Onlayn ictimai-siyasi qəzet
Üç il üç aydır davam edən müharibədə zənnimcə, Putin üç ciddi zərbə alıb. Birincisi, 2023-cü ilin iyununda Priqojinin hərbi qiyamı idi. İkinci belə hadisə ötən ilin avqustunda Ukraynanın Kursk vilayətinin sərhədyanı ərazilərini qəfil tutmasını hesab etmək olar. Üçüncü hadisə isə ötən həftəsonu Rusiyanın nüvə bombardmançılarının saxlanıldığı hərbi aeroportlara hücum əməliyyatıdır.
Putinin hakimiyyətdə olduğu 2000-ci ildən bəri Rusiyada təbii fəlakətdən tutmuş, terror aktlarına qədər görmədiyi ağır hadisə yoxdur, amma seçdirdiyimiz bu üç fövqəladə üstü hadisə birbaşa Putinə, onun yıprandırılmasına yönəlik əməliyyatlardır. İlk dəfədir idi ki, Putinə Ali Baş Komandan kimi silahlı qiyam qaldırılmışdı, ilk dəfə idi rəhbəri olduğu ölkənin sərhədlərini başqa bir dövlət tanka-topla keçib ərazi tutmuşdu, indi də ilk dəfədir ki, ölkənin nüvə arsenalı bu cür ağır zərbə alır...
Putin adətən, bu cür hadisələrdən dərhal sonra Rusiya Təhlükəsizlik Şurasını toplayırdı, son iki gündə belə bir toplantı keçirildiyi haqda məlumat yayılmayıb. Şübhə yoxdur ki, mediadan qapalı rejimdə bir yox, bir neçə toplantı olub. Burada söhbət həm də bir neçə vacib strukturun buraxdığı bağışlanılmaz səhvdən gedir. Ukraynanın əməliyyatı doğurdan da heyratamizdir, amma bunun Rusiyanın içində planlamaları ölkəyə, “FSB”rəhbəri olmuş Putinin imicinə ikiqat zərbədir.
Ukraynın təkbaşına belə bir əməliyyat hazırladığı inandırıcı ola da bilər. Haqqını vermək lazım, Zelenski aktivinə xal yazdırdı. Rusiya isə fərqindədir ki, Britaniya və NATO kəşfiyyatının dəstəyi olmadan Rusiyanın nüvə bombardımançılarına belə zərbə vurmaq da çətin olardı. Avropa Birliyi, NATO ölkələri Rusiyadan çox qorxurlar və bunu gizlətmirlər. NATO ölkələrinin sərhədləri üçün ən ciddi təhlükə isə rus əsgəri deyil, Rusiyanın məhz nüvə bombardmançılarıdır.
Rusiya hələ diversiyanın şokundaymış kimi görünür. Kremlə və xüsusi xidmət generalitetinə yaxın media Ukraynaya “dəhşətli qisas zərbəsi” vəd edir. Əgər Rusiyanın itkiləri iddia olunduğu kimi miqyaslıdırsa- söhbət nüvə başlığı daşıya bilən 40-dək təyyarənin sıradan çıxarılmasından gedir- Moskva cavab üçün tələsməyəcək. Əgər işin içində Putindən israrla atəşkəs istəyən, amma rədd cavabı alan Tramp Amerikası da varsa, bu situasiyanı bir az da qəlizləşdirir. Bəlkə elə bu Ukraynadan dəstəyini çəkməyən Avropa Birliyinin Trampa qarşı hazırladığı “hücum” idi. Tramp Ağ Evdə məşhur davada Zelenskiyə demişdi ki, “əlində kozırı yoxdur”. İndi Amerikaya mesaj verdilər ki, Zelenskinin kozırı var, həm də strateji obyekti vuracaq qədər effektli...
Kreml həm də ağır psixoloji zərbə almasına rəğmən, İstanbula heyət göndərməklə təəccübləndirdi. Getməmək Rusiyanın hücumdan ağır zərbə aldığını etiraf etmək olardı. Bəlkə də həm də ona görə getdilər ki, aldıqları zərbəyə rəğmən prinsipial tələblərdən geri çəkilməyəcəklərini nümayiş etdirsinlər. Görüş haqda ilkin məlumatlar göstərir ki, ikinci variantdır-yəni Rusiya əvvəlki tələblərdən geri çəkilməyib.
Ukraynanın atəşkəslə bağlı tələbi bəlkə indi daha inamlı səsləndi, bu əməliyyat nümayəndə heyətinə əlavə stimul da verə bilərdi ki, bu da uduzan tərəfin masada özünü rahat hiss etdirməyə səbəb ola bilərdi. Amma İstanbul danışıqlarının ikinci raundu da prinsipial məsələrdə tərəflərin güzəştsiz olduğunu göstərdi.
Moskva və Kiyev yalnız öz şərtləri əsasında sülh bağlamağa razılaşırlar. Mayın 16-da danışıqlar iki saat davam etmişdi, indi isə bir saat. Doğrudur, bu dəfə nümayəndə heyətlərinin rəhbərləri arasında da 2 saatdan bir az artıq görüş olub. Görünür, əsas şərtlər-qarşılıqlı memorandumlar o zaman təqdim edilib. Rusiyanın 31 bəndlik sənədində atəşkəs şərtlərinin iki variantı, o cümlədən Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərindən tam çıxarılması nəzərdə tutulur. Memorandum atəşkəsdən sonra 30 gün ərzində Donbass və Novorossiya daxil olmaqla Ukrayna Silahlı Qüvvələrinin bütün bölmələrinin Rusiya ərazisindən(!) çıxarılmasının başa çatdırılmasını tələb edir. Şərtlərdən biri də beynəlxalq səviyyədə Krımın, Donbassın və Novorossiyanın Rusiyanın bir hissəsi kimi tanınmasıdır.
Sənəd Ukrayna üçün neytral statusu, nüvə silahının yerləşdirilməsinin qadağan edilməsini və Qərbin silah tədarükünün dayandırılmasını nəzərdə tutur. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın sıralarında millətçi birləşmələrin məcburi ləğvi ilə Ukrayna silahlı qüvvələrinin və onların texnikasının sayına kəmiyyət və keyfiyyət məhdudiyyətlərini nəzərdə tutur. Başqa şərtlər, tələblər də var, amma əsas bunlardır.
İstanbulda əsirlərin, meyitlərin dəyişdirilməsi kimi humanitar tipli məsələlərlə bağlı razılıq əhəmiyyətlidir, amma əsas məsələlərdə tərəflərin güzəşti yoxdur. Güzəşt yoxdursa, demək müharibə hələ davam edəcək...
Nazim SABİROĞLU,
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ