Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda hər kəsi heyrətə gətirən nadir və psixoloji cəhətdən həssas hadisə baş verib. 13 il boyunca ailəsi və cəmiyyət tərəfindən qız uşağı kimi tanınan azyaşlı gerçək kimliyini kəşf etdikdən sonra həyatını tamamilə dəyişdirib. Yeniyetmə uzun müddətdir daxili psixoloji narahatlıqlar yaşayırmış və bu səbəbdən bir neçə peşəkar psixoloqla görüşdürülüb. Mütəxəssislərlə aparılan dərin söhbətlər nəticəsində onun əslində özünü oğlan kimi hiss etdiyi və yanlış cinsiyyətlə böyüdüyü üzə çıxıb. Ailə və həkimlərin qərarı ilə azyaşlıya tibbi yardım göstərilib və o, cinsiyyət dəyişdirmə əməliyyatı olunaraq rəsmi olaraq oğlan cinsiyyətini qəbul edib. Hazırda uşağın vəziyyətinin stabil olduğu və psixoloji dəstəyin davam etdiyi bildirilir.
Bu hadisə cəmiyyətin diqqətini yenidən gender kimliyi, psixoloji sağlamlıq və azyaşlıların özünü tanıma prosesinə yönəldib. Mütəxəssislər bu kimi hallarda ailələrin anlayışlı və dəstəkləyici olmasının uşağın psixi sağlamlığı üçün həyati əhəmiyyət daşıdığını bildirirlər.
Bəs yeniyetmənin Azərbaycanda bundan sonrakı həyatı, həmyaşıdlarının ona münasibəti necə olacaq? Axı cəmiyyət çox mühafizəkardır.
Rövşən Nəcəfov
Mövzunu “Yeni Müsavat” üçün klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov şərh etdi. O diqqətə çatdırdı ki, cinsiyyət kimliyi ilə bağlı keçid prosesi yaşayan yeniyetmələr üçün bu dəyişiklik yalnız fiziki yox, həm də dərin psixoloji və kimlik böhranı ilə müşayiət olunur: “Yeniyetmə hələ tam formalaşmamış kimliyi ilə barışmaqda çətinlik çəkə bilər və bu, onun daxilində uzunmüddətli ziddiyyətlərə, suallara və emosional gərginliyə səbəb ola bilər. İnsan özünü dərk etmədikcə, daxili sabitlik əldə edə bilmir. Kimlik axtarışı uzandıqca psixoloji qeyri-sabitlik və özünə qarşı inamsızlıq artır. Bu prosesin ən ciddi risklərindən biri intihar düşüncələrinin yaranmasıdır. Cinsiyyət disforiyası yaşayan gənclər arasında intihar cəhdləri və bu istiqamətdə düşüncələr kifayət qədər yüksək səviyyədədir. Əgər bu gənclər davamlı psixoloji təzyiq, sosial təcrid və alçaldıcı münasibətlərlə üzləşərlərsə, bu risk daha da artır və ağır nəticələrə səbəb ola bilər. Cinsiyyət keçidi, yəni hormonal və ya cərrahi müdaxilələr psixoloji və bioloji əsaslara söykənən mürəkkəb bir prosesdir. Əgər bu müdaxilələr erkən yaş dövründə həyata keçirilirsə, gələcəkdə bədən quruluşu, reproduktiv sağlamlıq və psixoseksual inkişaf baxımından əlavə çətinliklər meydana çıxa bilər. Hormonal balansın qorunması üçün uzun müddət tibbi nəzarət və paralel şəkildə psixoloji dəstək zəruri olur”.
R.Nəcəf vurğuladı ki, cinsiyyət kimliyi ilə cinsi oriyentasiya bir-birindən fərqli anlayışlardır: “Cinsiyyət kimliyi insanın özünü hansı genderdə hiss etməsi ilə bağlıdır. Cinsi oriyentasiya isə şəxsin emosional və ya seksual olaraq hansı cinsə yönəldiyini ifadə edir. Birincisi insanın kim olduğunu, ikincisi isə kimi sevdiyini göstərir. Bu fərqi aydın şəkildə dərk etmək həm psixoloji dəstək prosesində, həm də cəmiyyətin münasibətinin formalaşmasında vacibdir.
Yeniyetməlik dövrü insan həyatının ən mürəkkəb və həssas mərhələlərindən biridir. Bu dövrdə gənclər kimlik axtarışı, emosional dəyişkənlik və sosial qəbul ehtiyacı ilə üz-üzə qalırlar. Xüsusilə cinsiyyət disforiyası yaşayan bir yeniyetmənin özünü tanıması, əsl kimliyini qəbul etməsi və bu həqiqəti çevrəsinə açıqlaması, üstəlik, keçidə dair addımlar atması həm böyük daxili güc, həm də psixoloji baxımdan ciddi risklər tələb edir. Əgər bu həssas mərhələdə yeniyetmə tənhalıq, sosial təcrid, zorakılıq və ya alçaldıcı münasibətlərlə qarşılaşarsa, bu, onun psixoloji sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Belə hallarda depressiya, özgüvən əskikliyi və postravmatik stress pozuntusu kimi ağır nəticələr ortaya çıxa bilər".
Psixoloq eyni zamanda qeyd etdi ki, cəmiyyət artıq bu hallara problem kimi deyil, elmi əsaslarla izah olunan insani bir həqiqət kimi yanaşmağı öyrənməlidir: “Xüsusilə sosial mediada məsxərə, nifrət və qərəzli münasibətlərə yer olmamalıdır. Əvəzində maarifləndirici, etik və empati əsaslı müzakirələr təşviq edilməlidir. İnsanları ağır psixoloji vəziyyətlərə təhrik etmək əxlaqi və hüquqi baxımdan yolverilməzdir. Unutmayaq ki, həqiqət mühakimə deyil, elm və anlayış tələb edir. Cəmiyyət öz dəyərlərini qorumaq istəyirsə, bunu qərəzlə yox, humanist düşüncə və insani yanaşma ilə etməlidir. Hər bir insanın öz kimliyini qorumaq və ifadə etmək hüququ var. Bu hüquq nə cəmiyyətin, nə də başqalarının hökmünə tabe deyil. Bu hüquq yalnız fərdin özünə məxsusdur. Yeniyetmələr daim diqqətlə dinlənməli, mühakimə edilmədən, hisslərini sərbəst ifadə edə biləcəkləri təhlükəsiz emosional mühitlə əhatə olunmalıdır. Davamlı psixoloji dəstək bu prosesin vacib hissəsidir. Ailə və yaxın çevrə anlamalıdır ki, bu mərhələ yalnız tibbi və ya sosial bir dəyişiklik deyil, həm də fərdin varoluşuna dair dərin və incə psixoloji bir yolçuluqdur”.
“Yeni Müsavat”
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ