Onlayn ictimai-siyasi qəzet
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, son illərdə iqlim dəyişikliklərinin təsiri daha da güclənib, temperatur artımı və yağıntıların qeyri-bərabər paylanması quraqlıq hallarını artırıb: “Ən çox təsirlənən bölgələr arasında aran rayonları ön sıralardadır. Bu vəziyyət kənd təsərrüfatı məhsuldarlığını azaldır, torpaq eroziyası və biomüxtəlifliyin itirilməsi ilə nəticələnir. Təəssüf ki, bu mənzərə təkcə bizə aid deyil, su ehtiyatlarının azalması qlobal təhlükə olaraq dəyərləndirilir”.
İqlim dəyişikliyi və quraqlığın iqtisadi təsiri təkcə statistik göstəricilərlə məhdudlaşmır. Bu proseslər ölkənin ərzaq təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Aran bölgəsində suvarma çətinlikləri artıq bir sıra kənd təsərrüfatı məhsullarının becərilməsinə ciddi maneə törədir. Fermerlər məhsul itkisi, xərclərin artması və gəlir azalması ilə üz-üzə qalırlar. Suya çıxış imkanları məhdudlaşdıqca, əkin sahələrinin sahəsi də azalır.
Beynəlxalq təcrübə göstərir ki, su idarəetməsinin düzgün aparılmaması yalnız kənd təsərrüfatına deyil, bütövlükdə sosial sabitliyə və iqtisadi inkişafa təsir edir. Dünya Bankının hesabatına görə, iqlim dəyişiklikləri ilə mübarizə üçün tədbirlər görülmədiyi təqdirdə, inkişafda olan ölkələrdə kənd təsərrüfatı məhsuldarlığı 2050-ci ilə qədər 25%-dək azala bilər. Azərbaycan da bu risk qrupundadır.
Problemin başqa bir aspekti də ölkənin ekoloji balansının pozulması ilə bağlıdır. Quraqlıq meşələrin quruması, torpağın şoranlaşması və göllərin səviyyəsinin azalması ilə nəticələnir. Bu isə yalnız təbiətə deyil, içməli su təchizatına da birbaşa zərbə vurur. Mütəxəssislər hesab edirlər ki, içməli su ehtiyatları ilə bağlı təzyiqlər yaxın illərdə daha da artacaq.
Bəzi rayonlarda artezian quyularının səviyyəsinin kəskin aşağı düşməsi, kəndlərin bir qisminə suyun fasilələrlə verilməsi artıq reallığa çevrilib. Bəzi hallarda məktəblər, xəstəxanalar və ictimai obyektlər günlərlə susuz qalır.
Rəsmi məlumatlara əsasən, su qıtlığının qarşısının alınması məqsədilə hökumət bir sıra layihələr həyata keçirir. Xüsusilə hidromeliorasiya sistemlərinin təkmilləşdirilməsi, yaşıllıqların genişləndirilməsi, süni su hövzələrinin yaradılması və suyun təkrar istifadəsi kimi tədbirlər nəzərdə tutulub. Eyni zamanda Kür-Araz çay sistemində su idarəetmə monitorinqi, müasir suvarma texnologiyalarının tətbiqi və fermerlərə texniki dəstək proqramları da gündəmdədir.
Lakin müstəqil ekspertlər bu tədbirlərin səmərəliliyi ilə bağlı suallar qaldırır. Onların fikrincə, problemin miqyası ilə görülən tədbirlər arasında ciddi disbalans var. Su itkilərinin əsas hissəsi hələ də köhnə infrastrukturdan, açıq kanallardan və su sızmalarından qaynaqlanır. Bu sahədə struktur islahatlara ehtiyac olduğu açıq görünür.
Bugünkü quraqlıq reallığı sabahın su müharibələrinin başlanğıcı ola bilər. Azərbaycan bu təhlükəni ciddiyə almalı, strateji su idarəçiliyi konsepsiyasını gücləndirməli, ekoloji və iqtisadi prioritetlərini yenidən müəyyənləşdirməlidir. Su artıq təkcə təbii resurs deyil, təhlükəsizlik məsələsidir. Bu təhlükəyə hazırlıqlı olmaq üçün isə vaxt itirməyə imkan yoxdur.
Rövşən Abbasov
Ekoloq Rövşən Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda suya əlçatanlığa bir çox amillər təsir edir. Onun sözlərinə görə, bura həm təbiət, həm də insan mənşəli amillər aiddir: “Təbii amillərə iqlim dəyişmələri aiddir. Bu, Azərbaycanın su ehtiyatlarına mənfi təsir edir. Çünki temperaturun qalxması həm torpaqda, həm də insanların həyatında suya olan tələbatı artırır. Digər tərəfdən isə su ehtiyatlarının azalması baş verir. Çaylarda əvvəlki kimi su axını yoxdur. Çayların axını orta hesabla 11 -20 faizə qədər azalıb ki, bu da öz növbəsində suya əlçatanlığa ciddi təsir edir, su ehtiyatlarının ümumi miqdarını azaldır. Verilən proqnozlar göstərir ki, yaxın illərdə Azərbaycanda su ehtiyatları 30, hətta 40 faizə qədər iqlim dəyişmələrinin təsiri altında azala bilər.
Su ehtiyatımızın azalmasında insan mənşəli amillər daha çoxdur. Bu amillər də iki yerə bölünür: ölkə daxilində və xaricində gedən proseslər. Sual oluna bilər ki, ölkə xaricinin Azərbaycana nə aidiyyəti var. Məsələ burasındadır ki, ölkəmizdə su ehtiyatlarının 70 faizindən çoxu digər ölkələrin ərazisində formalaşır və kür, Araz kimi transsərhəd çaylar vasitəsi ilə ərazimizə daxil olur. Bu çayların keçdiyi ölkələrdə - Türkiyədə, Gürcüstanda, İranda suya, geriyə qaytarılmayan su götürmələri, su anbarlarının tikintisi, əlbəttə, Azərbaycana gələn su ehtiyatlarının miqdarını tədricən azaldır, həlli çox çətin olan proseslər yaradır. Digər tərəfdən, çaylar bu ölkələrin ərazisində çirklənir. Kür və Araz da daxil olmaqla qonşu ölkələrdən Azərbaycana 20-dən çox çay daxil olur. Bu çaylar bizim su ehtiyatının əsasını təşkil edir".
Ekoloq deyib ki, paralel olaraq Azərbaycan ərazisində də suya olan tələbat artıb: “Xüsusilə iri fermer təsərrüfatlarının artması, əkilən ərazilərin çoxalması buna səbəb olub. Statistikaya baxsaq, hələ 90-cı illərin ortalarında Azərbaycanda suvarılan əkin ərazilərinin ümumi sahəsi 700-800 min hektar idisə, indi bu rəqəm 1 milyon 800 mindir. Bu isə öz növbəsində suya olan tələbatı artırır. Azərbaycanda su gəsasən kənd yerlərində suvarma məqsədilə götürülür. Götürülən suyun böyük hissəsi isə itkiyə gedir. Ənənəvi suvarma metodları var ki, bunlar su itkisinə səbəb olur. Məsələn, selləmə suvarma zamanı bəzən tarlaya bitkilərə lazım olduğundan 20 dəfə artıq su verilir. Bu problemlər o qədər çoxdur ki, sadalamaqla bitmir. Lakin ümumi nəticədə suya çıxış azalır, ən pis tərəf budur. Susuzluqdan daha çox kiçik fermerlər əziyyət çəkir”.
Abbasov bildirir ki, problemin həlli üçün ilk olaraq qonşu ölkələrlə danışıqlar aparmaq və beynəlxalq institutları prosesə cəlb etmək lazımdır: “Qonşu ölkələrdə, daha dəqiq desək, Ermənistanda baş verən bu özbaşınalıqlar bizim su təhlükəsizliyimizə bu qədər neqtiv təsir etməsin. Bir neçə il bundan öncə Ermənistanın su təsərrüfatı naziri demişdi ki, Ermənistan ərazisindən Azərbaycana bir qram da su getməməlidir. Ermənistan ərazisindən 15-ə yaxın çay Azərbaycan gəlir. Onlar bu çayları mədən tullantıları ilə çirkləndirirlər. Nəticədə su ehtiyatlarımız təhlükə altında olur.
Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, fermerlərimiz sudan istifadədə qənaətli suvarma metoduna keçməlidir. Bütün torpaq kanalların sürətlə betonlaşdırılması həyata keçirilməlidir. Gələcəkdə isə boru sistemindən istifadə edilməlidir. Suyun bazar imkanları araşdırılmalıdır. Sayğac sistemləri tətbiq edilməlidir ki, fermerlər israfa yol verməsin. Həmçinin çaylardan götürülən suyun miqdarı azaldılmalıdır. Azərbaycanda virtual su qiymətləndirilməsinin aparılması təklif olunur.
Şəhərlərdə də içməli suya olan tələbat artıb. Buna görə də iri şəhərlərdə sudan istifadəni effektiv etmək problemdən çıxış yolu olar. Bakıya verilən suyun 50 faizi itkiyə gedir. Bu itkiləri azaltmaq lazımdır. Həmçinin çirkab sularını təmizləyib yenidən istifadə etmək olar. Xəzər dənizinin suyunun da duzsuzlaşdırma imkanlarından yararlanmaq olar".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ