Onlayn ictimai-siyasi qəzet
Paşinyanın Ermənistan baş naziri kimi Türkiyəyə səfəri əlbəttə ki, nəticəsindən asılı olmayaraq, tarixə keçəcək. 500 il davam edən Osmanlıda imperiyanın milli tərkibinə hansı zəfərdən sonra qoşulublarsa, 1915-ci il köçündən sonra Türkiyəyə, türk etnosuna düşmən kəsiliblər. O talesiz hadisələrdən sonra da yüz minlərlə erməni bugünədək də Türkiyədə dinc yaşayır, öz dillərində qəzeti, kilsəsi, diasporası var.
Ağrı dağının ətəyindəki dövlətlə erməniləri birləşdirən əsrlik tarix var. Ermənilər Osmanlıda baş verən hadisələrdən sonra türklə düşmənçiliyi seçdilər, uşaqlarını bu ruhda böyütdülər, “var olma səbəblərini” türkü öldürməklə şərtləndirdilər. SSRİ adlı ittifaq dağılanda da 30 il Azərbaycan türkünün torpaqlarını işğal altında saxlayıblar, altını üstünə çeviriblər.
Dünyanın dörd bir tərəfində yaydıqları saxta soyqırım hekayələrinin bir sonu mütləq olacaqdı. Ona görə Paşinyanın bir günlük İstanbul səfəri Ermənistanın müasir tarixinə, tarix kitablarına da yazıla bilər, əgər bu xalq nəhayət ki, türk düşmənçiliyinin faydasızlığını və zərərini anlasınlar, özləri də bu tarixin bir parçası olsunlar...
Paşinyan təkcə içəridəki müxalifəti deyil, erməni lobbisini də əsrlik “çörəyini” əlindən alır, saxta soyqırım, anti-Türkiyə təbliğatı üçün hər ay topladıqları milyon dollarların qarşısını kəsir. Bir çox varlı ermənilər daha türk düşmənçiliyini maliyyələşdirmək istəmirlər.
Reaksiyalar gözlənilən kimidir. Müxalifət və revanşist dairələr erməni baş nazirinin İstanbul səfərini və görüşlərini həzm edə bilmir, ortaya atdıqları tezislər də bir-birinə oxşardır: “Paşinyan Türkiyə və Azərbaycanın tələb etdiyi kimi sülh müqaviləsi imzalamaq istəyir”, “hakimiyyətdə qalmaq üçün Ermənistanın maraqlarını satır” və sairə...
Vaxtilə Ermənistanı danışıqlarda təmsil edən, hətta bir az da ağıllı diplomat təsiri bağışlayan, indi isə revanşist hislərlə alışıb-yanan Vardan Oskanyan səfər haqda dediklərinə diqqət etmək kifayətdir: “Erməni xalqı bu yol xəritəsini seçməyib. Onlar ağrılarını, hüquqlarını və tarixini silən bir prosesə razı olmadılar. Erməni əsirlərin azad edilməsinə zəmanət verməyən, artsax ermənilərinin geri qayıtmaq hüququna məhəl qoymayan və Azərbaycan qoşunlarının Ermənistan torpaqlarında qalmasına imkan verən hər hansı saziş legitim sayıla bilməz”.
Paşinyana xüsusi rəğbətim yoxdur, amma riskli tipdir, 2018-də rukzakını belinə taxıb İrəvanda inqilab edəndən bəlli idi ki, bu, bazardan alınan ürəyi qızardıb yeməklə əmələ gələsi cəsarət deyil. Gərək ki, ən əvvəl şəxsi cəsarətin olsun, siyasi iradə sonrakı işdir. Paşinyanın hakimiyyəti “Qarabağı Ermənistana birləşdirən” terrorçubaşı Sərkisyandan alanda heç kimin ağlına gəlməzdi ki, bir gün Türkiyəyə işgüzar səfər edəcək, burada ədəb-ərkanla qarşılanacaq.
Paşinyan Türkiyəyə getmək qərarı ilə yenə təəccübləndirdi. Hərdən düşünürəm ki, çox da uzaq olmayan tarixdə “Qarabağ Ermənistandır” deyən bir erməni necə oldu ki, bu qədər dəyişdi? Ona görə Paşinyanın bəzi qərarlarının arxasında “üç dörd daha qiymətli baş” olduğundan şübhələnirsən. Amma haradan baxırsan bax, bir erməni hakimiyyəti lideri kimi etdiyi qəhrəmanlıqdır. Bizim üçün yox, erməni xalqı üçün...Erməni xalqı nə vaxtsa onun apardığı siyasəti anlasa, türk qanı axıdanlara deyil, ona milli qəhrəman adı verməlidir, hətta ölümündən sonra olsa da…
Ərdoğanla görüş haqda xüsusi təfərrüat yoxdur, ümumi sözlərdir. Bildirilir ki, Paşinyan Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması prosesinə sadiqliyini qeyd edib və qonşuları ilə münasibətlərin normallaşdırılması siyasətini davam etdirmək öhdəliyini vurğulayıb. İki ölkənin liderləri birbaşa təmasları və dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Ermənistan və Azərbaycan arasında sülh prosesi, eləcə də Ermənistan Respublikası hökumətinin “Sülhün kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Paşinyan Ərdoğandan öncə İstanbulda erməni icmasının nümayəndələri ilə görüşüb. Onun məscidə baş çəkməsi maraqlı idi. Ermənilər işğal illərində Azərbaycanın məscidlərini dağıdıblar, donuz saxlayıblar. Paşinyan və yanındakılar isə dünən qaydalara uyğun olaraq məsciddə ayaqqabısız idilər. Sərkisyanlar, Köçəryanlar həm də buna görə Paşinyanın regionda sülh istəklərini rədd edirlər...
Nazim SABİROĞLU,
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ