Onlayn ictimai-siyasi qəzet
“Demarkasiya ilə Azərbaycan qoşunları Cermukun (İstisu- red) işğal olunmuş ərazilərini tərk edəcəklər”. Bunu Ermənistanın Vayots Dzor vilayətinin qubernatoru Vaaqn Arsenyan deyib. O, bundan əvvəl Cermuk şəhərinin meri vəzifəsini tutub. Erməni mediası iddia edir ki, bu il iyulun 26-da Azərbaycan Cermuk ərazisində mövqeləri tutub. Bu cür uydurma xəbərlərin arxasında duran əsas motiv Ermənistan cəmiyyətində süni panika yaratmaq və daxili auditoriyanı səfərbər etməkdir.
Qeyd edək ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verib. Döyüşlər zamanı Ermənistan tərəfi azı 300-ə qədər hərbi qulluqçu, xeyli sayda texnika itirib. Azərbaycan Ordusu strateji nöqtələrə nəzarəti təmin edib.
Ermənistan bu reallığı “işğal” kimi qiymətləndirsə də, sərhədin dəqiqləşməsi olmadığı üçün bu iddialar cəfəngiyyatdır. Hazırda şərti sərhəd var və delimitasiya prosesi getməlidir. Ermənistan Müdafiə Nazirliyi avqustun 15-də Azərbaycan Ordusunun Cermuk istiqamətində irəliləməsi ilə bağlı yayılan iddiaları təkzib edib.
“İşğal anlayışını Ermənistan öz tarixində axtarsın”.
Bu fikirləri deputat Vüqar İskəndərov Ermənistanın Vayots Dzor vilayətinin qubernatoru Vaaqn Arsenyanın “demarkasiya nəticəsində Azərbaycan qoşunlarının Cermukun işğal olunmuş ərazilərini tərk edəcəkləri” barədə iddialarına cavab olaraq bildirib.
Vüqar İskəndərov
Deputat Arsenyanın və digər revanşist ermənilərin bu kimi əsassız açıqlamalarının reallıqdan tam uzaq olduğunu deyib: “Ermənistan uzun illər boyunca işğal siyasətini həyata keçirib, Azərbaycan torpaqlarını zəbt edib, şəhər və kəndlərimizi viran qoyub. Bu gün isə öz işğalçı tarixini unudaraq, sərhədlərin dəqiqləşməsi prosesini ”işğal" kimi təqdim etmək absurddur."
V.İskəndərov qeyd edib ki, 2022-ci ilin sentyabrında baş verən hadisələr Ermənistanın törətdiyi növbəti təxribatın nəticəsi idi və Azərbaycan Ordusu həmin təxribatlara adekvat cavab verib: “Azərbaycan heç bir ölkənin ərazisinə soxulmayıb, əksinə, öz dövlət sərhədləri boyunca təhlükəsizliyi təmin edib. Digər tərəfdən, Ermənistan Müdafiə Nazirliyinin özü belə Cermuk istiqamətində guya ”irəliləmə" ilə bağlı iddiaları təkzib edib. Bu fakt özü də Arsenyanın dediklərinin uydurma olduğunu göstərir."
Deputat onu da əlavə edib ki, Ermənistanın törətdiyi işğal təkcə torpaqlarımıza qarşı deyil, bütövlükdə Azərbaycanın təbiətinə, ekologiyasına və mədəni irsinə qarşı yönəlmişdi: “İşğal dövründə minlərlə hektar meşə qırıldı, çaylarımız çirkləndirildi, torpaqlar kimyəvi tullantılarla zəhərləndi. Təbii ehtiyatlarımız talan edildi, dağlar, bulaqlar, su hövzələri dağıdıldı. Eyni zamanda dini və mədəni abidələrimizə, qəbiristanlıqlarımıza qarşı vandalizm aktları törədildi. Bu, təkcə hərbi yox, ekoloji və mədəni işğal siyasəti idi”.
Müsahibimiz sonda Ermənistanın revanşist siyasətçilərinə və bu həvəsə düşən rəsmi şəxslərinə tövsiyə ünvanlayıb: “Ermənistanın hakim dairələri və cəmiyyəti artıq başa düşməlidir ki, bölgədə yeni reallıq formalaşıb və bu reallıq Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq və sülh gündəliyi üzərində qurulub. Ermənistan isə ötən 30 ildə tarixdə işğalçı dövlət kimi qalıb. Ona görə də ”işğal" anlayışını onlar bizə deyil, öz tarixlərinə aid etməlidirlər".
Niyaməddin Orduxanlı
ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycanla Ermənistan arasında dəqiq sərhədlərin müəyyən olunması üçün mütləqdir ki, sərhəd nişanları müəyyən olunmalıdır: “Ermənistanda kimin nə deməyindən aslı olmayaraq delimitasiya və demokrasiya baş tutmalıdır. Bu baş verməyənə qədər Azərbaycanı ittiham etmək absurddur, gülüncdür. Azərbaycan tərəfinin əlində istər 1918-1920-ci illərin - Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet işğalından sonrakı illərin xəritəsi var. Hətta 1960-cı illərdə Azərbaycanla Ermənistan arasında yeni sərhədlərin müəyyən olunması prosesi aparılıb. Bu xəritəyə istinad etsək belə, görərir ki, deyilənlərin heç bir əsası yoxdur. Vayots Dzor Qubernatoru nə qədər həyasızdır ki, utanmadan bizə böhtan atır. Hələ biz sovet zamanında kommunist partiyasının əsassız qərarları ilə Azərbaycan torpaqlarının, Zəngəzurun, Naxçıvanın müəyyən ərazisinin və digər ərazilərin Ermənistana verilməsini qabartmırıq. Bu əraziləri Azərbaycan tələb etsə, Ermənistan 19 min kv km ərazidən kənara çıxa bilməz. Bu bir həqiqətdir ki, dünyada Azərbaycan yeganə ölkədir ki, öz qədim torpaqları ilə sərhəddədir, cənubdan Cənubi Azərbaycan, qərbdən Qərbi Azərbaycan, Borçalı, şimaldan Dərbənd və s. torpaqların hamısı bizim tarixi torpaqlarımızdır. Ermənistan Müdafiə Nazirliyinin təkzibi onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin daxilində revanşistlərə qulluq göstərən şəxslər var. Və onlar yenidən Azərbaycan-Ermənistan münasibətlərinin gərginliyi nəticəsində hakimiyyətə qayıtmaq istəyirlər. ”Erməni dığası" cəfəngiyyatla məşğul olub".
Cavanşir ABBASLI,
“Yeni Müsavat"
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ