Onlayn ictimai-siyasi qəzet
Özünü Xətai rayonu, “Ukrayna dairəsi”ndə yerləşən “Heydər Əliyev” parkının müdiri kimi təqdim edərək dələduzluğa əl atmaqda ittiham olunan şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxsin adı Karlen İsgəndərovdur.
O, “Heydər Əliyev” parkının müdiri olan zaman bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinərək məsuliyyətə cəlb edilib.
Külli miqdarda dələduzluqda ittiham olunan Karlen İsgəndərov tanışları vasitəsi ilə münasibət yaratdığı Etiraf adlı şəxsdən 30 min manat pul alıb. Həmin məbləğlə Etiraf adlı şəxsin xanımını Qax rayonunda olan Kukla Teatrına müdir vəzifəsinə təyin etdirəcəkmiş.
Zərərçəkmişin ifadəsindən məlum olub ki, Karlen İsgəndərov pulu aldıqdan sonra ayrı-ayrı şəxslər vasitəsi ilə onun ev telefonuna Mədəniyyət Nazirliyi adından zəng etdiribmiş. Zəng edən şəxslər özlərini nazirliyin əməkdaşı kimi təqdim edərək anket məlumatları ilə bağlı suallar veriblər. Bir neçə ay keçsə də, Karlen İsgəndərovun vədi yerinə yetməyib.
Zərərçəkmiş Etiraf öyrənib ki, Kukla Teatrına yeni müdir təyin olunub. Bundan sonra aldadıldığını başa düşüb.
Karlen İsgəndərov başqa bir tanışından 17 min manat alıb. Abşeron Rayon İcra Hakimiyyətində olan tanışı vasitəsi ilə həmin şəxsə məxsus torpaq sahəsinin sənədləşmə işini həll edəcəyi ilə bağlı vəd verib.
İstintaqla müəyyən edilib ki, Karlen İsgəndərovun işində ən çox zərər 85 min manatdır.
İsgəndərov həmin şəxsə parkın içərisində azyaşlı uşaqların əyləndirilməsi üçün elektrikli avadanlıqların yerləşdirilməsi işini qurmaq barədə vəd verib. 2017-ci ilin dekabr ayından başlayaraq ondan hissə-hissə 85 min manat pul alıb.
Vədə əsasən, Karlen İsgəndərov əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalı imiş. Zərərçəkmişin sözlərinə görə, Karlen İsgəndərov aldığı pulun 20 min manatını isə Xətainin keçmiş icra başçısı Razim Məmmədova verəcəyini deyibmiş.
Məhkəmə istintaqı zamanı məlum olub ki, Karlen İsgəndərov zərərçəkmiş şəxslərin hamısının zərərini ödəyib. Buna görə də ondan şikayətçi olan yoxdur.
Məlumata görə, K.İsgəndərov 2010-cu ildə də dələduzluqda ittiham olunaraq həbs edilmiş, barəsində şərti cəza təyin edilərək azadlıqda qalmışdı.
Bu dəfə də Karlen İsgəndərov şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə zərərçəkmiş şəxslərin şikayətçi olmamasını, təqsirləndirilən şəxsin ağır xəstə olmasını nəzərə alıb.
İ.Muradov
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ