İnsanlara hürriyət, millətlərə istiqlal!

Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI

Füzuli rayonun Qayıdış-2 qəsəbəsində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs qətli törətdikdən sonra meyiti kanala atıb. Sonra da öldürdüyü şəxsin axtarışlarına qoşulub. Həbs edilən şəxs qətli namus üstündə törtədiyini deyir. Lakin mərhumun ailə üzvləri bununla razılaşmır.

Musavat.com xəbər verir ki, hadisə 2024-cü ilin oktyabr ayında baş verib. Anar Mahmudov fermasında işlədiyi müdiri Yaşa İbadovu küt alətlə vuraraq qətlə yetirib. Daha sonra meyiti xalçaya bükərək traktorla “Baş Mil” kanalının yanına aparıb. Ətrafda heç kimin olmadığını müşahidə etdikdən sonra meyiti xalçadan çıxararaq kanala atıb.

İstintaqla müəyyən edilib ki, Anar Mahmudov qətli törədəndən sonra meyiti xalçaya büküb. İbişovu öldürməklə qəzəbi soyumayan Mahmudov meyitin üzərinə sidik də ifraz edib.

Anar Mahmudov qətlə yetirdiyi şəxsin fermasında traktor sürücüsü olaraq işləyirmiş. Anarın sözlərinə görə, Yaşa İbişova bir müddət borcu olduğu üçün ondan asılı vəziyyətə düşüb. Sonra borcunu ödəyə bilib.

Hadisə baş verənə qədər münasibətlərinin normal olduğunu deyən Anar Mahmudov bildirib ki, mərhum tez-tez spirtli içki içərək ətrafındakı insanlarla mübahisə edir, işçilərini də döyürmüş:


“Arvadı ondan ayrılmışdı. Qardaşı ilə də dava edirdi. Tez-tez içki içirdi. Hadisə günü bizə gəldik. Çox içki içmişdi, amma yoldan iki dənə də pivə aldı. Evdə pivənin birini içdi. Bir az keçəndən sonra yoldaşım bizə çay gətirdi. Mən telefonla danışmaq üçün qapıdan çölə çıxdım. Telefonla danışanda gördüm ki, Yaşa dizlərini yerə qoyaraq divanda əyləşən yoldaşımı özünə tərəf dartır. Bunu görən kimi əsəbləşdim. Traktorun təmirində istifadə etdiyim dəmir aləti götürüb otağa gəldim. İçəri girəndə Yaşa yoldaşımın üstündə oturmuşdu. Onunla cinsi əlaqədə olmaq istəyirdi. Yaşanı arxaya çəkib “biz qardaşıq axı” dedim. Məni itələyib yenidən yoldaşımın üstünə hücum çəkdi. Yoldaşım otaqdan qaçanda Yaşanı bir dəfə vurdum. Üstümə hücum çəkəndə yenə vurdum. Neçə dəfə vurduğumu dəqiq olaraq xatırlamıram”.

Anar Mahmudov bildirib ki, qətli törədəndən sonra nə edəcəyini bilməyib: “Ağlıma ilk gələn meyiti gizlətmək oldu. Traktoru həyətə gətirib meyiti arxasına qoydum. Kanala atandan sonra evə qayıtdım. Yaşanın qardaşı, fermada işləyənlər soruşanda görmədiyimi deyirdim. Fermada və ətraf ərazilərdə Yaşanı axtarırdıq”.

Bildirək ki, mərhumun meyiti hadisədən 4 gün sonra kanalın “Qayıdış 5” qəsəbəsi ərazisindən tapılıb.

Anar Mahmudovun arvadı şahid qismində dindirilən zaman hadisənin baş vermə səbəbini ərinin danışdığı kimi izah edib. O, meyitə əl vurmağa qorxduğunu, lakin sonda məcbur qalıb ərinə kömək etdiyini deyib.

Qətlə yetirilən şəxsin anası hüquqi varis kimi tanınıb. Ananın sözlərinə görə, oğlunun qətlinin başqa səbəbləri var:

“Yaşa içki içdiyi üçün arvadından ayrılmışdı. Sonra fermada işləyən Elviyyə ilə münasibətləri yaranmışdı. Onunla fermada ər-arvad kimi yaşayırdılar. Bir müddət əvvəl Elviyyə Yaşadan olan iki oğlunu da götürüb fermada işləyən başqa bir işçi ilə qaçmışdı. Bu hadisə Yaşanın psixoloji vəziyyətini tamamilə dəyişmişdi. Yaşa həddidəndən artıq spirtli içki içməyə başladı. Hər gün içirdi.

Mənə ayın 31-də dedilər ki, iki gündür Yaşadan xəbər yoxdur. Qardaşları Yaşanı axtarmağa başladılar. Oğlum Rza deyirdi ki, bəlkə də Yaşa içkili olduğu üçün kanala düşüb. Biz də buna inanırdıq. Bundan sonra polisə də məlumat verildi. Kanalın suyu kəsiləndə Yaşanın meyiti tapıldı. Yaşanı Anarın öldürdüyü məlum oldu. Hadisənin guya Yaşanın Anarın yanında arvadına sataşdığına görə baş verdiyini dedilər. Amma buna inanmıram. Anar ya pula görə, ya da başqa şəxslərin təşkil etdiyi işə görə Yaşanı öldürüb”.

Mərhumun qardaşı dindirilən zaman bildirib ki, Anar Mahmudovun dediklərinə inanmır. Onun sözlərinə görə, Anar qardaşı Yaşanı ya pula görə, ya da başqa şəxslərin sifarişi ilə qətlə yetirib.

Məhkəmə Anar Mahmduovu qəsdən adam öldürmə və ağır cinayəti gizlətməkdə təqsirli bilərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR