Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbədə çıxışı zamanı Azərbaycanla bağlı diqqətçəkən fikirlər səsləndirib. O, Azərbaycanda “demək olar, hər yerdə rus dilində danışıldığını” iddia edərək bunu ölkənin guya Rusiya ilə əlaqələrə “sadiqliyinin göstəricisi” kimi təqdim edib.
“Qeyd edim ki, Azərbaycanda demək olar, hər yerdə rus dilində danışırlar. Bu da ölkənin Rusiya ilə əlaqələrin inkişafına prinsipal səviyyədə sadiq olduğunu göstərir. Azərbaycan demək olar ki, rusdilli ölkədir”, – Putin bildirib.
Bu cümlə sadəcə dil faktı ilə bağlı müşahidə deyil, siyasi mesaj daşıyır. Putinin “rusdilli Azərbaycan” ifadəsi, əslində, Kreml diplomatiyasının klassik ritorikasına uyğun gəlir - “rus dilində danışan ölkələr bizim təsir dairəmizdədir” məntiqi ilə. Bu, Moskvanın postsovet məkanına münasibətdə hələ də köhnə imperiya təfəkküründən qurtulmadığını göstərir.
Reallıq isə tamam fərqlidir. Azərbaycan rusdilli ölkə deyil. Bəli, burada rus bölməli məktəblər fəaliyyət göstərir, rus dili geniş öyrənilir, amma bu, tarixi və mədəni əlaqələrin nəticəsidir, siyasi asılılığın yox. Azərbaycan çoxdilli və çoxmədəniyyətli cəmiyyət kimi formalaşıb, lakin dövlətin əsas dili, ideoloji dayağı və milli kimliyi Azərbaycan dilidir.
Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır və dil faktoru heç bir halda siyasi təsir vasitəsinə çevrilmir. Kreml üçün “rusdilli” anlayışı mədəni termindən daha çox siyasi xəritə anlamı daşıyır. Putin bu anlayışdan istifadə edərək, rus dilinin yayıldığı əraziləri “mənəvi təsir zonası” kimi təqdim etməyə çalışır.
Onun “rusdilli Azərbaycan” fikri, əslində, keçmiş imperiyanın kölgəsindən çıxmaq istəməyən Kremlin komplekslərinin ifadəsidir. Bu, təkcə dil deyil, təsir və idarəetmə anlayışına bağlı bir mesajdır.
Amma XXI əsrin Azərbaycanı bu cür ritorikaya sığmır. Azərbaycan nə “rusdilli ölkə”, nə də Moskvanın “təsir zonası”dır — Azərbaycan beynəlxalq münasibətlərdə öz sözünü deyən, bərabərhüquqlu və suveren dövlətdir.
Rusiya prezidentinin “Azərbaycan rusdilli ölkədir” iddiasına ən yaxşı cavabı Azərbaycan lideri İlham Əliyev hələ ötən il fevralın 14-də keçirilən andiçmə mərasimində çıxışı zamanı verib.
O, nitqində türk dünyası ilə əməkdaşlığın önəmli olduğunu bildirib: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik", -dövlət başçısı bildirib.
Sabir Rüstəmxanlı
Azərbaycan ictimai-siyasi xadimi, Xalq şairi Sabir Rüstəmxanlı Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya prezidentinə ən yaxşı cavabı həm də Azərbaycan Respublikasının konstitusiyası verir: ”Orada yazılır ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Yəni, ölkəmizdə ikinci bir dövlət dili yoxdur.
Azərbaycanda müxtəlif xalqlar yaşayır. Onlar bir-biri ilə öz dillərində danışırlar. Rus dilində danışmaq sovet dövründən qalma bir vərdişdir. Ölkəmizdə 300-dən çox rusdilli məktəblər var. Lakin bütün bunlar o demək deyil ki, Azərbaycan rusdilli ölkədir. Azərbaycan Azərbaycandilli ölkədir, amma başqa xalqların öz dilində danışmaq, onu yaşatmaq hüququ var. Bu, demokratiyanın tələbidir. Lakin bu kimi halları sağa-sola yozmağa ehtiyac yoxdur.
Azərbaycanın gələcəyi prezidentimizin dediyi kimi türk dünyası ilə bağlıdır. Bizim başqa ailəmiz və evimiz yoxdur. Bu, yazılmamış qanundur və gələcəyimizi göstərən bir sözdür”.
S.Rüstəmxanlı bildirib ki, Putinin səsləndirdiyi fikirlər Rusiya cəmiyyətinə bir mesajdır: ”Demək istəyir ki, Azərbaycanda rus dilinə həmişə hörmət olub və Rusiyada anti-Azərbaycan ovqatının qarşısı alınsın”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov mövzu ilə bağlı şərh verib:
”Putin anlayır ki, Azərbaycan Rusiya üçün nə dərəcədə önəmli bir dövlətdir. Bu gün bütün dünyada Ukraynaya hücum etdiyinə görə təcrid olunan Rusiyanın əsas çıxış qapılarından biri də Cənubi Qafqazdır. Bu da məlumdur ki, regionda dominant dövlət Azərbaycandır. Artıq Rusiya da bu reallığı qəbul edir. Rusiya prezidenti Azərbaycanı rusdilli ölkə adlandırmaqla ölkələrin bir-birinə yaxın olduğunu göstərməyə çalışırdı. Lakin bu yolla yaxınlığı vurğulamaq doğru deyil. Azərbaycan prezidenti növbədənkənar parlament seçkilərinin plenar iclasında da vurğuladı ki, bizim yolumuz türk dünyasıdır. Bizim başqa evimiz yoxdur. Bunu açıq şəkildə bəyan etdi və bu, kifayət qədər müzakirə olunan məsələ oldu. Azərbaycan müstəqil dövlətdir. O, hansı yolu seçdiyini çox gözəl bilir. Xalqımız türkəsillidir. Ölkəmizdə kimlərsə rus dilində danışa bilər, lakin bu o demək deyil ki, hamı rus dilində danışır. Azərbaycanda ingilis, türk, istalyan dilində danışanlar da var. Mütləq əksəriyyət türk dilini çox gözəl bilir. Belə olan halda biz niyə rusdilli xalq hesab edilək ki?!
70 il müddətində SSRİ-nin tərkibində olmuşuq. Əhalinin rus dilini bilməsi təbii haldır, amma dövlət dilimiz Azərbaycan dilidir. Dövlətimizin mövqeyi bu barədə bəllidir. Biz ölkəmizdəki xalqların hansı dildə danışmaq istəməsinə seçim verən dövlətik. İnsanların konstitutsional hüquq və azadlıqlarına hörmətlə yanaşırıq. Amma bu o demək deyil ki, xalqımız rusdilli və ya ingilisdillidir. Rusiya Azərbaycanın vacibliyini anlayırsa, gərək yanlışlıqlara yol verməsin”.
Şahanə Rəhimli
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ