Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkianın Zəncan şəhərinə səfəri zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirlər hər iki ölkədə geniş müzakirələrə səbəb olub. İran prezidenti Azərbaycan–İran münasibətlərinə toxunub və faktiki olaraq iki ölkə münasibətlərinin soyuqluğunda Tehranın rolunu tənqid edib.
Sitat: “Azərbaycan bizim xalqımız, doğmalarımızdır! Necə olur ki, biz əlaqələr qura bilmirik, amma İsrail qura bilir? Başqalarının bölgəmizə sızmasının qarşısını almaq üçün qonşularımız və regional ölkələrlə birləşməli və cərgələrimizi sıxlaşdırmalıyıq. Biz, müsəlmanlar birləşməliyik. Bu, mənim Ali Rəhbərlə məsləhətləşmə və koordinasiya yolu ilə formalaşan inam və rəyimdir. Birlik və vəhdət bizim ilk və son inancımızdır”.
Məlum olduğu kimi, Azərbaycanla münasibətlərinin soyuqluğu ilə bağlı İran mühafizəkar dairələrinin əsas “arqumenti” Azərbaycan Respublikası ilə İsrail arasında dostluq münasibətlərinin olmasıdır. İran prezidenti məhz bunu hədəfə alaraq yanaşmanın yanlış olduğunu, əlaqələrin yaxşılaşması üçün Tehranın zəruri olan addımları atmadığını açıq şəkildə ifadə edib.
Bu, hazırkı vəziyyətdən narazılıqla yanaşı, İran siyasi elitasının uzun illərdir Azərbaycan və ümumilikdə Qafqazda apardığı siyasətin tənqid olunmasıdır. Bu səbəbdən də mühafizəkar dairələr, o cümlədən ermənipərəst qruplar Məsud Pezeşkianı və onun irəli sürdüyü arqumenti kəskin şəkildə tənqid etməyə başlayıb.
Əlbəttə, Məsud Pezeşkian kənardan hər nə qədər emosional siyasətçi kimi görünsə də, İran siyasi sistemində “bişmiş”, uzun illər təcrübəsi olan biridir. Onun çıxışında məhz ali dini liderlə məsləhətləşmə və koordinasiya etməsi ifadəsi mövcud konteksti nəzərə aldığını və çıxışının hazırlanmış, planlı bir siyasi gediş olduğunu göstərir.
Məsələ ondadır ki, İran siyasətində artıq ənənəyə çevrilmiş “qəliblərdən” biri də budur ki, adətən “islahatçı” hökumətlər digər qonşu ölkələrlə olduğu kimi, Azərbaycanla da münasibətləri normal saxlamaq, əlaqələri yaxşılaşdırmaq xəttini tutub, bir mənada praqmatik siyasi kurs götürüblər. Ancaq mühafizəkar qanad hökumətləri zamanı Azərbaycana münasibətdə ideoloji baxış önə çıxıb və bu da hökumətlərarası münasibətlərə mənfi təsir edib. İran mühafizəkar camiəsi Azərbaycan Respublikasına əhalisinin əksəriyyəti şiə-müsəlman olan və bir zamanlar İranın Qafqaz torpaqlarına daxil olan ölkə kimi yanaşır. Məhz bu yanlış, tarixdə ilişib qalan siyasi görüş vaxtaşırı olaraq iki ölkə arasında anlaşmazlıq və gərginliyə səbəb olur. Lakin yuxarıda da qeyd etdiyim kimi, bu, həm mühafizəkar, həm də islahat qanadı içərisində kiçik qrupda var. Məsələn, 2002-ci ildə “islahatçı” prezident Məhəmməd Xatəminin Tehranda Azərbaycan prezidenti Heydər Əliyevlə görüşü zamanı Xəzər dənizi haqqında “Mazandaran gölü” ifadəsi işlətməsi İran siyasi dairələrində olan “köhnəlmiş” düşüncənin üzə çıxan elementi idi.
Və yaxud da İranda qatı mühafizəkar prezident hesab olunan İbrahim Rəisinin Azərbaycanla gərginlikdən sonra Bakı ilə münasibətləri qaydaya salması, iki ölkə arasında bir sıra tarixi sazişlərə imza atması bunun göstəricisi idi.
Bu mənada Pezeşkianın çıxışı həm də İranın qonşularla, xüsusən də Azərbaycanla münasibətlərdə yeni strategiyanın irəli sürülməsi hesab oluna bilər. Məntiq sadədir: əgər İran ərazisində onlarla ABŞ hərbi bazası və minlərlə amerikalı əsgər olan İraqla dostluq qura bilirsə, yaxud da NATO ölkəsi və ərazisində NATO bazası olan Türkiyə ilə isti-qardaşlıq münasibətləri qura bilirsə, demək, Azərbaycanla da qura bilər. Burada İran tərəfinin səhvlərinin olduğunu vurğulayır və ali dini liderdən mövcud siyasi kursu dəyişmək üçün razılıq aldığını demək istəyir.
Bu məsələnin, necə deyərlər, siyasi-ideoloji tərəfidir. Bu məsələnin praktik tərəfi isə odur ki, Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir. Üstəlik Şimal–Cənub və Şərq–Qərb – “Orta Dəhliz” Azərbaycan ərazisindən keçir. Digər tərəfdən, iki ölkə qohumdur, İranda yaşayan azərbaycanlıların sayı Azərbaycan Respublikası əhalisindən bir neçə dəfə çoxdur. Belə bir ölkə ilə münasibətlərin soyuq olmasından hər iki ölkə – ən çox da İran – itirir.
Digər tərəfdən, İranın uzun illər Azərbaycana qarşı “yatırım qoyduğu” Ermənistan layihəsi Paşinyan sayəsində iflasa uğradı. Qərbyönlü kurs götürən Paşinyan Ermənistanı indi İran üçün daha çox təhlükə vəd edən ölkəyə çevirib. Bu mənada Cənubi Qafqazda Azərbaycanı kənara qoymaqla hər hansı uğurlu regional siyasət aparmaq, yumşaq desək, səhv hesablamadır.
Yəni Pezeşkianın sözləri təkcə bir azərbaycanlı prezidentin duyğuları ilə etdiyi çıxış deyil, həm də İranın son onilliklərdə apardığı siyasətin səhv olduğunu ortaya qoymasıdır.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ