İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK-nın fərqli ad altında yenidən formalaşma riski: dövlətin tədbir planı vacibdir

“Dünən PKK-dan verilən bəyanatda bu terrorçu təşkilatın özünü buraxdığı bildirildi. Abdullah Öcalanın başçılığı altında başlanılan bu proses PKK-nın ləğvini, bütün növ fəaliyyətin dayandırıldığını, bundan sonra silahlı müqavimətin sona çatdırıldığını ehtiva edir. Bəyanatda həmçinin Türkiyə parlamentinə, hökumətinə, siyasi partiyalara, QHT-lərə və KİV-lərə prosesə dəstək verməyə çağırılır”.

Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov öz sosial media hesabında bildirib.

zaur.jpg (49 KB)

O qeyd edib ki, proses 22 oktyabr 2024-cü ildə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Öcalanı təşkilatı ləğv etməyə çağırması ilə başlayıb:

“Bunun müqabilində o, Öcalana parlamentdə çıxış etmək imkanı verəcəyini və sözdə “ümid hüququ”nun – ömürlük həbsə məhkum edilmiş şəxslərin amnistiyaya arxalanmasını təmin edən mexanizmin tətbiqinə təşəbbüs göstərəcəyini vəd edib.

Az sonra DEM Partiyasının (keçmiş HDP) bir qrup nümayəndəsi Öcalanın saxlandığı İmralı adasına səfər edib. Fevral ayında o, sülh üçün rəsmi müraciət edib.

PKK-nın buraxılması prosesi və sonrakı hadisələr bir sıra proqnozlarla dəyərləndirilir. Belə ki, PKK üzvləri İraqın Süleymaniyyə və Ərbil şəhərlərində BMT-nin nəzarəti altında silahlarını təhvil verəcəklər.

- Təşkilatın 300-ə yaxın yüksək vəzifəli üzvü Cənubi Afrika və Norveç kimi uzaq ölkələrə göndəriləcək. Onların İran, İraq və Suriyaya girişi qadağan olunacaq.

- Cinayət törətməyən əcnəbi PKK üzvləri qayıda biləcəklər.

- Türkiyə vətəndaşı olan 4000-ə yaxın PKK-çı mərhələli şəkildə Türkiyə hakimiyyətinə təslim olacaq.

- Abdullah Öcalan İmralı adasında qalacaq.

- Mövcud qanunvericiliyə əsasən, təşkilatın yaşlı və xəstə üzvləri azad olunacaqlar. Daha sonra amnistiya qanununa parlamentdə baxılacaq.

- DEM partiyası yenidən təşkil ediləcək, lakin nizamnamə sənədlərində PKK-dan bəhs edilməyəcək.

- Həmçinin PKK ilə əlaqədə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılan bələdiyyə başçılarının bərpası məsələsi də gündəmdə olacaq.

- Təşkilatın fərqli ad altında dirçəliş riskini nəzərə alsaq, Türkiyə uzun müddət bölgədə hərbi varlığını qoruyacaq.

- Suriyaya gəlincə, YPG-nin taleyi Dəməşq hökuməti ilə birgə həll olunacaq: əcnəbi döyüşçülər ölkəni tərk edəcək, qalanlar isə Suriya ordusunun sıralarına inteqrasiya olunacaq.

Bütün prosesin ABŞ və Fransa kimi xarici qarant dövlətlərin iştirakı olmadan müstəsna olaraq Türkiyə daxilində həyata keçiriləcəyi ayrıca vurğulanır.

Yaxşı xəbərdir. Gözləyək proseslərin ardını. Çünki qruplaşmanın sözün həqiqi mənasında özünü buraxmasına zaman və ardıcıl iş lazımdır”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR