Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Türkiyənin Antalya şəhərindəki dəbdəbəli tətili ilə gündəmdədir.
Musavat.com xəbər verir ki, Ermənistanın birinci xanımı cəmi 4 günə 5 milyon türk lirəsi (təxminən 100 min avro) xərcləyib!
Türkiyə mediasının yaydığı məlumata görə, Anna Akopyan 19–22 iyun tarixlərində Antalyanın ən lüks otellərindən biri olan “Titanic Mardan Palace”-ın “King Suit” adlı prezident otağında qalaraq, gecəliyi 6 min avro olan dəbdəbə içində istirahət edib.
Məlum olub ki, bu astronomik məbləğə yalnız otaq deyil, həm də şəxsi yoqa təlimçisi, xüsusi xidmətçi, şampanla doldurulan küvet, mini-bar və lüks yaxta kirayəsi də daxildir. Yalnız bu xidmətlərə görə Akopyanın on minlərlə avro xərclədiyi bildirilir.
Paşinyanın xanımının bu tətili Ermənistan ictimaiyyətində, xüsusilə də sosial mediada kəskin qəzəblə qarşılanıb. İqtisadi problemlərlə boğuşan ölkədə bu qədər pulun “lüks eyş-işrətə” xərclənməsi ciddi narazılığa səbəb olub. Bir çox erməni istifadəçi yazır:
“Əsgərlərimiz pulsuz dəftər-qələm tapa bilmir, amma birinci xanım yaxtada şampan içir”, “Bu xalqı alçaltmaqdır!”, “Cəbhədə döyüşən gənclərimizin rühunu təhqir etdiniz”.
Hadisə Ermənistan mətbuatında da geniş işıqlandırılsa da, nə Nikol Paşinyan, nə də Anna Akopyan tərəfindən hər hansı açıqlama verilməyib. Xatırladaq ki, Paşinyanın ailəsi son illərdə bir neçə dəfə dəbdəbəli səfərləri və xərcləri ilə gündəmə gəlib.
Yazının ORİJİNALI burada: https://www.ekonomim.com/dunya/pasinyanin-esi-antalyaya-tatile-geldi-ultra-luks-harcamalari-dikkat-cekti-haberi-826552
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ