaq ki, Ohanyan 1992-ci ilin fevralında Xocalıda, 1993–1994-cü illərdə Kəlbəcər, Ağdərə, Laçın, Füzuli və digər bölgələrdə törədilən soyqırımı və müharibə cinayətlərində birbaşa iştirak etmiş və rəhbərlik etmiş şəxslərdəndir. Onun komandanlığı altında uşaq, qadın, qoca demədən minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, işgəncələrə məruz qalıb, əsir götürülüb.

Bu gün Ermənistanda baş verən proses – korrupsiya və torpaq mənimsəmə ilə bağlı araşdırma – əsl cinayətlərin üstünü örtmək üçün oyun ola bilər. Azərbaycan xalqı bu canilərin yalnız mülki korrupsiya əməllərinə görə deyil, hərbi cinayətlərinə, soyqırımı aktlarına, işğalçılıq siyasətinə görə məsuliyyətə cəlb olunmasını tələb edir.

Ohanyan da separatçı rejimin simaları – Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan və digərləri – Azərbaycan ərazilərində törətdikləri qanunsuzluqlara, dağıntılara, insanlığa qarşı cinayətlərə görə Bakıda, beynəlxalq hüquq çərçivəsində cavab verməlidir.
Yəni onu və digər müharibə canilərini Azərbaycan Ermənistandan istəməli, Bakıya gətirməlidir.

Azərbaycanın müvafiq orqanları bu şəxslərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüquqi prosedurları davam etdirməlidir. Çünki şəhidlərimizin qanı, dağıdılmış şəhərlərimiz, talan olunmuş sərvətlərimiz cavabsız qalmayacaq!


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR