Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ilk dəfə olaraq “Zəngəzur dəhlizi” məsələsinə münasibət bildirib və ölkəsinin mövqeyini ətraflı izah edib. Jurnalistlərin suallarını cavablandıran Pezeşkian xəbərlərdə yayılan iddiaların həqiqəti tam əks etdirmədiyini deyib:
“Hadisələr xəbərlərdə göstərildiyi kimi deyil. İslam Respublikası ilə bağlı bu marşrutla əlaqədar tələblər nəzərə alınıb. Ərazi bütövlüyü ilə bağlı məsələlər və bizim Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması təmin olunub.”
Prezident, ABŞ-ın prosesdə iştirakı ilə bağlı narahatlıqlar barədə suala isə belə cavab verib:
“Bu məsələlərdən biridir. Tək narahatlıq odur ki, bu marşrut amerikalı və erməni şirkətləri tərəfindən inşa ediləcək.”
Pezeşkianın bu bəyanatı, son aylarda İran rəsmilərinin, xüsusən də ölkə rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin səsləndirdiyi sərt mövqelər fonunda gözlənilməz yumşalma kimi qiymətləndirilir. Xatırladaq ki, Vilayəti “Zəngəzur dəhlizi” layihəsini İranın milli birliyi və ərazi bütövlüyünə “böyük təhdid” adlandırmış, bu təşəbbüsün Cənubi Qafqazdakı geosiyasi balansı poza biləcəyini iddia etmişdi.
Bununla yanaşı, SEPAH komandanlığı və mühafizəkar siyasi dairələr dəfələrlə bu dəhlizə qarşı çıxaraq onu İranın regional maraqlarına təhlükə kimi təqdim ediblər. Onların mövqeyi Pezeşkianın daha yumşaq və praqmatik yanaşması ilə kəskin ziddiyyət təşkil edir.
Analitiklər hesab edirlər ki, İran prezidentinin bu mövqeyi, Ermənistan və Azərbaycanın son sülh addımını qəbul etdiyini göstərir və Tehranın Bakı ilə münasibətlərini normallaşdırmaq cəhdi ola bilər. Lakin SEPAH və mühafizəkar blokun bu kursu dəstəkləyib-dəstəkləməyəcəyi hələ ki, böyük sual olaraq qalır.
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ