Onlayn ictimai-siyasi qəzet
Polşanın paytaxtı Varşavada, Voyska 57 ünvanında azərbaycanlı tələbə İbrahim Talışinski və onun Türkiyə vətəndaşı olan dostu Muhammed Xurşid İspir 10-12 nəfərdən ibarətə olan irqçi qrup üzvlərinin hücumuna məruz qalıblar.
Musavat.com-a daxil olan xəbərdə deyilir ki, tələbələrə hücum edən dəstə üzvləri “Polşa polyaklar üçündür” deməklə onlara qarşı təhdidedici ifadələr işlədib, polyak dilində danışmamalarını irad bildiriblər.
Bundan sonra tələbələrin üzünə bibər qazı sıxılıb. Bunun nəticəsində hər iki tələbə təngnəfəs olub, gözləri tutulub, yerə yıxılıblar.
Musavat.com-un əməkdaşı məsələ ilə bağlı tələbə İbrahim Talışinski ilə əlaqə saxlayıb.
O, irqçilərin hücumuna məruz qaldığını təsdiqləyib. Bildirib ki, küçədə dostu ilə getdikləri yerdə hücuma məruz qalıblar:
“Həmin ərazi Varşavanın tam mərkəzi hissəsidir. Türkiyəli dostumla söhbət edərək ərazidən keçirdik. Yaxınlıqdakı kafenin qarşısında dayanan 10-15 nəfər birdən üstümüzə yeridlər. Onlara fikir verməyib yolumuza davam edirdik ki, münaqişə olmasın. Orada çoxlu nəzarət kameraları da var. Heç kimə əl-qol atmadan ərazidən uzaqlaşmağa çalışırdıq. Olduqca qəzəbli, uca səslə qışqırıb-bağırmaqla “Polşa polyaklar üçündür” kimi ifadələrlə, təhdidedici sözlərlə bizi dövrəyə almıdılar. Onlara reaksiya vermədiyimizi görüb bir qədər aralaşdılar, sonradan yenə hücum edib üzümüzə bibər qazı sıxdılar”.
İbrahim Talışinski deyib ki, bundan sonra o və dostu olduqca ağır duruma düşüblər:
“Nəfəsimiz kəsilirdi, gözlərimiz görmürdü. Mən də, Türkiyə vətəndaşı Muhammed Xurşid İspir də yerdə yıxılmışdıq. Bəlkə də, 3 saata qədər orada qalmışıq. İrqçi olmayan polyaklar bizə su verdilər, ilk köməkliyi göstərdilər. Bu gün Polşada sosial durum ağırlaşdıqca, yerli əhalinin xaricilərə qarşı münasibəti də kəskinləşir. Xaricilərin Polşada törətdiyi cinayətlər, etdikləri qeyri-etik hərəkətlər də yerli əhalinin xaricilərə münasibətinə təsir edir. Polyaklar nəinki keçmiş postsovet ölkərindən olan şəxsləri, Almaniyadan olanları da sevmirlər. Məsələnin ən pis tərəfi odur ki, Türkiyəli dostum bir balaca özünə gələndən sonra Türkiyə konsulluğuna, türklərin beynəlxalq yardım xəttinə baş verənlər barədə məlumat verdi, kömək istədi. Bundan sonra əraziyə 2 təcili yardım gəldi. Türk dostumu təcili yardımla hadisə yerindən götürdülər. Mənə isə dedilər ki, istəyirsən özün get xəstəxanaya. Halbuki, mən Türkiyə vətəndaşı olsaydım, məni də təcili yardımla xəstəxanaya götürəcəkdilər. Mən isə Azərbaycan vətəndaşı olaraq bir qaynar xətt nömrəsi tapıb özümüzünkülərdən kömək istəyə bilmədim”.
İ.Talışinski bildirib ki, Polşada on minlərlə azərbaycanlı yaşayır və onlara qarşı zaman-zaman belə irqçi hücumlar olur:
“Bir müddət öncə buradakı aeroportda taksi sürücüsü əlində balta azərbaycanlının maşınına zərbə endirmişdi. Bir başqa azərbaycanlını da ayrı bir yerdə döymüşdülər. İstəyim odur ki, dövlətimiz belə hallarla bağlı Polşa hakimiyyətinə müraciət etsin, bizlərə qarşı belə əməllərə son qoyulması tələb olunsun”.
İbrahim Talışinski deyib ki, hazırda sağlıq durumu qənaətbəxşdir:
“Bibər qazının təsirində gözümdə görmə 7 faiz aşağı düşüb. Dostumla polisə gedib şikayət yazacağıq. Xahiş edərəm ki, məsələni Azərbaycan dövləti nəzarət alsın”.
Musavat.com xatırladır ki, bu, Polşanın Varşava şəhərində azərbaycanlılara qarşı ilk irqçi hücum deyil. 2018-ci ildə Azərbaycan vətəndaşı, Varşava Turizm İnstitutunun tələbəsi Tural Şəfili gecə saatlarında qaz tapançası ilə silahlı hücuma məruz qalıb. Nəticədə tələbə xəsarət alıb. Həmin il Varşavanın Belvederska küçəsi yaxınlığında bir qrup azərbaycanlı tələbə, arasında erməni əsilli şəxsin də olduğu bir dəstə tərəfindən soyuq silahlarla hücuma məruz qalıb. Nəticədə tələbələr Qurban Qobaçov və Roman Hüseynov xəsarət alıblar. 2021-ci ildə Varşavada 6 azərbaycanlı tələbə tanımadıqları şəxslər tərəfindən soyadlarına görə təhqir edilərək soyuq silahlarla hücuma məruz qalıb. Nəticədə tələbələr xəsarət alıblar.
Bu hadisələr Polşada azərbaycanlılara qarşı irqçi münasibətin davamlı olduğunu göstərir. İrqçi hücumlar, təhqirlər və sosial diskriminasiya Polşa cəmiyyətində müəyyən qrupların xarici miqrantlara qarşı qərəzli münasibətinin nəticəsidir. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün həm Polşa hüquq-mühafizə orqanlarının, həm də Azərbaycan diplomatik qurumlarının fəal müdaxiləsi vacibdir.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ