Onlayn ictimai-siyasi qəzet
Mixail Şvıdkoyun Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz ucaldılmış Ayvazovski “abidəsi”nin sökülməsi ilə bağlı səsləndirdiyi ittihamlar, sadəcə bir təbliğatçının şəxsi mövqeyi deyil, Kremlin müasir assimilyasiya və mədəni kolonizasiya siyasətinin özünü ifşa edən nümunəsidir.
Musavat.com-un məlumatına görə, bunu deputat Elçin Mirzəbəyli Rusiya prezidentinin xüsusi nümayəndəsinin səsləndirdiyi iddialara reaksiyasında bildirib.
Millət vəkili qeyd edib ki, Şvıdkoy “dostluq”, “tərəfdaşlıq” və “mədəni münasibətlər” anlayışlarını manipulyasiya edərək, Azərbaycanın tamamilə qanuni qərarını “düşmənçilik aktı” kimi təqdim etməyə çalışır:
“Halbuki o çox gözəl bilir ki, həmin abidə 2021-ci ildə, Ermənistanın işğal rejiminin qalıqları və Rusiya sülhməramlılarının nəzarəti altında, Azərbaycanın icazəsi olmadan, özbaşına şəkildə quraşdırılıb. Bu isə təkcə hüquqi baxımdan deyil, həm də mənəvi baxımdan Azərbaycan xalqının iradəsinə qarşı məqsədyönlü və açıq hörmətsizlik nümayişi idi.
Şvıdkoy və onun təmsil etdiyi “mədəniyyət” dairələri postsovet məkanında, xüsusilə Qafqaz və Orta Asiyada rus dilini və mədəniyyətini hələ də dominant amil kimi təqdim etməyə çalışırlar. Bu, faktiki olaraq mədəni assimilyasiya təzyiqinin bir formasıdır. Rus mədəniyyəti adı altında təsir dairələrini qorumağa çalışan bu çevrələr, yerli xalqların tarixini, dilini və mədəni irsini ya görməzdən gəlir, ya da Rusiyadan daha qədim dövlətçilik tarixinə və zəngin mədəniyyətə malik olan bu xalqları mənəvi cəhətdən əzməklə öz üstünlüklərini nümayiş etdirməyə cəhd göstərirlər. Digər tərəfdən, hər kəsə bəllidir ki, Ayvazovski yalnız rus rəssamı deyil. Erməni əsilli olan bu şəxs Osmanlı imperiyasında doğulub və heç vaxt nə Azərbaycanla, nə də onun ayrılmaz hissəsi olan Qarabağla bağlılığı olmayıb. Onun adının Qarabağda abidələşdirilməsi Azərbaycanın tarixi-mədəni reallıqlarına qarşı açıq təxribat idi və təxribatın nəticələri aradan qaldırılmalıydı”.
E.Mirzəbəylinin sözlərinə görə, Şvıdkoyun yanaşması isə istisnasız olaraq, Kremlin dəyişməyən imperiya reflekslərinin davamı kimi dəyərləndirilməlidir: “Moskva Ayvazovski obrazı vasitəsilə Qarabağda separatizmin mədəni əsaslandırılmasını və legitimləşdirilməsini hədəfləyirdi. Şvıdkoya gəldikdə isə o, rus mədəniyyətinin daşıyıcısından daha çox, Kremlin ideoloji “mədəni komissarı” kimi çıxış edir və neoimperializmin mədəni estetikasını formalaşdırmağa çalışan əsas fiqurlardan biridir.
Azərbaycanın Qarabağda həyata keçirdiyi hər bir tədbir onun suverenliyinin bərpası çərçivəsindədir. İşğal dövründə qanunsuz quraşdırılmış abidələrin sökülməsi, tarixi-mədəni irsin bərpa edilməsi isə hüquqi və mənəvi baxımdan tamamilə zəruri və milli iradəni ifadə edən addımlardır”.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ