Onlayn ictimai-siyasi qəzet
Sentyabrda Azərbaycanda Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz Qardaşlıq” çoxmillətli təliminin keçirilməsi nəzərdə tutulub.
“Yeni Müsavat” xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev 30 avqust - Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda keçirilən qəbulda deyib.
“Azərbaycan və Türkiyənin müdafiə sahəsində əldə etdiyi nailiyyətlər hərbi birliyi daha da möhkəmləndirir, regionda əmin-amanlığın və sabitliyin qorunmasına böyük töhfə verir”, - o əlavə edib.
Bu təlimlərin keçirilməsi təbii ki, ordumuzun peşəkarlığının artırılmasında növbəti bir təcrübə olacaq. Eyni zamanda Azərbaycanda keçirilməsi bədxah qüvvələrə, ölkəmizə xor baxanlara, şimaldan və cənubdan təhdid yağdıranlara bir ismarış kimi dəyərləndirilə bilər. Nəzərə alaq ki, təlimdə NATO üzvü olan Türkiyə kimi müttəfiq ordu, nüvə silahına malik müttəfiq və qardaş Pakistan, həmçinin yeni müttəfiqimiz Özbəkistan iştirak edirlər. Əlbəttə ki, Qazaxıstan və Qətərin də təlimlərdə iştirakı qarşılıqlı təcrübə mübadiləsi üçün əhəmiyyət kəsb edir.
Qeyd edək ki, regionda kövrək sabitlik var. Azərbaycan Prezidenti isə bugünlərdə Kəlbəcər sakinləri ilə görüşdə bildirmişdi ki, müharibə hər an ola bilər və ordumuzun bütün istiqamətlərdə gücləndirilməsi davam edir.
Emin Həsənli
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında bu təlimlə verilən mesajları önə çəkdi: “Təlimin adı çox önəmlidir. Bu, dövlətlərin bir-birinə necə bağlı olduğunu göstərir. Digər tərəfdən, təlimin keçirildiyi məkana da diqqət etmək lazımdır. Azərbaycanda ilk dəfədir ki, belə təlim keçirilir. Bu da təbii ki, ölkəmizə qarşı xoş mövqeyi olmayan ölkələrə açıq bir mesajdır. Türkiyə məlumdur ki, ordusuna görə NATO-nun ikinci ən böyük gücünə sahibdir. Eyni zamanda quru qoşunlar baxımından birinci orduya sahibdir. NATO-da özünəməxsusluğu var. Türkiyənin çox böyük təcrübəsi var. Dünya hərb tarixində yeri çox yüksəkdir. Pakistan ordusu da son dövrlər xeyli modernləşib. Əhalisinə görə özündən dəfələrlə böyük olan Hindistana qalib gəldi. Bu ölkənin nüvə silahı var. Özbəkistan və Qazaxıstan türk dövlətləridir. Bu ölkələrin də təlimlərdə iştirakı çox mühüm amillərdən biridir. Eyni zamanda Qətərin də bu prosesə cəlb olunması onu göstərir ki, gələcəkdə əməkdaşlıq edən dövlətlərin sayı çoxalacaq. Bəzi birlik ölkələri var ki, müharibə zamanı bir-birilərinə dəstək olmurlar. Amma Türkiyə və Pakistanın sonuna qədər Azərbaycanın yanında olacağı bəllidir. 44 günlük savaşda biz bunu gördük. Ortada siyasi-mənəvi dəstək var idi. Hərbi dəstəyi də bəyan etdilər ki, üçüncü dövlət qoşulsa, onlar da savaşın içərisinə Azərbaycan tərəfdən daxil olacaqlar. Pakistan-Hindistan savaşında da Azərbaycan və Türkiyə Pakistana siyasi və mənəvi dəstək verdilər. Bu təlimlər bu ölkələrin ordularının gələcəkdə vahid şəkildə iradə olunmasına, təcrübə mübadiləsinin bölüşdürülməsinə xidmət edəcək. 44 günlük savaşda və bir günlük antiterror əməliyyatları ilə hər kəs görüb ki, Azərbaycan Ordusunun çox böyük təcrübəsi var. Hindistanla müharibəyə görə də Pakistan ordusu çox böyük təcrübəyə malikdir. Türkiyə ordusu də Suriyada ard-arda hərbi əməliyyatlar keçirib. Eyni zamanda öz daxilində terrorçulara qarşı daim savaş aparıb. Bir sözlə, bütün bunlar onu göstərir ki, hər üç ölkənin döyüş hazırlığı ən yüksək səviyyədədir. Qazaxıstan, Özbəkistan və Qətərin də bu təcrübəni toplaması çox vacibdir. Çünki səhəri gün bu dövlətlərdən hər hansı birinə təhlükə yaranarsa, bu savaşı koordinasiyalı şəkildə aparmaq lazım gələcək. Bütün bunun da çox böyük əhəmiyyəti var. Qardaş ölkələrin orduları güclü olduqca, bizə qarşı xoş niyyəti olmayan dövlətlər çəkinəcəklər, ağıllarını başlarına yığacaqlar. Təəssüf ki, dünyada hüquq deyil, ədaləti bərpa edəcək güc daha öndədir. Haqlı güclü deyil, güclü haqdır. Ona görə də daha da güclü olmağımız lazımdır”.
Səxavət Məmməd
Hərbi icmalçı Səxavət Məmməd regionda hələ də qalmaqda davam edən müharibə təhlükəsindən söz açdı: “Dünya dərin böhran içindədir. Bu böhranlı vəziyyətdə heç bir ölkə təhlükədən sığortalanmayıb. Dünyada hazırda gücün ön plana çıxdığının şahidi oluruq. Azərbaycan çox mürəkkəb bir coğrafiyada yerləşir. Bu coğrafiyada çox təhlükəli oyunlar oynanılır. Ona görə də Azərbaycan hər şeyə hazır olmalıdır. Gücün ön planda olduğu dünyada güclü olmaq şərtdir. Azərbaycan 44 günlük müharibə və ardından antiterror əməliyyatı ilə suverenliyini bərpa etdi. Bəziləri elə düşünürdü ki, bundan sonra hər şey daha rəvan gedəcək. Ancaq açıq şəkildə Azərbaycana qarşı təhdidlər var. Rəsmi Bakı ordunu gücləndirmək, yeni silahlar almaq və ordunun döyüş hazırlığını artırmaq üçün addımlar atır. Azərbaycan siyasi-iqtisadi əlaqələri möhkəmləndirməklə yanaşı, hərbi sahədə də ciddi addımlar atır. Xüsusilə bu məsələdə Türkiyə və Pakistan daha çox ön plana çıxır.
Bundan əlavə, Azərbaycan Qazaxıstan, Özbəkistanla da hərbi əməkdaşlıq edir. Azərbaycan, Türkiyə və Pakistan bir neçə ildir ki, xüsusi təyinatlıların birgə hərbi təlimlərini həyata keçirir. Hesab edirəm ki, bu təlimlər Azərbaycan xüsusi təyinatlılarının döyüş hazırlığının yüksəldilməsi yönündə çox önəm kəsb edir. Sentyabrda Azərbaycanda Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz Qardaşlıq” çoxmillətli təliminin keçirilməsi həm döyüş hazırlığının artırılması, həm də müəyyən mesaj xarakterli ola bilər.
Azərbaycan Türkiyə və Pakistanla strateji müttəfiqdir. Azərbaycana qarşı hansısa addım atılarsa, onun yanında hansı ölkələrin dayanacağı məlumdur. Ancaq bu siyahıya Özbəkistan və Qazaxıstanın da qoşulması hesab edirəm ki, çox önəmlidir. Yeri gəlmişkən, təkcə Azərbaycan yox, elə Qazaxıstan da Rusiya “propoqanda maşını”nın hədəfindədir. Ona görə də hər iki ölkənin hərbi əməkdaşlığı vacibdir. Bundan əlavə, təkcə Cənubi Qafqaz uğrunda yox, həm də Orta Asiya uğrunda da böyük dövlətlərin maraq savaşı gedir. Ona üçün də Orta Asiya ölkələrinin güclənməsi, ordularını inkişaf etdirməsi və bir-biri ilə hərbi sahədə əməkdaşlığı önəmlidir. Rəsmi Bakı bu məsələdə ciddi addımlar atır. Hesab edirəm ki, bu əməkdaşlığa gələcəkdə Qırğızıstanla Türkmənistanın da qoşulma ehtimalı var. Əgər hərbi gücün artırılması yönündə addımlar atılmazsa, adı keçən dövlətlər yaxın gələcək üçün ciddi təhlükələrlə üz-üzə qala bilər. Hərbi əməkdaşlıq vacib amil olsa da, hesab edirəm ki, Azərbaycan öz ordusunun güclənməsinə daha çox diqqət ayırmalı, inkişaf üçün addımlar atmalı, müasir silahlar və texnikalarla ordunu təmin etməlidir. Baş verən proseslər onu deməyə əsas verir ki, regionda müharibə təhükəsi qalmaqdadır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
04 Sentyabr 2025
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ