Onlayn ictimai-siyasi qəzet
Ermənistanda milli təhlükəsizlik məsələsi yenə gündəlikdədir. Bu sahəyə 2018-ci ilin may dəyişikliyindən sonra Nikol Paşinyan daha çox diqqət ayırmağa başlayıb. Onun Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) kollektivinə yeni təyin olunmuş direktor Andranik Simonyanı təqdim etmə mərasimindəki açıqlaması hökumətin bu sahə ilə bağlı yeni planlarından xəbər verir.
Paşinyan MTX-də son illərdə ciddi transformasiya və islahat prosesi keçdiyini vurğulayaraq qeyd edib ki, Xidmətin gələcək inkişafı üçün strategiya layihəsi hazırlanıb və formalaşdırılıb. O bunların yaxın zamanda müəyyən edilmiş qaydada qəbul ediləcəyini və xidmətin gələcək tərəqqisini, inkişafını təmin edəcəyini söyləyib.
Nikol Paşinyan bir neçə ayda ölkəsində baş verən hadisələrə işarə edərək, Ermənistanın təhlükəsizliyinə və sabitliyinə qarşı hazırlanan cinayətin son vaxtlar aşkar edilməsinə toxunaraq deyib: “Bugünkü çağırışlar hibrid xarakterlidir, terrorizm, konstitusiya quruluşunun pozulması əks-kəşfiyyat fəaliyyətinin xüsusiyyətlərinə malikdir. Hibrid təhdidlər sistemi hazırda dünyada geniş müzakirə olunur”.
O bu kontekstdə MTX-nin diqqət yetirəcəyi üç əsas funksiyanın vacibliyini vurğulayıb; əks-kəşfiyyat, terrorizmə qarşı mübarizə və konstitusiyanın maddələrinin qorunması.
Paşinyan 2018-ci ildən indiyədək Xidmətin maliyyələşdirilməsinin üç dəfə artırıldığını da qeyd edib.
Andranik Simonyan MTX-də dörd ildən çoxdur direktor müavini, 2024-cü ilin yanvarından isə faktiki olaraq qurumun başçısı səlahiyyətlərini icra edirdi. Ondan əvvəl bu vəzifəni Armen Abazyan tutub. O bu vəzifəyə 2020-ci il noyabrın 8-də təyin edilib. 2024-cü il yanvarın 12-də baş nazirin təqdimatı əsasında Prezidentin fərmanı ilə vəzifəsindən azad edilsə də, həmin gün hökumət başçısının qərarı ilə səlahiyyətlərinin icrasını davam etdirib. 2025-ci il iyunun 18-də Nikol Paşinyanın sərəncamı ilə direktor vəzifəsindən azad edilib. Ondan əvvəl isə bu vəzifəni bir ay müddətinə Mikael Ambartsumyan tutub.
Son 5 il ərzində MTX-nin rəhbər vəzifəsinə üç şəxsin təyin edilməsi qurumda işlərin heç də uğurlu olmadığından xəbər verir.
Paşinyanın və komandasının başlıca problemi Rusiyanın Ermənistana təsirini azaltmaqdır. Ümumerməni apostol kilsəsi həmişə Rusiyaya bağlı olub. Son zamanlar keşişlərin siyasətlə açıq şəkildə məşğul olması Kremlin Ermənistana ən həssas məsələ ilə bağlı hücumundan xəbər verir. Halbuki dini təşkilatlar dövlətdən ayrıdır və Ermənistan Respublikası erməni apostol müqəddəs kilsəsinin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli özünəməxsusluğunun qorunmasında milli kilsə kimi müstəsna missiyasını tanıyır.
Bundan başqa, Ermənistan Respublikası ilə kilsə arasında münasibətlər qanunla tənzimlənə bilər.
Nikol Paşinyan MTX-nin əsas vəzifələrindən biri kimi konstitusiyanın qorunmasını vurğulayanda kilsənin qanunsuz siyasətlə məşğul olmasına da işarə etdiyi ehtimalı az deyil. Ona görə də baş nazir ölkəsində din xadimlərinin həbsi fonunda respublikanı destabilizə edə biləcək bütün təhlükəsizlik çağırışlarının neytrallaşdırıldığını bəyan edib.
O, prosesə nəzarəti etibarlı adamı sayılan Andranik Simonyana həvalə edib. Əks-kəşfiyyat məsələsinə diqqətin ayırılmasından bəhs etdikdə isə, çox güman, Paşinyan Rusiyanın Ermənistandakı fəaliyyətini nəzərdə tutub.
MTX-nin qarşısında duran başlıca vəzifələrdən biri də “terrorizmə qarşı mübarizə”dir. Düzdür, bu, istənilən dövlətin üstünlük verdiyi, təhlükəsizliyin əsasını təşkil edən məsələlərdən olsa da, Ermənistan üçün bunun özəl əhəmiyyəti var. Ehtimal etmək olar ki, rəsmi İrəvan Rusiyadan terror təhlükəsinin gözələnildiyini nəzərdə tutub.
Bir neçə gün öncə Paşinyan hakimiyyətin “kriminal ruhanilər” tərəfindən ələ keçirilməsinə cəhd edildiyini və qarşısının alındığını bildirib: “Hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal oliqarxik ruhanilərin Ermənistan Respublikasında vəziyyəti destabilizasiya etmək və hakimiyyəti ələ keçirmək üçün genişmiqyaslı, qorxunc planının qarşısını alıblar”.
Hökumətin narahat olduğu daha iki amil var – keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan.
“Hraparak” qəzetinin yazdığına görə, Koçaryan Yunanıstandadır, komandası ilə onlayn rejimdə əlaqə saxlayır. Belə hesab etmək olar ki, o, son zamanlar Ermənistanda keçirilən “tuthatut” kampaniyasından yayınmaq üçün qaçıb. Çünki ona qarşı “hakimiyyətin zorla saxlanılması”, “dövlət terroru”, “korrupsiya”, “səlahiyyətlərdən sui-istifadə” və başqa ittihamlar hələ də qüvvədədir.
Onun davamçısı, sabiq prezident Serj Sarqsyana rüşvət alma və sahibkarlıq fəaliyyətində qanunsuz iştirak etmək ittihamı irəli sürülüb. Bildirilib ki, Sarqsyan 2000-2018-ci illərdə müdafiə naziri, baş nazir və Ermənistan prezidenti vəzifələrində olarkən etibar etdiyi şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşkilatlar yaratmaq və kommersiya təşkilatlarının idarə olunmasında iştirak etmək üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Bu, Ermənistanın ictimai-siyasi həyatını son günlər əhatə edən başlıca hadisələrin xülasəsidir. Hadisələr göstərir ki, Nikol Paşinyanın 2018-ci ildən bəri mübarizə apardığı Koçaryan, Sarqsyan və kilsə üçlüyü kimi hədəfləri dəyişməyib. Onların da rusiyayönlü olduğu hər kəsə məlumdur. Moskva isə Paşinyanın qarşısına yeni-yeni fiqurlar çıxarır. İndi də yetişdirdiyi milyarder Samvel Karapetyan kartı dövriyyədədir.
MTX-də dəyişiklik və xidmətin qarşısına qoyduğu başlıca vəzifələr Paşinyanın, elə Ermənistanın da uzun müddət zərbəni eyni səmtdən gözləyəcəyini deməyə əsas verir. Ona görə də bir il sonra keçiriləcək parlament seçkilərində qalib gəlmək üçün, ilk növbədə, üçlüyün neytrallaşması vacib görünür. Bu kimi səbəblərdən MTX-yə diqqət artırılır...
Sədrəddin İsmayılov
Report
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ